Ölkəmizin
turizm coğrafiyası
genişlənib
Yaz fəslində
təbiətdə, eləcə
də sosial həyatda xüsusi bir canlanma olur.
Təbiət yaşıl
libasa büründükcə,
havalar istiləndikcə
insanların istirahət
etmək, gəzintidə
olmaq, səyahətə
çıxmaq istəyi
çoxalır.
Bakıda,
mavi Xəzərin sahillərindəki istirahət
guşələri, sanatoriyalar,
çimərliklər, Quba,
Qusar, Qax, Balakən, Zaqatala, Lənkəran, Astara, Lerik, Göygöl, Hacıkənd, Daşkəsən,
Gədəbəy kimi
rayonlar, bu yerlərdə dağlı-dərəli
meşəliklər, buz
bulaqlar, axar çaylar, yüksək standartlar səviyyəsində
yaradılmış istirahət
mərkəzləri turizm
həvəskarlarına xüsusi
zövq verir. Bu sıraya beş
il bundan əvvəl Ermənistan silahlı birləşmələrinin
işğalından azad
edilmiş Qarabağ bölgəsini də əlavə etsək, ölkəmizdə turizmin
coğrafiyasının nə
qədər böyük
olduğu bir daha göz önündə
canlanar. Cıdır düzünü gəzmək,
İsa bulağından
su içmək, Şuşanı görmək,
Şərqi Zəngəzuru
ziyarət etmək yerli turizm həvəskarları
ilə yanaşı, xarici ölkə vətəndaşlarının da maraq dairəsindədir.
Son illər bu əraziləri ziyarət edənlərin sayı artıb. Bu il Novruz
bayramı günlərində
Şuşaya səfər
edənlərin sayı
ötənildəkindən qat-qat çox olub. Ölkənin müxtəlif şəhər
və rayonlarında yaşayan soydaşlarımız
Ağdam, Xocalı, Xankəndi, Şuşa marşrutu üzrə işğaldan azad olunan əraziləri ziyarət ediblər. "Yolumuz Qarabağa" portalından qeydiyyatdan keçərək bu ərazilərdə minlərlə
insan gəzintidə olub. Onlar sözügedən
ərazilərin tarixi,
gəzməli-görməli yerləri ilə maraqlanıblar. Şuşa
şəhərinin qonaqları
buranın müxtəlif
çeşidli milli mətbəxindən olan təamlardan da dadıblar.
Bu bölgənin
şəhər və
kəndlərinə fərdi
avtomobillə gələnlərin
sayında da çoxluq müşahidə
olunub. Məlumata görə, indiyədək
vətəndaşlar yalnız
müəyyən istiqamətlərdə
təşkil edilmiş
avtobus reysləri və qrup şəklində
turist səfərləri
ilə işğaldan
azad edilmiş ərazilərə səfər
edirdilərsə, cari
ilin yanvarından Şuşa şəhərinə
səfər Füzuli
rayonunun Alxanlı keçid məntəqəsindən
daxil olmaqla "Zəfər Yolu" ilə, Suqovuşan qəsəbəsinə isə
Tərtər və Goranboy (Tapqaraqoyunlu kəndi) rayonlarından keçməklə gəzintilərini
davam etdiriblər.
Görünən odur
ki, yaxın illərdə Azərbaycan
turizminin ürəyi bu bölgədə döyünəcək. Bunun
üçün müəyyən
addımlar da atılır. Təhlükəsizliyin
təmin olunması, infrastrukturun yenidən qurulması, habelə turizm sektoru üzrə peşəkar kadr potensialının formalaşdırılması istiqamətində
işlər aparılır.
Bütün tikililər,
"ağıllı kənd"
layihələri, yeni evlərin inşası, qaçqın və məcburi köçkünlərin
doğma yurdlarına qayıdışı gələcəkdə
həmin ərazilərdə
qaynar həyatdan, geniş turizm imkanlarının yaranacağından
xəbər verir.
