Seçkilərin
şəffaf və ədalətli keçirilməsi
üçün bütün
tədbirlər görülür
Ümummilli Lider
1993-cü ildə hakimiyyətə
qayıtdıqdan sonra
dünyada qəbul edilmiş demokratik siyasi sistemə uyğun milli dövlət quruculuğu istiqamətində islahatlar
həyata keçirilməyə
başladı.
Ulu Öndər
Heydər Əliyevin əsasını qoyduğu
bu yenidənqurma işləri sonrakı illərdə də uğurla davam etdirildi. Dərin və çoxşaxəli islahatlar
Cənubi Qafqaz regionunun hərtərəfli
inkişafının qarşısında
böyük əngələ
çevrilmiş Qarabağ
probleminin həll olunmasına gətirib çıxarmaqla yanaşı,
həm də Azərbaycanın dünya
birliyində mövqeyinin
daha da möhkəmlənməsində
mühüm rol oynadı. Fevralın
7-də keçiriləcək növbədənkənar prezident
seçkiləri də
ölkəmizin beynəlxalq
aləmdəki artan nüfuzunu daha da gücləndirəcək.
Bu günə qədər Azərbaycanda
keçirilən seçkilər
bütün ölkəni
əhatə etməmişdi.
1988-ci ilin sonlarından
erməni separatçılarının
Qarabağa başlayan
hücumları sonrakı
zamanlarda torpaqlarımızın
20 faizinin işğal
olunması ilə nəticələndi. Güclü,
qüdrətli Azərbaycan
Ordusu 2020-ci ildə 30
ilə yaxın davam edən işğala son qoydu. Xalqımız Zəfər qazandı. Ona görə də 7 fevral 2024-cü ildə keçiriləcək
növbədənkənar prezident
seçkiləri Zəfər
seçkisi də adlandırılır.
Fevralın 7-də keçiriləcək
növbədənkənar prezident
seçkiləri xalqımız
üçün əlamətdar
hadisə olacaq. Çünki müstəqil
Azərbaycanın tarixində
ilk dəfə olaraq prezident seçkiləri keçiriləcək.
Artıq ölkəmizin
bütün ərazilərində,
o cümlədən işğaldan
azad edilmiş Xankəndidə, Şuşada,
Xocalıda, Laçında,
Kəlbəcərdə, Cəbrayılda,
Zəngilanda, Füzulidə
və digər rayonlarda seçicilər öz iradələrini ifadə edəcəklər.
Bu, Azərbaycan xalqının son illərdə əldə etdiyi ən böyük tarixi nailiyyətdir.
Növbədənkənar prezident seçkiləri mahiyyət etibarilə ərazi bütövlüyümüzün
və suverenliyimizin təsdiqidir və suverenliyimizin təntənəsi
kimi yadda qalacaq.
Bu gün demokratik seçkilərin
keçirilməsi üçün
ölkədə əlverişli
siyasi mühit hökm sürür.
2024-cü il fevralın
7-nə təyin edilmiş
növbədənkənar prezident
seçkilərinin yüksək
səviyyədə, azad,
ədalətli və şəffaf keçirilməsi
üçün Mərkəzi
Seçki Komissiyası
tərəfindən dairə
və məntəqələrdə
zəruri işlər
aparılır. Səsvermə
keçiriləcək bütün
dairə məntəqələri
seçki prosesinin tam şəffaf və demokratik şəraitdə təşkili
üçün əlverişli
avadanlıq və texniki vasitələrlə
təmin olunub. Vətəndaşların seçki
günü rahat səs vermələri üçün hər cür şərait yaradılıb.
Mərkəzi Seçki
Komissiyasının
"Seçki-2024" Müstəqil
Media Mərkəzi də
yaradılıb. Mərkəzin
yaradılmasında başlıca
məqsəd seçkilərdə
aşkarlığın və
şəffaflığın yüksək səviyyədə
təmin edilməsində
mühüm rolu olan yerli və
beynəlxalq media nümayəndələrinə daha geniş imkanlar təmin etməkdir. Mərkəz seçkiləri hərtərəfli,
operativ və obyektiv işıqlandırmaqda,
habelə məlumatları
almaqda və dərhal ictimailəşdirməkdə
onlara yardımçı
olacaq. Media nümayəndələri
müasir informasiya-kommunikasiya
texnologiyaları və
zəruri texniki avadanlıqlarla tam təchiz olunan mərkəzdəki kompüterlər,
telefon və faks aparatlarından, o cümlədən ödənişsiz
internetdən sərbəst
istifadə edə biləcəklər.
