“Xalq yazıçısı Süleyman
Rəhimov - 125” adlı
elektron məlumat bazası istifadəyə verilib
Bu il Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi,
nasir və ictimai xadim, Xalq yazıçısı
Süleyman Rəhimovun
anadan olmasının
125 illiyi tamam olur. Bu münasibətlə
Cəfər Cabbarlı
adına Respublika Gənclər Kitabxanasında
bir sıra silsilə materiallarla yanaşı, “Xalq yazıçısı Süleyman
Rəhimov - 125” adlı
elektron məlumat bazası da hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, Azərbaycan və rus dillərində hazırlanan bazada yazıçının həyat
və fəaliyyətinin
əsas tarixləri, bir sıra görkəmli
şəxslərin onun
haqqında söylədikləri
dəyərli fikirlər,
rəsmi sənədlər,
layiq görüldüyü
orden, mükafat və fəxri adlarla yanaşı, professor Fazil Qaraoğlunun “Tarixdə iz buraxanlar: Süleyman Rəhimov”,
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
XX əsr Azərbaycan
ədəbiyyatı şöbəsinin
elmi işçisi Ədalət Rəsulovanın
“Zamanın hüdudlarını
aşan sənətkar”,
filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Qaragözovanın “Sosrealizm:
Azərbaycan modeli - Süleyman Rəhimov” kimi məqalələrinin
tam mətni təqdim edilir.
Elektron bazada Süleyman Rəhimovun türk, ingilis, rus, bolqar, fransız dilinə tərcümə edilən yaradıcılıq nümunələrinin məcmuələrdə, dövri mətbuatda dərc edilmiş bədii əsərlərinin, ədəbi‐tənqidi, publisistik məqalələrinin, məruzələrinin, yazıçı haqqında qələmə alınan kitabların siyahıları yer alır. Kitabxana əməkdaşları tərəfindən hazırlanan bazada “Süleyman Rəhimov bədii ədəbiyyatda və incəsənətdə”, “Dissertasiya və avtoreferatlar”, “İzonəşrlər”, “Filmoqrafiya”, “Foto və videoqalereya” bölmələri, kitablarının virtual sərgisi də təqdim edilir.
Azərbaycan.-2025.- 9 aprel (¹ 68).- S.11.