Zərərçəkən:
"Tibb məntəqəmiz,
sanitar maşınlarımız,
həkimlərimiz artilleriya
zərbələrinə məruz
qalmışdı"
Azərbaycan Respublikasının
Cinayət Məcəlləsinin
sülh və insanlıq əleyhinə cinayətlər, müharibə
cinayətləri, habelə
terrorçuluq, terrorçuluğu
maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə
təqsirləndirilən Ermənistan
vətəndaşı Ruben
Vardanyanın barəsində
cinayət işi üzrə məhkəmə
prosesi aprelin 8-də davam etdirilib.
AZƏRTAC xəbər
verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər
Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal
Ramazanovdan ibarət tərkibdə keçirilən
açıq məhkəmə iclasında (ehtiyat hakim
Günel Səmədova) təqsirləndirilən şəxs
bildiyi dildə, yəni, rus dilində tərcüməçi,
habelə müdafiəsi üçün özünün
seçdiyi vəkillə təmin olunub.
Məhkəmə prosesi
zərərçəkmiş şəxslərin dindirilməsi
ilə davam etdirilib.
Hakim Zeynal Ağayev dindirmədən əvvəl zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş
hüquq və
vəzifələrini izah edib.
Sonra təqsirləndirilən Ruben Vardanyan və onun hüquqlarını
müdafiə edən
vəkili Avraam Berman məhkəməyə müraciət
edərək məhkəmənin
iclas protokolları ilə təkrarən tanış olmaq istədiklərini bildiriblər.
İclasa sədrlik
edən Zeynal Ağayev onlara protokollarla tanış olmaq üçün yenidən şərait yaradılacağını deyib.
İclasda Ermənistan
dövlətinin, onun dövlət qurumlarının
vəzifəli şəxslərinin,
hərbi qüvvələrinin
və qanunsuz silahlı birləşmələrin
bilavasitə rəhbərliyi
və iştirakı,
şifahi-yazılı qaydada
verdiyi tapşırıq,
göstəriş və
təlimatları, maddi,
texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi
qaydada idarəçiliyi
əsasında, eləcə
də ciddi nəzarəti altında Azərbaycan ərazisində
daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana
hərbi təcavüz
etmək məqsədilə
yaradılmış, Ermənistan
dövləti tərəfindən
aparılan təcavüzkar
müharibənin gedişində
çoxsaylı cinayət
faktları törətmiş
cinayətkar birliyə
təqsirləndirilən şəxs
Ruben Vardanyan 2020-ci ilin dekabr
ayında qoşulduqdan
sonra həmin birlik tərəfindən törədilən cinayətlər
nəticəsində zərərçəkmiş
şəxslər dindirilib.
Zərərçəkən Vahid Əliyev
təqsirləndirilən şəxslə
tanışlığının olmadığını, R.Vardanyanı sosial şəbəkələr və
media vasitəsilə tanıdığını
bildirib. O, Ermənistan
ordusunun hərbi təxribatı zamanı açılmış atəş
nəticəsində yaralandığını,
döyüş yoldaşlarının
bir neçəsinin isə şəhid olduğunu və müxtəlif xəsarətlər
aldıqlarını deyib.
Zərərçəkmiş Anar Cəlalov ifadəsində
Ermənistan silahlı
qüvvələrinin hərbi
təxribatı zamanı
atılmış artilleriya
mərmisinin partlaması
nəticəsində xəsarət
aldığını bildirib.
O, hadisə zamanı hərbi hissənin qərargah rəisi olduğunu söyləyib və əlavə edib: “Qarşı tərəfdən top atəşləri
açılırdı. Həmin
vaxt xidmət yoldaşlarımdan xəsarət
alanlar və şəhidlik zirvəsinə
ucalanlar oldu”.
Bundan başqa,
zərərçəkmiş Xocavənd istiqamətində
atəşkəsin tez-tez
pozulduğunu, qarşı
tərəfin bütün
atıcı silahlardan
istifadə etdiyini bildirib.