Müstəqil Media Mərkəzində
Azərbaycan, ingilis və rus dillərində
müntəzəm olaraq
seçkilərə dair
ən son məlumatlar təqdim ediləcək. Seçki prosesi ilə bağlı müxtəlif
məsələlər barədə
səlahiyyətli şəxslərin
və ekspertlərin rəyləri, habelə açıqlama və bəyanatlar dərhal ictimailəşdiriləcək, foto və videogörüntülər
yayılacaq.
Fevralın 7-nə təyin
olunmuş növbədənkənar
prezident seçkiləri
ilə bağlı işğaldan azad olunmuş ərazilərdə
də təşkil edilmiş məntəqələrdə
"exit-poll" keçiriləcək.
Bu barədə Mərkəzi Seçki Komissiyasının sədrinin
müavini Rövzət
Qasımov məlumat verib. Onun sözlərinə
görə, Vətəndaşların
Əmək Hüquqlarını
Müdafiə Liqası
ABŞ-nin "Oracle Advisory
Group" təşkilatı ilə birgə 40 seçki dairəsi üzrə 500 seçki məntəqəsində "exit-poll"
keçirəcək: "Bu
seçki məntəqələrindən
6-sı işğaldan azad
edilmiş ərazilərdədir.
Bunlar 84 saylı Füzuli Seçki Dairəsinin 75 saylı, 97
saylı, Tərtər-Naftalan-Goranboy
Seçki Dairəsinin
Suqovuşanda yerləşən
58 saylı Seçki Məntəqəsi, 118 saylı
Ağdam şəhər
Seçki Dairəsinin
57 saylı Seçki Məntəqəsi, 122 saylı
Xankəndi Seçki Dairəsinin Xankəndi şəhərində yerləşən
14 saylı seçki məntəqəsi, 124 saylı
Şuşa-Ağdam-Xocalı-Xocavənd Seçki Dairəsinin Şuşada yerləşən
105 saylı Seçki
Məntəqəsi və
125 saylı Zəngilan-Qubadlı
Seçki Dairəsinin
Ağalı kəndində
yerləşən 33 saylı
seçki məntəqəsidir".
Amerikalı ekspert,
Avrasiyada beynəlxalq münasibətlər və
geosiyasət üzrə
tədqiqatçı Piter
Teys seçki ilə bağlı fikrini açıqlayaraq deyib ki, prezident
seçkiləri Azərbaycan
xalqının gələcək
inkişafı və rifahı üçün
mühüm fürsətdir.
Bu seçkiləri Azərbaycanın müasir
tarixində ən mühüm məqam adlandıran ekspert əlavə edib ki, ölkəmizdə seçki ənənəsi
demokratiyanın mütərəqqi
vəziyyətini mükəmməl
şəkildə nümayiş
etdirir. Budəfəki
prezident seçkiləri
ilk dəfə suveren Azərbaycan ərazisinin hər bir guşəsində baş tutacaq. Bu, əslində, Azərbaycanın müasir
tarixində şanlı
səhifədir.
Beləliklə, Azərbaycan
xalqı 2024-cü ilin
7 fevral seçkilərinə
tariximizin ən möhtəşəm Zəfərinin
yaratdığı reallıqlar
fonunda ortaya çıxan siyasi, iqtisadi, hüquqi, ən əsası, qlobal zərurətlər kontekstində gedir. Xalqımız sabaha, davamlı tərəqqiyə,
yüksələn rifaha
etimad mandatı verəcək. Bu dəfə ən layiqli namizədə ərazi bütövlüyü
və suverenliyi tam bərpa edilən bütün Azərbaycan səs verəcək.
Əminik ki, seçicilər 7 fevral növbədənkənar prezident
seçkilərində xalqımızın
inandığı, güvəndiyi
liderə etimad göstərəcəklər. Əlbəttə
ki, bu inam
və etimad Azərbaycanın davamlı
yüksəlişinə, möhtəşəm
quruculuğuna və daha böyük zəfərlərə doğru
addımlamasına hesablanacaq.
Vahid MƏHƏRRƏMOV,
Azərbaycan.-2024.-
28 yanvar, № 18.- S.7.