Milli
Məclisdə İranın
parlament nümayəndə
heyəti ilə görüş olub
Aprelin 9-da Milli
Məclisin sədr müavini, Azərbaycan-İran
parlamentlərarası əlaqələr
üzrə işçi
qrupunun rəhbəri Ziyafət Əsgərov ölkəmizdə səfərdə
olan İran İslam Şurası Məclisinin
İran-Azərbaycan dostluq
qrupunun rəhbəri Sodeyf Bədrinin başçılıq etdiyi
nümayəndə heyəti
ilə görüşüb.
Milli Məclisin
Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən AZƏRTAC-a bildirilib ki, Ziyafət Əsgərov Azərbaycan Prezidenti İlham Əliyevin İranın yol və şəhərsalma
naziri, eləcə də İran Prezidentinin siyasi məsələlər
üzrə müşaviri
ilə keçirdiyi görüşləri xatırladaraq,
belə görüşlərin
iki ölkə arasında münasibətlərin
inkişafında mühüm
rol oynadığını
bildirib. Sədr müavini Azərbaycanla
İran arasında iqtisadi
və mədəni sahələrdə əlaqələrin
dinamik şəkildə
inkişaf etdiyini vurğulayıb. O, ticari və logistika sahəsində əməkdaşlığın
genişləndirilməsinin də dövlətlərimizin
maraqlarına uyğun
olduğunu qeyd edib.
Ziyafət Əsgərov,
həmçinin Asiya Parlament Assambleyasının
(APA) 15-ci plenar sessiyası
çərçivəsində İran İslam Şurası Məclisi sədrinin Bakıya səfərini xatırladaraq, bu cür qarşılıqlı
səfərlərin parlamentlərarası
əlaqələrin güclənməsinə
mühüm töhfə
verdiyini diqqətə
çatdırıb.
Öz növbəsində
Sodeyf Bədri Azərbaycanda keçirdiyi
görüşlərin əhəmiyyətindən
danışıb. O, qarşılıqlı
səfərlərin yalnız
diplomatik deyil, həm də parlamentlərarası əlaqələrin
möhkəmlənməsinə müsbət təsir göstərəcəyinə əmin
olduğunu bildirib. Qonaq İran-Azərbaycan münasibətlərinin dostluq
və qarşılıqlı
hörmət prinsipləri
əsasında gələcəkdə
daha da inkişaf
edəcəyinə inandığını
vurğulayıb.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
Azərbaycan.-2025.- 10 aprel (№69).- S.6.