Ermənistanın
xilası sülh müqaviləsidir
İki ölkə
arasında sülh razılaşmaları ilə
bağlı danışıqların
aparılmasına baxmayaraq,
sərhədlərdə yenə
silah səsləri eşidilməkdədir. Ermənistan
hər zamankı kimi dildə sülhdən danışıb
əməldə silahları
işə salır. Bunu heç də təsadüfi hadisə hesab etmək olmaz. Aydın məsələdir
ki, iki ölkə
arasında sülh müqaviləsinin imzalanmasına
mane olmaq istəyən qüvvələr
var. Ermənistanda hakimiyyət uğrunda mübarizə aparan revanşistlər də, onlara xaricdən havadarlıq edən dövlətlər də hər vasitə ilə sülh müqaviləsinin imzalanmasına
mane olmağa çalışırlar.
Sülh müqaviləsinin
əsas istiqamətləri
sərhədlərdə üçüncü
dövlətlərin qüvvələrinin
olmaması, Ermənistan
konstitusiyasının dəyişdirilməsi
və ATƏT-in Minsk qrupunun ləğv edilməsi məsələləridir. Eyni
zamanda sülh müqaviləsi imzalandıqdan
sonra beynəlxalq səviyyədə bir-birinə
qarşı imtiyaz məsələlərinin qaldırılmaması
da gündəmdədir.
Əgər Ermənistan
özündə cəsarət
tapıb regionda marağı olan Qərb dövlətlərinin,
xüsusilə Fransanın
asılılığından xilas olub sülh
müqaviləsinin imzalanması
üçün qəti
addım atarsa, bu öz qlobal
maraqları naminə regionda sülhə mane olan qüvvələrin
Cənubi Qafqaz planlarını pozmuş olar. Elə bu səbəbdən də Avropa İttifaqının müşahidə
missiyası adı ilə Ermənistana yerləşdirdiyi kəşfiyyatçılar
çalışırlar ki,
revanşistlərin maraqlarını
Ermənistan silahlı
qüvvələrində təmsil
edən qüvvələr
vasitəsilə şərti
sərhədlərdə təxribatlar
törədib atəşkəsi
pozsunlar. Binokl siyasəti ilə məşğul olan
Aİ "müşahidəçi"ləri
dəqiq bilirlər ki, bölmələrimizin
mövqelərinin atəşə
tutulmasına silahlı
qüvvələrimiz biganə
qalmayıb adekvat cavab verəcəklər. Ermənistanın təxribat
törətməkdə də
yeganə məqsədi
Azərbaycanın sülh
istəməməsi barədə
dünyaya feyk xəbərlər yaymaq, iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına
əngəl olmaq məqsədilə Azərbaycana
təzyiqlər göstərilməsidir.
Bu bir faktdır
ki, indi İrəvanda Rusiyaya meyilli qüvvələr də, Cənubi Qafqazda geosiyasi marağı olan Qərb dövlətləri
də bütün qüvvələrini səfərbər
edərək hər vasitə ilə iki ölkə arasında sülh sazişini imzalamağa mane olmağa çalışırlar. Nəzərə
alsaq ki, Cənubi Qafqazda bəlkə də, ilk dəfə davamlı sülhə nail olmaq məqsədilə
real addımların atılması üçün
fürsət yaranıb.
Belə bir durumda vaxtilə münaqişəni həll
etmək üçün
vasitəçilərdən biri olan Fransa
nə edir? Ermənistanı açıq
şəkildə silahlandırmaqdan
çəkinmir. Sülh
prosesinə zərbə
vurmaq, yeni münaqişələr yaratmaq,
bu regionda çirkin niyyətlərini
gerçəkləşdirmək üçün bütün
vasitələrə əl
atır. Qərbin hazırda sülhə deyil, müharibəyə,
insan fəlakətlərinə
xidmət edən siyasət yürütdüyü
göz qabağındadır.
