“Xocavənd
əməliyyatı” şəhidlərinin
xatirəsi anılıb
“Xocavənd
əməliyyatı”nın
ildönümündə 7 kəşfiyyatçı
hərbçimizin şəhadətə
ucaldığı əraziyə
səfər təşkil
olunub. Şəhidlərin
xatirəsi və hərb tarixinə nümunə olan qəhrəmanlığı bir
daha xatırlanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Müharibə Əmək və Silahlı Qüvvələr
Veteranları Təşkilatının
xətti ilə təşkil edilən səfərdə, şəhid
ailələri, qazi və veteranlar iştirak ediblər.
Yuxarı Güzlək
kəndi ərazisində
"Xocavənd əməliyyatı"
şəhidlərinin xatirəsinə
salınan guşə
ziyarət edilib. Hərbi orkestrin ifasında Dövlət Himni səsləndirilib, Şəhidlərin xatirəsi
sükutla anılıb.
Çıxış edənlər qəhrəman
hərbçilərimizin keçdiyi
şərəfli döyüş
yolundan danışıblar.
Bildirilib ki, 1997-ci il aprelin 7-də Azərbaycan Respublikası
Müdafiə Nazirliyi
Kəşfiyyat İdarəsinin
əmri ilə iki kəşfiyyat qrupu xüsusi tapşırıqla Xocavənd
rayonu ərazisinə göndərilib. Tapşırığın
məqsədi Ermənistan
ordusunun Xocavənd rayonunda dislokasiya yerlərinin müəyyən
edilməsi, düşmənin
canlı qüvvəsi,
malik olduğu döyüş texnikaları
haqda məlumatların
toplanması, hərbi
eşelonlarında istehkam-mühəndis
hazırlığının hansı vəziyyətdə
olduğunun öyrənilməsi
olub. Birinci qrup tapşırığı
yerinə yetirərək
itkisiz qayıdıb. Leytenantlar Elxan Ağayev (qrup komandiri) və Vüqar Yarəhmədov, çavuşlar Anar Rzayev, Dinar Mustafayev,
Aqşin Həsənov,
Nizami Ələkbərov,
Fariz Cavadov və Aqil Əhmədovdan
ibarət olan ikinci qrup Füzuli
rayonu Horadiz istiqamətindən təmas
xəttini keçib və təxminən 40-50 kilometr yol qət
edərək döyüş
tapşırığı yerinə yetiriblər. Lakin əməliyyatın üçüncü günü,
geri qayıdarkən Füzuli rayonunun Yuxarı Güzlək kəndi ərazisində düşmən tərəfindən
aşkarlanıblar. Ermənilər
kəşfiyyat qrupunu
mühasirəyə alıb
və təslim olmalarını tələb
ediblər. Təslim haqqında təklif kəşfiyyatçılarımız tərəfindən rədd
edildikdən sonra ağır döyüş
başlayıb.
Çavuş Aqil
Əhmədov isə ağır yaralanıb və huşsuz vəziyyətdə qalıb,
döyüşçü yoldaşları onun şəhadətə ucaldığını
düşünüblər. Qrupun digər yeddi üzvü döyüşə davam ediblər. Onlar sursatları tükəndiyindən
düşmənin əlinə
keçməmək üçün
özlərini əl qumbarası ilə partladıblar. Huşsuz vəziyyətdə qalan çavuş Aqil Əhmədov ermənilər
tərəfindən aşkarlanıb
onun sağ olduğu bilinib və düşmən tərəfindən əsir
götürülüb. Əməliyyat
zamanı şəhid
olmuş hərbçilərin
nəşlərini erməni
tərəfindən yalnız
altı aydan sonra almaq mümkün
olub. Onlar Bakıdakı İkinci şəhidlər xiyabanında
dəfn olunublar. Onların hər biri Azərbaycan Respublikasının Prezidenti
Heydər Əliyevin müvafiq Fərmanı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif ediliblər. Ermənilər
tərəfindən əsir
götürülən Aqili
isə 1998-ci ilin fevral ayında ermənilər məhkəmə
qarşısına çıxararaq
bir neçə maddə ilə ittiham irəli sürərək ona güllələmə hökmü
təyin ediblər. Dövlətimiz tərəfindən
Aqilin xilas edilməsi üçün
bütün zəruri
tədbirlər həyata
keçirilib. Uzun sürən danışıqlardan
sonra 1999-cu ilin mart ayında Ulu Öndər Heydər Əliyevin köməkliyi ilə Aqili bir erməni
əsir və iki erməni cəsədi ilə dəyişmək mümkün
olub və Aqil Vətənə qayıdıb.
Həmçinin çıxışlar
zamanı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında
rəşadətli Azərbaycan
Ordusunun parlaq qələbəsi sayəsində
torpaqlarımızın azad
edilməsindən danışılıb.
Bildirilib ki, qəhrəman oğullarımız
öz canı-qanı
bahasına tarix yazıblar. Azərbaycanın
ərazi bütövlüyü
və suverenliyi tam bərpa olunub. Artıq azad edilən ərazilərə həyat
qayıdıb keçmiş
məcburi köçkünlər
öz doğma yurdlarına qovuşublar.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsində rəşadətli Azərbaycan Ordusunun parlaq qələbəsi ilə torpaqlarımız işğaldan azad edildikdən sonra "Xocavənd əməliyyatı" şəhidlərinin xatirəsinə onların şəhid olduğu ərazidə bulaq tikilib və simvolik bir guşə yaradılıb.
Azərbaycan.-2025.- 9 aprel (№ 68).- S.12.