Nazirlər
Kabinetində İran nümayəndə
heyəti ilə görüş keçirilib
Aprelin 8-də Azərbaycan
Respublikası Baş nazirinin müavini, Azərbaycan ilə
İran arasında iqtisadi,
ticarət və humanitar sahələrdə
əməkdaşlıq üzrə
Dövlət Komissiyasının
Azərbaycan tərəfindən
həmsədri Şahin
Mustafayev ölkəmizdə
səfərdə olan
İran İslam Respublikasının
yol və şəhərsalma naziri,
Komissiyanın İran tərəfindən
həmsədri Fərzanə
Sadiqlə görüşüb.
Nazirlər Kabinetinin
mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki,
nümayəndə heyətlərinin
iştirakı ilə
geniş tərkibdə
keçirilən görüşdə
Azərbaycan və
İran prezidentləri arasında
təmasların ikitərəfli
gündəliyin müəyyən
edilməsi, həmçinin
dövlətlərarası münasibətlərin müxtəlif
istiqamətlərdə inkişafı
baxımından böyük
önəm kəsb etdiyi vurğulanıb.
Qeyd edilib ki, prezidentlər arasında təmaslar və konstruktiv dialoq son dövrlərdə
Azərbaycan ilə
İran arasında müxtəlif
səviyyələrdə ikitərəfli
səfərlərin intensiv
xarakter daşımasına
təkan verib, bu da əlaqələrin
dinamik inkişafının
təzahürüdür.
İran İslam Respublikasının
Prezidenti Məsud Pezeşkianın Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin dəvəti ilə ölkəmizə baş tutacaq səfərinin əhəmiyyətinə toxunularaq,
bu səfərin tarixən dostluq və mehriban qonşuluqdan qaynaqlanan ikitərəfli münasibətlərin
inkişafında yeni səhifə açacağına
əminlik ifadə olunub.
Azərbaycan-İran əlaqələrinin bu gün müxtəlif sahələrdə müsbət
dinamika nümayiş etdirdiyi diqqətə çatdırılıb. Bununla
yanaşı, bir çox istiqamətlərdə,
xüsusilə də ticarət, investisiya, nəqliyyat, neft-qaz, energetika, kənd təsərrüfatı, humanitar
və digər sahələrdə əməkdaşlığın
daha da genişləndirilməsi
üçün böyük
perspektivlərin olduğu
bildirilib.
İqtisadi-ticari əməkdaşlığın
inkişafından məmnunluq
ifadə olunaraq, qarşılıqlı ticarət
dövriyyəsinin həcminin
ötən il 32 faizdən çox artdığı qeyd edilib. Prezidentlər tərəfindən verilən
tapşırıqlara uyğun
olaraq ticarət əlaqələrinin daha da möhkəmləndirilməsi
istiqamətində mövcud
potensialın maksimum dərəcədə reallaşdırılması
üçün hökumətlər
səviyyəsində birgə
səylərin göstərildiyi
diqqətə çatdırılıb.
İnvestisiya sahəsində
əməkdaşlığın inkişafı vurğulanıb,
Azərbaycanda fəaliyyət
göstərən İran investisiyalı
kommersiya qurumlarının
sənaye, kənd təsərrüfatı, nəqliyyat,
tikinti, ticarət və xidmət sahələrini əhatə
etdiyi qeyd olunub.
Nəqliyyat sahəsi
ikitərəfli əməkdaşlığın
əsas istiqamətlərindən
biri kimi dəyərləndirilib. Bildirilib
ki, 2024-cü ildə Azərbaycan ilə
İran arasında ikitərəfli
yükdaşımaların həcmi 20 faiz, tranzit daşımaları
isə 23 faizdən çox artıb.