Dünyada baş verən qanlı münaqişələrin daha
da alovlanmasında, böyüməsində Qərbin
"xidmət"lərini heç cür inkar etmək mümkün deyil.
Dağılıb viran
olmuş, dövlətçiliyi
tamamilə məhv olmaq təhlükəsi ilə üzləşən
Ukrayna "nümunəsi"
göz önündədir.
Bu bir faktdır
ki, Ukrayna kimi böyük potensialı olan bir ölkə Avropa və Amerika oyunlarının qurbanı olub, şəhərləri viran
qalıb. Ukraynanın
40 milyondan çox vətəndaşından bu
gün cəmi 20 milyonu Ukraynada yaşayır. Qalanları
isə ya artıq həyatda yoxdur, ya da
ki, Avropada miqrant kimi yaşamaq
üçün mübarizə
aparırlar. Ukraynaya təhlükəsizlik vədi
verənlər, Ukraynanı
NATO-ya üz qəbul edəcəkləri
ilə şirnikləndirənlər
vədlərini unudublar.
Sanki baş verənlər Ukraynanın
sərvətlərini bölmək
üçün hazırlanmış
bir ssenariymiş. Ukraynadan təbii sərvətlər, qaz, neft, limanlar və strateji infrastruktur üzərində
özlərinin nəzarətlərini
tələb edirlər.
Ukraynaya səfəri zamanı Avropa Sənaye Strategiyası komissarı Stefan Sejurne kritik əhəmiyyətli xammal
üzrə yeni partnyorluq layihəsini açıqlayıb. Aİ, Ukraynanın
təbii sərvətləri
üzərində ABŞ-nin
eksklüziv nəzarət
hüququna malik olmasının qarşısını
almağa çalışır
və bildirir ki, Avropaya lazım
olan 30 əsas strateji elementdən 21-i məhz Ukraynadan tədarük oluna bilər. Avropa İttifaqı Kiyevə mühüm strateji materiallarla bağlı
"qarşılıqlı fayda" prinsipi üzərində qurulmuş
müqaviləsini təqdim
edir.
Bu gün Ermənistan hakimiyyəti Qərbin Ukrayna "sevgisindən" dərs götürməli, sürüşkən
xarici siyasətdən
əl çəkib bu ölkəni silahlı münaqişəyə
yenidən təhrik edən güclərin təsirindən xilas olub ortalığa qəti iradə qoymalıdır. Ermənistanın
baş naziri Nikol Paşinyan və digər rəsmilər sülhə
sadiq olduqlarını
sözdə yox, əməldə təsdiqləmək
üçün konkret
işə keçməlidirlər.
Ermənistan rəsmiləri
anlamalıdırlar ki,
Aİ-nin Ermənistanı
maliyyələşdirməsi, Fransanın bu ölkəni sürətlə
silahlandırması yaxşı
heç nə vəd etmir. Bu, əksinə olaraq, bölgədə vəziyyətin daha da gərginləşməsinə,
Ermənistan daxilindəki
revanşistlərin ayağa
qalxmalarına şərait
yaradır.
Azərbaycan ərazi
bütövlüyünü təmin edib. Ölkəmiz beynəlxalq
və regional aktorlarla uğurlu, davamlı münasibət qurub. Odur ki,
indi sülh müqaviləsi Azərbaycandan
daha çox Ermənistana lazımdır.
Ona görə də Ermənistan vaxt itirmədən ciddi addımlar atmalıdır. Çünki
hər ötən gün Paşinyan hakimiyyəti daha ağır durumla üzləşir. Sülhün
təmin olunması Ermənistan üçün
əslində çıxış
yoludur. Məhz sülh sayəsində rəsmi İrəvan kənar oyunçuların
təzyiqlərindən qurtulacaq
və yeni təhlükəsiz əməkdaşlıq
çətirinə daxil
olacaq.
Elşən QƏNİYEV,
Azərbaycan.-2025.-
10 aprel (№69).- S.7.