Müstəqilliyimiz
əbədidir: El gücünün
qarşısında heç
bir qüvvə dayana bilməz
“Heydər Əliyev.
Müstəqilliyimiz əbədidir”
çoxcildliyinin təkrar
nəşrinin 5-ci kitabı
çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, bu
kitabda yer alan materiallar 1994-cü il oktyabrın 3-dən dekabrın 9-dək olan dövrü əhatə edir. Nəşrə Ulu Öndər Heydər Əliyevin çıxışları, nitqləri,
bəyanatları, müraciətləri,
müsahibələri, məktubları
daxil edilib.
Bu kitabda
1994-cü il oktyabrın
4-də müəyyən qüvvələrin
dövlət çevrilişinə
cəhd etdikləri zaman Ulu Öndərin
Azərbaycan Televiziyası
ilə xalqa müraciəti və bu müraciətdən sonra həmin gün Prezident Aparatının (indiki Prezident Administrasiyası) qarşısında, oktyabrın
5-də isə Azadlıq
meydanında keçirilmiş
ümumxalq mitinqlərində
söylədiyi geniş
nitqlər öz əksini tapıb. Xatırladaq ki, 1994-cü il oktyabrın 4-də Prezident sarayının qarşısındakı mitinqdə
Ümummilli Lider Heydər Əliyev demişdi: “Çox məmnunam ki, mənim çağırışıma
səs verdiniz, şəhərin müxtəlif
yerlərindən buraya
toplaşdınız. Burada
alovlu nitqlər səslənir, insanlar həyəcana gəlib, coşub, Azərbaycanın
hər yerində küçələrə, meydanlara
çıxaraq, öz
mənliyini, milli qürurunu, dövlətçiliyini,
müstəqilliyini qoruyurlar.
Çox sağ olun, minnətdaram.
Atalardan qalmış
müdrik məsəl
var: el gücü
sel gücüdür.
El gücünün qarşısında
heç kəs, heç bir qüvvə dayana bilməz. Mənim də dayağım, güvəndiyim xalqımdır,
sizsiniz, əziz Azərbaycan vətəndaşlarıdır.
Sağ olun”.
Həmin dövrdə
Azərbaycan dövlət
müstəqilliyinin bərpa
edilməsinin üçüncü
ilini yaşayırdı.
Bu münasibətlə
keçirilmiş iclasda
Ulu Öndər Heydər Əliyev milli azadlıq ruhunun xalqın daim qəlbində olduğunu, heç bir qüvvənin bu hərəkatın qarşısını ala
bilmədiyini vurğulayaraq
demişdi: “Azərbaycan
xalqının qəlbində
milli azadlıq ruhu, müstəqillik ruhu daim yaşamışdır.
Azərbaycanın qabaqcıl
adamları, mütəfəkkir
şəxsiyyətləri, ziyalıları, milli şüura malik insanları daim ümidlə yaşamışlar
ki, Azərbaycan öz müstəqilliyini əldə edəcək, milli azadlığa nail olacaqdır.
1980-1990-cı illərdə baş verən proseslər Azərbaycanda milli azadlıq uğrunda mübarizəni
yenidən gücləndirmiş
və o zaman Sovet İttifaqında, bütün dünyada gedən obyektiv tarixi proseslər nəticəsində Azərbaycanın
öz müstəqilliyini
əldə etmək şansı yaranmışdır.
Doğrudur, bu dövr Azərbaycan Respublikası üçün
çox çətin
və ağır dövr olmuşdur. Bir tərəfdən xalqın əksəriyyəti
milli azadlıq, müstəqillik uğrunda
çarpışmış, ikinci tərəfdən isə sovetlər hakimiyyətini, imperiyanı
saxlamaq meylində olan Azərbaycandakı mühafizəkar qüvvələr
yenə də bu hərəkatların qarşısını almağa
çalışmışlar. Ancaq bu maneələr
bir nəticə verməmişdir”.
Görkəmli dövlət
xadimi Heydər Əliyev Türk dünyasının daha sıx birliyi, həmrəyliyi naminə təşəbbüslər irəli
sürür, çağırışlar
edirdi. Ulu Öndər Türk Xalqlarının Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayının
iştirakçılarına 1994-cü il 20 oktyabr tarixli
müraciətində demişdi:
“Özünün yeni
yüksəliş dövrünü
yaşayan çağdaş
Türk dünyası
bəşər sivilizasiyasına
yeni misilsiz nümunələr vermək
iqtidarındadır. Bu
gün öz suverenliyini əldə etmiş bir çox türk cümhuriyyətlərinin bu
sıraya qoşulması
Türk dünyasının
gələcəyinə işıqlı
ümidlər oyadır.
İqtisadi, siyasi və mədəni həyatın sıx telləri ilə birləşməyə başlamış
türk xalqları yeni dünyanın mühüm amillərindən
birinə çevrilməkdədir.
Ümidvaram ki,
türk xalqlarının
növbəti qurultayı
bu ülvi arzuya yeni təkan
verəcəkdir. Bu günlərdə öz müstəqilliyinin 3-cü ildönümünü
qeyd etmiş müstəqil Azərbaycan
Cümhuriyyəti türk
xalqlarının qardaşlıq
ailəsini möhkəmləndirmək
üçün əlindən
gələni edəcəkdir.