İfadə verən
zərərçəkmiş Emin Şahbazov dövlət ittihamçısı
Fuad Musayevin suallarını
cavablandıran zaman Ağdamda
yaralandığını bildirib.
Kəllə-beyin travması
almış hərbçi
hospitala aparıldığını,
orada danışa bilmədiyini, istəklərini
həkimlərə yazı
vasitəsilə çatdırdığını
deyib.
O, yaralanması hadisəsini belə danışıb:
“Düşmənin iki
postu var idi. Onlar hərbi təxribat törətmək
istəyərkən biz bunun
qarşısını aldıq.
Sonra onların artilleriya
hücumu başlandı.
Nəticədə yaralandım.
Müxtəlif hospitallarda
müalicə olunmuşam.
Müalicəm indi də davam edir”.
Zərərçəkmiş Hilal Həsənov dövlət
ittihamçısı Vüsal
Abdullayevin suallarını
cavablandıran zaman Ağdərə
istiqamətində düşmənin
hərbi təxribatının
qarşısını alarkən
yaralandığını bildirib
və deyib: “Düşmən hərbi təxribat törədərək
əvvəlcə artilleriya
atəşi açır,
sonra canlı qüvvə ilə hücuma keçməyə
cəhd edirdi, lakin bu təxribatın
qarşısı alındı.
Şəhidlərimiz, yaralılarımız
oldu”.
Zərərçəkmiş Zamiq Həsrətov ifadəsində
düşmən təxribatının
qarşısını alarkən
minaatandan atılan atəş nəticəsində
yaralandığını deyib.
Zərərçəkmiş Elnur Həsənov dövlət
ittihamçısı Təranə
Məmmədovanın suallarını
cavablandıran zaman Ermənistan
tərəfinin açdığı
atəşlər nəticəsində
dəfələrlə yaralandığını
bildirib. O, 3 güllə
yarası aldığını,
bədənində olan
qəlpələrdən 70-nin çıxarıldığını, 30-dan artıq qəlpənin hazırda bədənində
olduğunu bildirib və deyib: “Hazırda xidmətdəyəm,
xidmətimi davam etdirirəm”.
Zərərçəkmiş Fariz Manafov da ifadəsində təqsirləndirilən şəxsi
sosial şəbəkələr
vasitəsilə tanıdığını,
yaralandığını bildirib.
F.Manafov hadisə zamanı qarşı tərəfin
iriçaplı silahlarla
və artilleriya silahları ilə atəş açdığını
vurğulayıb və
deyib: “Xocavənd rayonunun Çartaz kəndi istiqamətində
motoatıcı taqım
komandiri vəzifəsində
xidmət etmişəm.
Düşmən tərəfinin
təxribatları tez-tez
olurdu. İriçaplı
silahlardan, artilleriyadan
istifadə edirdilər”.
O, hərbçi yoldaşlarından
14-nün yaralandığını, 2 əsgərin və 1 nəfər gizirin isə şəhid olduğunu deyib.
İfadə verən
zərərçəkmiş şəxs, Müdafiə
Nazirliyinin “N” saylı
hərbi hissəsində
tibb xidməti rəisi olmuş Aqşin Balakişiyev deyib: “Düşmən təxribatı nəticəsində
arxa məntəqədə
düşmən artilleriyasından
açılan atəş
nəticəsində yaralandım”.
O, çalışdığı səyyar tibb məntəqəsinin döyüş
şəraitindən 5-10 kilometr
arxada olduğunu, məntəqənin tibb məntəqəsi olmasını
göstərən işarənin
(qırmızı aypara
şəkli) mövcudluğuna
baxmayaraq atəşə
tutulduğunu söyləyib:
“Orada bütün həkimlərin və sanitarların qollarında
qırmızı bayraq
olur. Bizim tibb məntəqəmizlə
yanaşı, həm sanitar maşınlarımız,
həm sanitarlarımız,
həm də həkimlərimiz düşmən
təxribatı nəticəsində
artilleriya zərbələrinə
məruz qalmışdı.
Yəni, beynəlxalq konvensiyanın tələbləri
pozulub”.
