Bərabər imkanlar, azad seçim

 

 

Qalib xalq möhtəşəm gələcəyə səs verəcək

 

 

 

"Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri mühüm əhəmiyyət kəsb edir. Əsas məqam odur ki, bu seçkilər müstəqil ölkəmizdə, suverenliyi tam bərpa edilmiş Azərbaycanın bütün ərazilərində keçiriləcək".

Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib. O bildirib ki, Mərkəzi Seçki Komissiyasının məlumatına görə, işğaldan azad olunmuş ərazilərdə artıq seçki məntəqələri tam şəkildə fəaliyyətə hazırdır. Azərbaycanın istənilən bölgəsində, eyni zamanda xaricdəki səfirliklərimizdə işləyən, həmin ölkələrdə çalışan vətəndaşların da seçkidə iştirak etməsi üçün bütün lazımi şərait yaradılıb.

Deputat vurğulayıb ki, bu prezident seçkiləri tək Azərbaycan üçün deyil, həmçinin Cənubi Qafqaz, bütün dünya üçün mühüm əhəmiyyət kəsb edir: "Bu gün geosiyasi vəziyyət elədir ki, məhz seçkilərin keçirilməsi bütün daxili xarici siyasətə təsir edə biləcək amil kimi qiymətləndirilir. Başlıca məsələ odur ki, bütün namizədlərə eyni şərait yaradılıb - istər kütləvi informasiya vasitələrində özlərinin təbliğatı, proqramlarının ortaya qoyulması, istərsə seçicilərlə görüşlərinin keçirilməsi. Ən ucqar məntəqələrdə belə bu, mümkündür. Həm namizədləri təmsil edən şəxslərin, həm onların nümayəndələrinin görüşlərinin keçirilməsi üçün tam şərait yaradılıb".

A.Nağıyev qeyd edib ki, fevralın 7-də Azərbaycan xalqı, seçki hüququ olan hər bir vətəndaş öz sözünü deyəcək. Hər kəs gələcək perspektivlər naminə öz səsini verəcək. Dünyada seçib, seçilmək kimi çox mühüm bir məfhum var. Hər bir Azərbaycan vətəndaşı fəxarətlə öz səsini verməli, eyni zamanda öz fikrini bildirməlidir. Bundan başqa, fiziki məhdudiyyətli şəxslərin seçkilərdə iştirakı ilə bağlı da müvafiq addımlar atılıb onlar da öz hüquqlarından rahatlıqla istifadə edə biləcəklər.

Bu gün Avropada, Qərbin digər dövlətlərində Azərbaycana həddən artıq marağın olduğunu vurğulayan deputat bildirib ki, seçkilərdə digər ölkələrdən çoxsaylı müşahidəçilər iştirak edəcəklər. "Seçkilərdə yaxın qonşularımızdan tutmuş, dünyanın hər yerindən olan nümayəndələr beynəlxalq strukturları təmsil edən müşahidəçilər yer alacaqlar. Bu baxımdan da 2024-cü il seçkiləri mühüm əhəmiyyət kəsb edir".

Deputat sonda qeyd edib ki, qalib dövlətin seçkiləri qalib xalqa layiq keçiriləcək.

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2024.- 28 yanvar, № 18.- S.7.