Bütün sahələrdə
dərin böhran yaşayan Ermənistanda ictimai-siyasi vəziyyət
gərgin olaraq qalır. Ölkədə
tərəflər bir-birilərini
təhdid edirlər. Artıq Ermənistanın
müxtəlif şəhərlərində
etirazlar keçirilir.
Siyasi çəkişmələrdən
yorulan əhali isə problemlərinin həllini istəyir. Ölkədə əhalinin
60 faizi işsizdir. Bu ilin ilk
6 ayında işsizliyin
səviyyəsi ötən
ilin müvafiq dövrü ilə müqayisədə orta hesabla 24 faiz artıb.
"4rd.am" saytı yazır ki, hazırda Ermənistanda rəsmi qeydiyyata alınan işsizlərin sayı 74 min nəfərdən çoxdur.
Milli Statistika Xidmətinin ölkədə
yoxsulluğun mənzərəsi
və iş bazarının problemləri
üzrə beşillik
araşdırmalarının nəticələrinə görə,
hər 100 işsizdən
40-ı gəncdir. Ümumi
işsizlər arasında
20-29 yaşlı insanlar
üstünlük təşkil
edirlər. Ermənistanda
yeni iş yerlərinin yaradılması
da mümkün deyil. Çünki ölkə iqtisadiyyatı
tamamilə iflasa uğrayıb. Vəziyyət
o həddə çatıb
ki, hətta mövsümi iş tapmaq çox çətindir.
Bütün bunların
fonunda Ermənistanda keçirilən son bələdiyyə seçkiləri
ölkənin daxili siyasi mənzərəsində
mühüm dəyişikliklərin
baş verdiyini göstərir. Gümrü
və Parkar şəhərlərində hakim
"Vətəndaş müqaviləsi"
partiyasının məğlubiyyəti,
həm də müxalifətin revanşist
təmayüllü qüvvələrinin
önə çıxması
Ermənistanın siyasi
gələcəyi üçün
də riskli tendensiyaların yarandığını
nümayiş etdirir.
Erməni siyasi
analitiklərinin fikrincə,
bu seçkilər
2026-cı ildə keçiriləcək
parlament seçkiləri
üçün "sınaq"
rolu oynayır. Yerli seçkilərdə
uduzan baş nazir Nikol Paşinyanın
komandası artıq parlament çoxluğunu qorumaqda ciddi çətinliklərlə üzləşir.
Ekspertlər bildirirlər
ki, Paşinyanın seçki resursları və ictimai dəstəyi sürətlə
tükənir.
Rəy sorğuları
da bu gedişatı
təsdiqləyir. 2021-ci il
parlament seçkiləri
ərəfəsində "Vətəndaş müqaviləsi"
partiyasının reytinqi
25 faiz təşkil edirdisə, 2025-ci ilin əvvəlinə bu rəqəm cəmi 11 faizə düşüb.
Seçkilərin nəticələri
ilə diqqət çəkən daha bir məqam isə müxalifət daxilində revanşist ideologiyaların yüksəlişidir.
Gümrüdə müxalifətdən
ən çox səs toplamış Kommunist partiyasının nümayəndəsi Vardan
Qukasyan "dənizdən-dənizə
böyük Ermənistan"
ideologiyasının açıq
tərəfdarıdır. Bu
isə regionda sabitlik və dayanıqlı sülhə
əsaslı təhdid
kimi qiymətləndirilir.
Üstəlik, Gümrü
və Parkarda seçkilərdə qalib
gəlmiş blokların
əksəriyyəti keçmiş
prezidentlər Robert Koçaryan
və Serj Sarkisyana bağlı olan qüvvələrdir. Belə qüvvələrin
parlamentdə təmsil
olunması isə Ermənistanın sülh kursundan uzaqlaşması ilə nəticələnə
bilər.
Bütün bunların
fonunda sosial-iqtisadi sahədə gərginlik getdikcə daha da dərinləşir. Ölkədə çörək
istehsalı 60 faizə
qədər azalıb.
Orta aylıq əməkhaqqı olduqca aşağı səviyyədədir.
Paşinyan iqtidarının
milli valyutanın - dramın məzənnəsini
saxlamaq üçün
göstərdiyi cəhdlər
heç bir nəticə vermir. Çünki normal iqtisadiyyatı olmayan ölkədə inflyasiyanın
həcmi gün keçdikcə bir qədər də artır. Hətta milli valyutanın məzənnəsini saxlamaq
məqsədilə Ermənistan
Mərkəzi Bankının
indiyədək ayırdığı
vəsaitlərin belə
problemin yoluna qoyulmasında heç bir təsiri olmayıb. Ölkənin xarici borcu artıq
ümumi daxili məhsulun 60-70 faizini üstələyir.
Sosial-iqtisadi sahədə
dərin böhran yaşayan Ermənistanda yoxsulluq həddi gündən-günə yüksəlir.
Əhalinin işsizlikdən
sonra üzləşdiyi
ən böyük problem mənzil şəraiti ilə bağlıdır. Ekspertlər
bunu inşaat sektorunda illərdir hökm sürən durğunluqla əlaqələndirirlər.
Bildirilir ki, Ermənistanda əksər
ailələr uşaqlarını
ağır şəraitdə
böyüdürlər. Ailə
üzvlərinin çoxu
işsizdir. Onların
ümidi yalnız aldıqları cüzi pensiyayadır. Belə ağır şəraitdə
yaşayan uşaqlar sağlam olmurlar. Uşaqlar normal geyimlər ala bilmədikləri üçün
məktəbdən də
uzaqlaşırlar. Ailələrin
aylıq gəliri 40 min dramı keçmir. Bu məbləğ hətta bir nəfərin yaşaması üçün
belə kifayət deyil. Əhalinin 43 faizi ya evsizdir,
ya da şəraitsiz
mənzillərdə yaşayır.
Hökumət isə bu problemlərin həllində acizdir. Ermənistanda tikinti sektorunda illərdir durğunluq hökm sürür. Ölkədə
sement istehsalı da dayandırılıb.
Bunlar bir daha Ermənistanda bütün sahələrdə
vəziyyətin qeyri-qənaətbəxş
olduğunun, ölkə
hakimiyyətinin hər
keçən gün daha çıxılmaz vəziyyətə düşdüyünün
göstəricisidir. Hadisələrin
bu səpkidə inkişafı yaxın gələcəkdə Ermənistanda
hakimiyyət böhranının
yaşanacağından xəbər
verir.
Elçin CƏFƏROV,
Azərbaycan.-2025.-
10 aprel (№69).- S.7.