Zərərçəkmiş Habil Quliyev ifadəsində yaralandığını bildirib.
“Düşmən mütəmadi
olaraq atəş açırdı”, - deyə
o əlavə edib.
Zərərçəkmiş Fərhad
Tağıyev Ağdamda
yaralı hərbi qulluqçuları təxliyə
etmək üçün
sanitar avtomobillə gedərkən nəqliyyat
vasitəsinin vurulduğunu
bildirib və deyib: “Avtomobilin üç tərəfi qızıl aypara şəkli ilə işarələnib. Yəni,
açıq-aydın bilinir
ki, bu, yaralıları
təxliyə edən
maşındır. Maşınımız
raketlə vuruldu. Nəticədə mən və maşında olan digər 4 hərbçi yoldaşım
xəsarət aldı”.
Onunla birlikdə
həmin sanitar nəqliyyatında olmuş
digər zərərçəkmiş
Fərid Zeynalov F.Tağıyevin ifadəsini təsdiqləyib.
O, maşının idarəolunan
raketlə vurulduğunu
söyləyib.
Zərərçəkmiş Hicran Sultanov Ağdamda düşmən təxribatının
qarşısını alarkən
yaralandığını bildirib
və deyib: “Qrup komandiri vəzifəsində olmuşam.
Döyüş yoldaşlarımızı
- yaralılarımızı və şəhidlərimizi
təxliyə edərkən
tibb maşınını
vurmaq istəyirdilər.
Tibb maşınını
vurmaları alınmadı.
Düzgün nişan
ala bilməmişdilər, atıcı
səhv etmişdi. Hər halda tank əleyhinə olan “Faqot”u iki
nəfərə görə
atmazdılar. Əsas mərmi bizdən 10-15 metr aralı düşdü. Bəxtimiz
gətirdi ki, olduğumuz
yer torpaq idi, boşluq idi. O qədər qəlpənin hamısı
üstümüzə gəlmədi”.
Zərərçəkmiş Ruslan Heydərov
Xocavənddə snayper
tüfəngindən açılmış
atəş nəticəsində
sağ çiynindən
yaralandığını bildirib.
Digər zərərçəkənlər
- Nəbi Babayev, Vüqar
Məmmədov, Emil Nəbiyev,
Mahir Zeynalov, Sübhan Əlirzayev, Əfran Kamilov, Təbriz Əhmədov, Cavidan Talıblı, Niyaməddin Əsgərov,
Həsən Qurbanov və başqaları ifadələrində qarşı
tərəfin müxtəlif
silahlardan onların mövqelərinə atəş
açdığını bildirib, özlərinin müxtəlif xəsarətlər
aldıqlarını deyiblər.
Məhkəmə prosesində
zərərçəkmiş şəxslərin barələrində
keçirilmiş məhkəmə-tibbi
ekspertizasının rəyləri
də elan edilib.
Məhkəmənin növbəti
iclası aprelin 15-nə
təyin olunub.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası
CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma,
hazırlama, başlama
və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə),
109 (təqib), 110 (insanları
zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq
hüquq normalarına
zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq),
115.2 (müharibə qanunlarını
və adətlərini
pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11,
116.0.16, 116.0.18 (silahlı münaqişə
zamanı beynəlxalq
humanitar hüquq normalarını pozma),
120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən
adam öldürmə),
29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd),
192.3.1 (qanunsuz sahibkarlıq),
214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1
(terrorçuluğu maliyyələşdirmə),
218.1, 218.2 (cinayətkar birlik
yaratma), 228.3 (qanunsuz olaraq odlu silah,
onun komplekt hissələrini, döyüş
sursatı, partlayıcı
maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə),
270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə
təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti
zorla ələ keçirmə və ya onu zorla
saxlama, dövlətin
konstitusiya quruluşunu
zorla dəyişdirmə),
279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan
silahlı birləşmələri
və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan
Respublikasının dövlət
sərhədini qanunsuz
olaraq keçmə) maddələri ilə ittiham olunur.
Azərbaycan.-2025.-
9 aprel (¹ 68).- S.9.