Karbamid,
metanol, polietilen borular...
Azərbaycanın
yeni müəssisələrində
istehsal edilən qeyri-neft məhsullarının
siyahısını uzatmaq
da olar
Azərbaycanda neft
emalının və neft-kimya sənayesinin güclənməsinin əsas
səbəblərindən biri
bu sahədə yeni müəssisələrin
istifadəyə verilməsidir.
Son illər ölkədə bir sıra belə zavod tikilib, eləcə də mövcud komplekslərdə
infrastruktur genişləndirilib.
2013-cü ildə istismara
verilən Metanol zavodu Azərbaycanın qaz-kimya sahəsində fəaliyyət göstərən
ilk istehsalat obyektidir. Bakının Qaradağ rayonunda yerləşən bu zavodun qurulmasında İngiltərənin "ICI" firmasının aşağıtəzyiqli
metanol istehsalı texnologiyası tətbiq edilib. Zavod 2016-cı ilin noyabr ayında
SOCAR-ın (Azərbaycan
Respublikası Dövlət
Neft Şirkəti) törəmə müəssisəsi
olan "SOCAR Methanol"
MMC tərəfindən təhvil
alınıb, 2018-ci ilin
oktyabr ayından isə şirkətin strukturuna daxil edilib.
Ümumi ərazisi
36,5 hektardan ibarət müəssisənin illik istehsal gücü 561 min ton təşkil
edir. İstehsal prosesinə xammal-qaz qarışığının, yüksəktəzyiqli su buxarının hazırlanması,
xammalın su buxarının iştirakı
ilə riforminqi, riforminq qazı əsasında metanolun sintezi və xam metanolun zənginləşdirilməsi
bölmələri daxildir.
Zavodda təmizlik
dərəcəsi 99,99 faiz
olan "A" markalı
texniki metanol istehsal edilir və bu, beynəlxalq
normalara əsasən təmiz metanol məhsulu sayılır. Məhsul beynəlxalq REACH
sertifikatına malikdir
ki, bu da
Avropa bazarlarında onun davamlı və dayanıqlı satış dinamikasını
təmin edir.
Metanolun keyfiyyəti
zavodun AZS ISO/IES-17025:2020 standartının
tələblərinə uyğun
akkreditə olunmuş
Mərkəzi laboratoriyası
və beynəlxalq keyfiyyət təftiş şirkəti tərəfindən
mütəmadi yoxlamadan
keçirilir. Metanol zavodu "ISO 9001:2015 Keyfiyyət
idarəetmə sistemi",
"ISO 14001:2015 Ekologiya idarəetmə
sistemi", "ISO 45001:2018 Sağlamlığın mühafizəsi
və əməyin təhlükəsizliyi idarəetmə
sistemi" və
"ISO 50001:2018 Enerji idarəetmə
sistemi" beynəlxalq
standartları üzrə
sertifikatlaşdırılıb.
İstehsal olunan
metanolun satışı
SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi
tərəfindən həyata
keçirilir. Ümumi
satışın əksəriyyəti
ixraca yönəldilir.
Zavodun yerləşmə
mövqeyi istehsal olunan məhsulun səmərəli şəkildə
xarici bazarlara daşınmasında əhəmiyyətli
rol oynayır. Belə ki, ixraca
göndərilən məhsul
"Azərbaycan Dəmir
Yolları" QSC-nin Qaradağ stansiyasından Gürcüstan Dəmir Yolu İdarəsinin Parto-Tskali stansiyasına, oradan isə Gürcüstanda yerləşən
Kulevi dəniz limanına göndərilir.
Daşınma zavoda məxsus 252 çənli
vaqonlar vasitəsilə
aparılır. Öhdəliklərin
vaxtında və keyfiyyətli şəkildə
yerinə yetirilməsi
üçün müəssisənin
ərazisində hazır
məhsulun saxlanılması
üçün ümumi
tutumu 48 min ton olan iki
rezervuar var.
Daxili bazara satışlar zamanı isə məhsul vaqon-sisternlərlə Qaradağ
stansiyasından Səngəçal
stansiyasına göndərilir,
eyni zamanda alıcılara məxsus xüsusi yük avtomobilləri vasitəsilə
daşınır. Daxili
bazar üzrə məhsulun böyük hissəsi "Azneft" İstehsalat Birliyinə tədarük olunur.
Metanol zavodunda istehsalat prosesinin ekoloji cəhətdən təmiz olması, ətraf mühitə zərərli təsirlərin
azaldılması məsələsi
daim diqqət mərkəzindədir. Zavodda
istismar edilən istehsalat və məişət-sanitar tullantı
sularının təmizlənməsi
qurğuları mütəmadi
olaraq texniki baxışdan keçirilir,
tullantıların çeşidlənməsi
nəzarətdə saxlanılır.
Biznes prosesinin təhlükəsiz idarə
edilməsi, aktivlərin
bütövlüyü, ətraf
mühitin mühafizəsi,
bütün işlərin
və əməliyyatların
keyfiyyətlə yerinə
yetirilməsi zavod qarşısında duran ən başlıca vəzifələrdən biridir.