Şərqi Zəngəzur
və Qarabağ böyük su hövzələri, meşələri,
dağları, mənzərəli
məkanları ilə
zəngindir. Təbii və antropogen resurslarla zəngin olan bu ərazilərdə
müxtəlif turizm fəaliyyətlərinin inkişafı
üçün olduqca
əlverişli şərait
mövcuddur. Əvəzsiz
təbiət mənzərələri,
mineral sular, tarixi-mədəni abidələr,
ləziz mətbəx,
folklor və sairə amillər turistlərin bu yerləri təkrar görmək istəyini birə-beş artırır.
Qarabağ ərazisində
milli parkların yaradılması turizm marşrutlarının artırılmasına,
bu sahəyə maraqlı olan səyahətçilərin sayının
çoxalmasına səbəb
olacaq. Azərbaycan Ekoturizm Assosiasiyasının
fəalları ötən
il bir neçə
dəfə bölgədə olublar,
doğma yurdda ekoturizm üçün müvafiq işlərin aparılmasına start veriblər.
"Azərbaycan Respublikasının
işğaldan azad edilmiş ərazilərinə
Böyük Qayıdışa
dair I Dövlət Proqramı"nın hədəf
göstəricilərində turizm sektorunun inkişafı əsas infrastruktur layihələrindəndir.
Onun əsasında Dövlət Turizm Agentliyində "İşğaldan
azad edilmiş ərazilərdə turizmin
inkişafı ilə
bağlı Fəaliyyət
Planı" təsdiq
edilib. İşğaldan
azad edilmiş ərazilər üzrə
Qarabağ Regional Turizm
İdarəsinin, habelə
Prezidentin sərəncamı
ilə ötən ilin iyun ayında
"Tuğ" Dövlət
Tarix-Memarlıq və
Təbiət Qoruğunun
yaradılması bu sahəyə diqqətin bariz nümunəsidir.
Qarabağın və
Şərqi Zəngəzurun
"yaşıl enerji"
zonası elan edilməsi isə turizmin
inkişafında yeni qapıların açılması
deməkdir. Artıq Şuşa, Xankəndi və Zəngilanda ən müasir hotellərin istifadəyə
verilməsi, əlavə
zəruri turizm infrastrukturlarının yaradılması
istiqamətində işlərin
davam etdirilməsi bu bölgənin ən münbit və əlverişli ekoturizm sənayesi mərkəzinə çevrilməsinə
güclü zəmin yaratmaqdadır.
Azərbaycan Prezidenti
İlham Əliyevin
2025-ci ilin "Konstitusiya
və Suverenlik İli" elan edilməsi haqqında sərəncamında deyildiyi
kimi, "Yalnız
1993-cü ildə xalqın
tələbi ilə yenidən hakimiyyətə
qayıtmış Ümummilli
Lider Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində ölkəmizdə
cərəyan edən
təhlükəli proseslərin
qarşısı alındı,
ictimai-siyasi sabitlik təmin edildi və müasir dövlət quruculuğu üçün etibarlı
zəmin yarandı. Ulu Öndərin bilavasitə rəhbərliyi
ilə hazırlanmış
və 1995-ci il noyabrın 12-də qəbul
olunmuş Azərbaycan
Respublikasının ilk
Konstitusiyası ölkəmizdə
genişmiqyaslı qanunvericilik
və institusional islahatların əsasını
təşkil etdi. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin,
suverenliyinin və ərazi bütövlüyünün
qorunması, hüquqi,
dünyəvi dövlət
quruculuğu, vətəndaşlarımızın
layiqli həyat səviyyəsinin, dünya
ölkələri ilə
dostluq və əmin-amanlıq şəraitində
əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin
həyata keçirilməsi
üçün mühüm
qanunvericilik bazası rolunu oynamışdır".
Deyə bilərik ki, ölkəmizdə rəsmi səfərdə
olan dövlət başçıları, ictimai-siyasi
xadimlər, qonaqlar, eləcə də Azərbaycana gələn turistlər bu hüquqi bazadan yaranan reallıqların, ölkəmizdə yaşayan
azsaylı xalqlar da daxil olmaqla,
dinindən, dilindən
və irqindən asılı olmayaraq bütün insanların qanuni hüquq və azadlıqlarının
şahidi olacaqlar.