Tarixi inkişafın yeni qoluna qədəm
qoymuş türk xalqlarının sarsılmaz
dostluğunun bundan sonra daha da
möhkəmlənəcəyinə heç bir şübhəm yoxdur”.
Azərbaycan xalqının
Ümummilli Lideri, eyni zamanda, qardaş
Türkiyənin respublika,
demokratik cəmiyyət,
hüquqi dövlət
quruculuğu sahələrində
təcrübəsini yüksək
qiymətləndirir, onun
dünyadakı nüfuzunu
xüsusi vurğulayırdı.
1994-cü ildə Türkiyə
Respublikasının istiqlaliyyətinin
71-ci ildönümü münasibətilə
qardaş ölkənin
Azərbaycandakı səfirliyinin
təşkil etdiyi mərasimdə çıxış
edən Ulu Öndər Heydər Əliyev demişdi: “Türkiyə Respublikası
71 il içərisində
həm siyasi cəhətdən, həm
ictimai cəhətdən,
həm də iqtisadi cəhətdən böyük nailiyyətlər
əldə etmişdir.
Türklərin, türk
xalqlarının nəyə
qadir olduğunu dünyaya bir daha sübut edib, nümayiş etdirib. Bunlar hamısı bizi qəlbən sevindirir. Çünki biz 3 ildir ki, müstəqillik
yoluna qədəm qoymuşuq. Müstəqillik
yolu ilə gedərkən Türkiyənin
təcrübəsindən, 71 il ərzində respublika qurmaq, demokratik cəmiyyət yaratmaq, hüquqi dövlət qurmaq yolunda Türkiyənin əldə etdiyi nailiyyətlərdən və
təcrübədən istifadə
edirik və bundan sonra da
istifadə edəcəyik”.
1994-cü il mədəni
mühitdə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin
500 illik yubileyi ilə əlamətdar olub. Ulu Öndər
Heydər Əliyev dahi şairlə bağlı respublikada və xaricdə keçirilən tədbirlərdə
şəxsən iştirak
edir, dərin məzmunlu nitqlər söyləyirdi. Belə tədbirlərdən biri də Türkiyədə Bilkənd Universitetində
təşkil edilmişdi.
Həmin tədbirdə
çıxış edən
Ulu Öndər dahi şairin 500 illiyinin qeyd edilməsini Türk dünyasının bayramı
kimi dəyərləndirərək
demişdi: “Bütün
Türk dünyasını
bu böyük bayram münasibətilə
təbrik edirəm.
Xalqlarımız çoxəsrlik
tarixi ərzində böyük sınaqlardan keçmiş, böyük
çətinliklərlə rastlaşmış, özlərinin
milliliyini, mənəviyyatını,
dilini, dinini yaşatmış, saxlamış
və bugünkü xoşbəxt günlərə
gətirib çıxarmışlar.
Bizim xalqlarımız
dünya mədəniyyətinə
böyük şəxsiyyətlər
bəxş etmiş, dünya sivilizasiyasını
elm, mədəniyyət
sahəsində dəyərli
əsərlərlə zənginləşdirmişlər.
Bu sırada xalqlarımızın böyük
şəxsiyyətləri sırasında
Məhəmməd Füzulinin
xüsusi yeri var. 500 ildir ki, xalqlarımız Məhəmməd Füzulinin
əsərlərindən ilham
alaraq, bunların təsiri altında yaşayıb-yaradır, öz
mənəviyyatlarını, öz mədəniyyətlərini
yaşadırlar. Məhəmməd
Füzuli öz əsərləri, böyük
mədəni-mənəvi irsi
ilə xalqlarımızın
daim bir-biri ilə yanaşı olmasının, birlikdə
olmasının əsasını
qoymuşdur. Onun əsərləri xalqlarımızın
çətinliklərdən keçərək bu günə gəlib çıxmasına daim kömək etmiş, bizim üçün məktəb olmuşdur”.
Xatırladaq ki,
Füzulinin yubileyinin
UNESCO-nun qərarı
ilə beynəlxalq səviyyədə qeyd edilməsi də Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
Oxucu bütün
bu çıxışların
mətnləri ilə
çoxcildliyin 5-ci kitabında
tanış ola bilər.
Bu cilddə, həmçinin Azərbaycanın
dövlət müstəqilliyinin
möhkəmləndirilməsi, ölkənin bazar iqtisadiyyatına keçid
dövründə yaranmış
çətinliklərin dəf
edilməsi, respublikamızın
ərazi bütövlüyünün
bərpası üçün
ölkə rəhbərinin
beynəlxalq aləmdə
apardığı intensiv
danışıqlar, erməni
təcavüzünün ağır
nəticələrinin aradan
qaldırılması, daxili
və xarici siyasətin başlıca istiqamətləri, ictimai-siyasi
həyatın digər
vacib məsələlərinə
dair materiallar verilib.
Kitabın buraxılışına
məsul “Azərnəşr”in
baş redaktoru Əlövsət Ağalarovdur.
Nəşrin hazırlanmasında
AZƏRTAC-ın materiallarından
istifadə olunub.
Azərbaycan.-2025.- 8 aprel (¹ 67).- S.2.