Son dövrün
nailiyyətlərindən biri
də Yüksək Sıxlıqlı Polietilen
(YSPE) zavodunun istifadəyə
verilməsidir. Müəssisənin
təməli 2015-ci ilin
oktyabr ayında qoyulub, açılş mərasimi isə 2019-cu ilin fevralında keçirilib. Zavod Sumqayıt Kimya Sənayesi Parkının ərazisində yerləşir.
İllik istehsal
gücü 120 min ton təşkil edən YSPE beynəlxalq standartlar səviyyəsində
inşa olunub. Zavodun tikintisində polimer istehsalı sahəsində tanınmış
"INEOS" şirkətinin texnologiyalarından istifadə
edilib. Zavodun ümumi təsərrüfat
və istehsalat infrastrukturu sahəsində
soyuducu qüllə, azot istehsalı və kondensasiya qurğuları, ölçü
cihazları və texniki hava sistemi,
ümumi elektrik altstansiyası, saxlanma çənləri, kimyəvi
qatqılar kamerası,
ümumi İdarəetmə
Otağı (dispetçer
məntəqəsi), laboratoriya,
hazır məhsul anbarı və s. mövcuddur.
Zavodda müxtəlif
çeşidli YSPE istehsal
olunur. Böyük hissəsi ixrac üçün nəzərdə
tutulan bu məhsullara yerli bazarda da kifayət
qədər tələbat
var. YSPE-dən müxtəlif növ plyonka, su və qaz
nəqli üçün
yüksək təzyiqə
davamlı borular, istehlak malları (qab-qacaq, vedrələr, zənbillər və s., meyvə-tərəvəz üçün
plastik qutular və zibil konteynerləri,
butulka, kanistra, çəllək) və kimyəvi maddələr üçün konteynerlərin,
eləcə də metal borular üçün
örtüklərin hazırlanmasında
istifadə edilir.
Azərbaycanın karbamidə
olan tələbatı
isə SOCAR-ın Karbamid zavodu tərəfindən təmin
edilir. Müəssisənin
təməli 2011-ci ildə
qoyulub, açılış
mərasimi 2019-cu ilin əvvəlində baş
tutub. Sumqayıt şəhərində yerləşən
zavodun layihələndirilməsi
və tikintisi ammonyak istehsalı üzrə Danimarkanın
"Haldor Topsoe" və karbamid istehsalı üzrə Niderlandın "Stamicarbon
B.V" şirkətlərinin texnologiyası əsasında
Cənubi Koreyanın
"Samsung Engineering" şirkəti tərəfindən həyata
keçirilib. Finlandiyanın
"Neste Engineering Solutions" şirkəti
layihənin idarə edilməsi üzrə məsləhət və müstəqil təftiş
xidmətləri göstərib.
Tikintinin pik vaxtında zavodun inşasına ümumilikdə
3600 nəfərdən artıq
işçi cəlb olunub və 18 milyon adam-saatdan çox iş həcmi qəzasız şəraitdə yerinə
yetirilib.
Zavod istismara verildiyi vaxt ölkədə qeyri-neft sektorunda həyata keçirilmiş ən böyük layihə olub. Layihənin maliyyələşdirilməsi ilkin
dövrdə dövlət
büdcəsindən ayrılan
maliyyə vəsaiti hesabına həyata keçirilib. Daha sonra Cənubi Koreyanın İxrac-İdxal
Bankından və bir neçə digər bankdan dövlət zəmanəti
əsasında 500 milyon
avro məbləğində
vəsait cəlb edilib. Həmçinin layihə ilə bağlı vergi və rüsumların, habelə digər xərclərin ödənilməsi
məqsədilə SOCAR tərəfindən
təxminən 100 milyon
avro məbləğində
vəsait ayrılıb.
Karbamid zavodu il ərzində 435 milyon kubmetr təbii qaz həcmindən xammal kimi istifadə etməklə 650-660 min ton karbamid məhsulu
istehsal etmək gücünə malikdir. Zavod istismara verilənədək azot gübrələri Azərbaycana
idxal edildiyi halda, hazırda bu müəssisə həm daxili bazarın tələbatını
tam ödəyə bilir, həm də istehsal olunan məhsulun 70 faizdən çox hissəsini ixraca yönəldir. Nəticədə
daha əvvəl idxal üçün sərf edilən valyuta vəsaiti ölkədə qalır,
eyni zamanda qeyri-neft ixrac gəlirləri artır.
Azərbaycanın neft
emalı və neft-kimya müəssisələrinin
yerləşdiyi coğrafi
məkanların sayı
da getdikcə artır. 2018-ci ildə istifadəyə verilən
"Star" SOCAR-ın Azərbaycandan
kənarda inşa etdiyi ilk neft
emalı zavodudur.
"Star" həm də
əsas payı SOCAR-a
məxsus olan Türkiyənin yeganə neft-kimya kompleksi "Petkim"i xammalla təmin edir.
Bütün bunlar
təkcə neft emalı və neft-kimya sahəsinin uğurları deyil, ölkəmizin sənayeləşmə
istiqamətində apardığı
islahatların nəticəsi,
ümumən iqtisadi gücünün, qüdrətinin
göstəricisidir.
Flora SADIQLI,
Azərbaycan.-2024.-
28 yanvar, № 18.- S.8.