Nəqliyyat sahəsində
prezidentlər səviyyəsində
əldə olunmuş
razılaşmaların hər
iki hökumət üçün yol xəritəsi olduğu bildirilərək, bu kontekstdə bir sıra qarşılıqlı
faydalı layihələrin
icra olunmasından, digər əhəmiyyətli
layihələr üzrə
isə səmərəli
işbirliyinin davam etməsindən məmnunluq
ifadə olunub. Vurğulanıb ki, bu layihələr hər iki ölkənin
nəqliyyat əlaqələrinin
genişlənməsi ilə
yanaşı, regionun xüsusilə nəqliyyat
və logistika imkanlarının artmasına
hesablanıb. Bunların
sırasında Şimal-Cənub
nəqliyyat dəhlizinin
təşviqi, o cümlədən
Astara yük terminalının tikintisi üzrə davam edən işlər və Astaraçay çayı üzərində
inşa olunmuş yeni avtomobil və piyada körpüsü xüsusi
qeyd edilib. Həmçinin Şərq-Qərb
dəhlizinin inkişafının,
o cümlədən İran ərazisindən keçməklə
Naxçıvanla ən
qısa əlaqəni
təmin edəcək
Ağbənd-Kəlalə avtomobil
və dəmir yolu bağlantısının
yaradılmasını, Siyahrud-Ordubad
avtomobil körpülərinin
inşasını nəzərdə
tutan Şərqi Zəngəzur–Naxçıvan
nəqliyyat infrastrukturunun
əhəmiyyəti vurğulanıb,
habelə müvafiq sərhəd-gömrük infrastrukturunun
tikintisinin önəmi
diqqətə çatdırılıb.
Eyni zamanda, Ağbənd–Cəbrayıl–Ağdam–Yevlax–Gürcüstan avtomobil marşrutunun, bununla yanaşı, Ağbənd–Laçın–Kəlbəcər–Gəncə–Gürcüstan
marşrutunun da gələcəkdə istifadəyə
verilməsinin regionda yük və sərnişin daşımaları
baxımından yeni imkanlar açacağına
əminlik ifadə olunub. Bu marşrutların
körfəzi Qara dənizlə birləşdirən
ən əlverişli
marşrutlardan birinə
çevriləcəyi vurğulanıb.
Energetika sahəsində
əməkdaşlığın da uğurlu layihələrlə müşayiət
olunduğu və nümunəvi xarakter daşıdığı bildirilib.
Araz çayı üzərindəki “Xudafərin”
və “Qız qalası” hidroqovşaqları,
su elektrik stansiyaları, həmçinin
Ordubad və Marazad su elektrik
stansiyaları ilə bağlı Azərbaycan-İran
əməkdaşlığının önəminə toxunulub.
Vurğulanıb ki, hər iki ölkə
üçün böyük
əhəmiyyət daşıyan
bu infrastruktur layihələri bölgədə
inkişafa və tərəqqiyə xidmət
edir.
Bildirilib ki, elektrik enerjisi sahəsində əməkdaşlıq
istiqamətində qarşılıqlı
fəaliyyət davam etdirilib. Azərbaycan ilə İran arasında
5 nöqtədə ümumi
ötürmə gücü
860 MVt olan elektrik ötürücü
xətlərin qarşılıqlı
bağlantısı mövcuddur,
bu da enerji
təhlükəsizliyinin və
dayanıqlı əməkdaşlığın
təmin olunmasında
mühüm rol oynayır.
Bununla yanaşı,
Şərqi Zəngəzur
iqtisadi rayonunu İran
ərazisindən keçməklə
Naxçıvan Muxtar
Respublikası ilə birləşdirəcək elektrik
verilişi xəttinin
tikintisinin enerji təhlükəsizliyinin təmin
olunmasına xidmət
etməklə bərabər,
ölkələrimiz arasında
elektroenergetika sahəsində
əməkdaşlığın möhkəmlənməsinə də böyük töhfələr verəcəyinə
əminlik ifadə olunub.
Neft-qaz sahəsində
həyata keçirilən
uğurlu layihələrin
önəmi vurğulanaraq,
bu sahədə əməkdaşlıq üçün
yeni imkanların mövcud olduğu məmnunluqla qeyd edilib.
Səfər zamanı
həmsədrlər ikitərəfli
layihələrin bir neçəsinin icra vəziyyəti, həmçinin
bir sıra infrastruktur obyektlərinin fəaliyyəti ilə tanış olacaqlar.
Tərəflər Azərbaycan-İran
əlaqələrinin müxtəlif
sahələrdə genişləndirilməsi
üçün yaxşı
imkanların olduğunu
vurğulayaraq, mövcud
potensialın reallaşdırılması
istiqamətində birgə
səylərin davam etdirilməsi ilə bağlı razılığa
gəliblər.
Görüşün sonunda bu il yanvarın 22-də Tehran şəhərində keçirilən Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 16-cı iclasının nəticələrinə dair imzalanmış Anlaşma Memorandumunun Azərbaycan və fars dillərində olan əsl nüsxələrinin mübadiləsi həyata keçirilib.
Azərbaycan.-2025.- 9 aprel (¹ 68).- S.3.