Ermənilər Fransada qadın fermeri öldürdülər

 

 

Ölkədə baş verən etiraz aksiyaları getdikcə daha da böyüyür

 

 

 

Fransada  on minlərlə fermer hökumətin siyasətindən narazı olduqları üçün, demək olar ki, bütün ölkədə genişmiqyaslı etirazlarda iştirak edir.

Aksiyalara 41 mindən çox traktor digər texnika cəlb edilib. Bu barədə aqrarilərin aparıcı həmkarlar ittifaqı - Fransa Milli Kənd Təsərrüfatı Həmkarlar İttifaqları Federasiyası (FNSEA) məlumat yayıb. Daha əvvəl FNSEA prezidenti Arno Russo fermerlərin etirazlarının Fransa metropoliyasının Avropa hissəsinin 96 departamentindən 85-nə yayılacağını bildirib.

Öz növbəsində, yerli media hökumətin siyasətindən narazı olan fermerlərin şənbə günü Makron onun xanımı Bricitin ölkənin şimalındakı Le Touquet-Paris-Plage kommunasında yerləşən bağ evi yaxınlığında etiraz aksiyası keçirmək niyyətində olduqlarını bildirib. Fransada fermer etirazçıları Nim kommunasında gömrük idarəsini yandırıblar. Bunu Gard departamentinin prefekti Jerom Bonnet "X" sosial şəbəkəsində bildirib.

Bu, Fransada etiraz edən fermerlər tərəfindən törədilən ilk yanğın deyil. Belə ki, yanvarın 26-da etirazçılar Narbonnada sosial sığorta xidmətinin binasına od vurublar.

Bundan əvvəl nümayişçilər Ajen kommunasının prefekturasının binasına yanan təkərlər atıb peyin səpiblər.

Yanvarın 18-dən Fransada fermerlərin kütləvi etirazları davam edir. Səbəb dizel yanacağının gözlənilən bahalaşması, Ukrayna taxılının ölkəyə idxalı ilə əlaqədar gəlirin azalması və bürokratik prosedurların mürəkkəbliyi olub. Fermerlər etiraz əlaməti olaraq daha çox yolları traktor və kombaynlarla bağlayırlar.

Fransanın yeni baş naziri Qabriel Attal etirazçıların tələblərini qismən təmin etməli olan bir sıra tədbirləri açıqlayıb. Bunlara fermerlər üçün 50 milyon avroluq təcili yardım fondunun yaradılması və kənd təsərrüfatı ilə bağlı qayda və normaların sadələşdirilməsi daxildir.

Bu arada Fransada məskunlaşmış qanunsuz erməni mühacirlər etiraz aksiyasında qadın fermeri maşınla vuraraq öldürüblər. "Le Parisien" qəzeti  xəbər verir ki,  qadın fermer etiraz aksiyasında həlak olub, onun ailəsinin iki üzvü isə qanunsuz erməni mühacirlərin avtomobillə vurulması nəticəsində ağır yaralanıb.

Məlumata görə, maşın bilərəkdən etiraz aksiyası iştirakçılarını yoldan ayıran saman baryeri vurub. Saman blokunun arxasında isə üç nəfərdən ibarət ailə olub. Qadın yerindəcə keçinib, azyaşlı qızı və əri isə ağır xəsarətlə xəstəxanaya yerləşdirilib. Qızın ürəyi dayanıb, lakin həkimlər onun həyatını xilas edə biliblər. Maşında evli cütlük və onun dostu olub. Onların Ermənistan vətəndaşlığı var və ağır çinayət törətdiklərinə baxmayaraq, hakimiyyət ermənilərə ölkəni tərk etməyi əmr etməklə kifayətlənib. Nəşrin yazdığına görə, Ermənistandan qaçan cütlük 2022-ci ilin martından Fransada sığınacaqla bağlı qərar gözləyirmiş.

Göründüyü kimi, ağır cinayət əməli olsa da, ermənilər həbs edilməyiblər. Amma hadisəni törədənlər müsəlman olsaydılar, bütün dünyaya car çəkərək bu olayı mütləq terror hadisəsi kimi qiymətləndirib onlara qarşı təqiblərə başlayacaqdılar.   

 

Rizvan CƏFƏROV,

Azərbaycan.-2024.- 28 yanvar, № 18.- S.4.