İstisna deyil
ki, "Konstitusiya və Suverenlik İli" çərçivəsində
ekoloji tədbirlərin təşviqi
ilə bağlı xarici qonaqlarda əyani təsəvvür
yaratmaq üçün
Qarabağ və Şərqi Zəngəzura
səfərlər təşkil
olunacaq. Azad edilmiş ərazilərə
səfər edən xarici qonaqlar bölgənin ekoturizm zənginliyini gördükdən
sonra davamlı olaraq bu yerlərə
gəlməyə çalışacaqlar.
Rəsmi mənbələrin,
eləcə də kütləvi informasiya vasitələrinin açıqlamalarından
məlum olduğu kimi, pandemiya dövründən başlayan
3-4 illik azalmadan sonra turizm sektorunda
yenidən canlanma müşahidə edilir. Xüsusilə də ərəb ölkələri
və körfəz dövlətlərindən Azərbaycana
gələnlərin sayı
artmaqdadır. Son illərdə Azərbaycana
dünyanın 180 ölkəsindən
turist səfərləri
olub. Körfəz ölkələrindən, Avropa
İttifaqından, habelə
MDB regionundan gələnlərin
sayında ötənilki
dövrlə müqayisədə
artım qeydə alınıb.
Yeri gəlmişkən,
ərəb və körfəz ölkələrindən
gələn turistlərin
tələbatını nəzərə
alaraq turizm obyektlərinə "halal
hotel" sertifikatı
verilib. "Halal hotel" konsepti islam qanunlarına uyğun xidmət göstərən hotellərə
aid olur və ziyarətçilərə
islam dininin tələblərinə uyğun
qida, yaşayış
və digər xidmətləri təmin edir.
Turizmdə diqqətçəkən
digər məqamlardan
biri də ötən ilin eyni dövrü ilə müqayisədə
yanvar-fevral-mart aylarında
uzaq Asiyadan, xüsusilə də Çindən, Hindistandan,
Cənubi Koreyadan, Filippindən Azərbaycana
gələn turistlərin
sayında artım qeydə alınıb. Ekspertlərin fikrincə, bu, yaz fəslinin sonunda, eləcə də yay aylarında turistlərin sayının
dəfələrlə çox
olacağına əminlik
yaradır. Digər tərəfdən
"Konstitusiya və Suverenlik İli" çərçivəsində turizm sektorunda əlavə dalğalanmaların
baş verəcəyi
və turist axınının sayının
3-4 dəfə çoxalacağı
gözlənilir. Sözsüz
ki, "Konstitusiya və Suverenlik İli" ölkəmizin
tanınmasında, eləcə
də onun turizm potensialının dünyaya çatdırılmasında
gözəl imkanlar açır və turizmin inkişafına yeni təkan verəcək. Odur ki, turizm agentlikləri
günün tələblərinə
uyğun olaraq xaricilərin hotellərə
yerləşdirilməsi, istirahətlərinin
təşkili, paytaxtımızla
tanışlıq kimi
məsələləri diqqətdə
saxlamaq üçün öz
infrastrukturlarını və
xidmət fəaliyyətlərini
hazır vəziyyətə
gətiriblər.
"Konstitusiya və
Suverenlik İli" Azərbaycana gələn turistlərin Bakı şəhəri ilə yanaşı, bölgəmizin
də tarixi-mədəni
abidələrini, görməli
məkanlarını ziyarət
etmələrinə stimul
verəcək. Onu da qeyd edək
ki, Azərbaycan hökuməti xarici turistlərin ölkəmizə
problemsiz gəlişi
üçün asan viza rejimi təmin
etmişdir.
Təbii ki, respublikamızda insanların
sağlamlığına hesablanmış
yeni qurulan istirahət məkanları,
dövlət tərəfindən
edilən güzəştlər
turizm sektorunda xərclərin azalmasına
və qiymətlərin
ucuzlaşmasına imkan
yaradacaq.
Rəhman SALMANLI,
Azərbaycan.-2025.-
9 aprel (№ 68).- S.11.