Ermənistanın silahlı təxribatları
Paşinyanın qeyri-səmimiliyinin növbəti təzahürüdür
Ermənistan silahlı qüvvələrinin Azərbaycanla şərti sərhəddə törətdiyi silahlı təxribatlar Nikol Paşinyan hökumətinin sülh prosesində nə qədər qeyri-səmimi olduğunun göstəricisidir. Silahlı insidentlərin tərəflərin yekun sülh müqaviləsinə dair danışıqları bitirmələrindən dərhal sonra intensivləşməsi rəsmi İrəvanın olduqca təhlükəli oyun oynadığını göstərir: bir tərəfdən "dayanıqlı sülh" barədə gözəl, bəlağətli bəyanatlar səsləndirilir və Ermənistanın müharibə "əleyhdar"ı olması görüntüsü yaradılır, digər tərəfdən isə sərhəddə Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulur və paralel olaraq bir sıra ermənipərəst dövlətlərin parlamentlərində qərəzli sənədlərin qəbulu prosesi baş verir. Erməni deputatlar Avropanın parlamentar strukturlarında ənənəvi yalan dolu çıxışlar edib özlərini sülhpərvər obrazında təqdim etməyə çalışırlar.
İrəvanın düşdüyü siyasi dalan
Azərbaycanla Ermənistan arasında uzunmüddətli və sabit sülhün əldə edilməsi rəsmi Bakının İkinci Qarabağ müharibəsində əldə etdiyi parlaq hərbi Zəfərə rəğmən İrəvana doğru etdiyi xoşməramlı gedişdir. Hazırda gündəmdə olan yekun sülh və onun sənəd formasında təsdiqinin əsasını təşkil edən danışıqlar Azərbaycan tərəfinin siyasi iradəsi və regionda nəhayət ki, sabitliyin bərqərar olması üçün atdığı cəsarətli addımdır. Qalib tərəf məğluba doğru sülh əlini uzadıb və belə bir hal dünya hərb tarixində barmaqla sayılacaq qədərdir. Azərbaycan tərəfi bu iradəsini dəfələrlə bəyan edib və Cənubi Qafqazın iqtisadi çiçəklənməsinə səbəb ola biləcək sülh prosesinin əsas təşəbbüskarının da məhz dövlətimizin olduğunu qeyd edib. Prezident İlham Əliyev xarici siyasi təmaslarında bu amili xüsusilə vurğulayır və dünyaya nümayiş etdirir ki, müharibə qalibi də bizik, sülh tərəfdarı da. Dövlətimizin başçısı bu məzmunlu bəyanatla yaxın günlərdə Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə Bakıda keçirdiyi görüşü zamanı da çıxış edib: "Azərbaycan 30 il ərzində erməni işğalından əziyyət çəkmişdir. Bizim xalqımız etnik təmizləməyə məruz qalmışdır. Bir milyon azərbaycanlı erməni aqressiyasına görə evsiz-eşiksiz qalmışdır və torpaqlarımızın təxminən 20 faizi işğal altına düşmüşdür. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı ciddi addım atmamışlar. Azərbaycan bu münaqişəni və beynəlxalq hüququ özü döyüş meydanında və siyasi müstəvidə həll etmişdir. Məhz bu tarixi Zəfərimiz sülh danışıqlarına yol açmışdır".
Ermənistanın şərti sərhəddə silaha müraciət etməsinin müxtəlif səbəbləri var. Təbii ki, niyyəti atəşin pozulmasını Azərbaycanın üzərinə yıxıb özünə beynəlxalq siyasi müstəvidə xal qazandırmaq cəhdidir. Ermənistan tərəfinin atəşin guya Azərbaycan tərəfindən açılmasını təsdiq edən "arqument"ləri hərbi ekspertlər tərəfindən qısa müddətdə ifşa olunur, erməni mediası və sosial şəbəkələrində yayılan foto və videogörüntülərin saxta və ssenariləşmiş olduğunu anlamaq o qədər də çətin deyil. Ancaq problem bundadır ki, dünya mediasında və İrəvana dəstək verən bəzi dövlətlərdə və beynəlxalq təşkilatlarda bu iddiaların yalan olduğunu nə araşdırır, nə də şübhə altına alırlar.
Hadisələrin analizi onu göstərir ki, rəsmi İrəvan bu yolla özünü sülh tərəfdarı qismində təqdim edir, digər tərəfdən, "Azərbaycanın hərbi aqressiyasına məruz qaldığını" nümayiş etdirir. Martın ortalarında həm Azərbaycan, həm də Ermənistan XİN-lərinin 17 bənddən ibarət sülh müqaviləsinin mətni üzərində işin yekunlaşması barədə bəyanat səsləndirdiklərindən sonra intensivləşən bu kimi hallar İrəvanın öncədən düşünülmüş plan əsasında hərəkət etdiyini göstərir. XİN-lərin bəyanatının ardınca Paşinyanın dünya liderlərinə telefonla zəng edib onları bu barədə məlumatlandırması sərhəddəki təxribatlara startın verilməsi üçün işarədir. Dünya dövlətləri bir-birilərinin ardınca tərəfləri təbrik edən rəsmi bəyanatlarla çıxış etdikləri zaman şərti sərhəddə atəş səsləri eşidilməyə başlayır. Paşinyan silahlı qüvvələrə Azərbaycan tərəfindən ediləcək hər hansı cəhdə "cavab addımı"n atılmaması tapşırığını verdiyini deyir, ölkənin müdafiə naziri isə insidentlərlə bağlı parlamentdəki dinləmələrdə qeyri-ciddi, gülməli və əslində elə rəsmi İrəvanı ifşa edən izahla çıxış edir: "Bəli, atəş açılır, ancaq biz tərəfə deyil". Ermənistanın müdafiə nazirinin bu bəyanatla nə demək istədiyi hələ uzun müddət müəmma olaraq qalacaq, ancaq fakt odur ki, irəvandakılar özləri öz təxribatları ilə siyasi dalana dirəndiklərini göstərirlər. Əgər atəş açılırsa və Ermənistan tərəfə açılmırsa, belə çıxmırmı ki, Azərbaycan tərəfə açılır? Bu halda silaha kim əl atmış olur? Təmas xəttində silaha malik üçüncü tərəfmi var?
Azərbaycanın tələbləri yerinə yetirilməlidir
Paşinyan özünü sülh carçısı kimi təqdim etməkdə və sərhəddə hərbi təxribatlara əl atmaqda ciddi məqsəd güdür: Azərbaycanı tələsik və natamam sülhə məcbur etmək. Şübhə yoxdur ki, bu gün Ermənistanın bu cılız ambisiyasını həyata keçirməyə nə siyasi resursları var, nə də hərbi qüdrəti. Ancaq bu, hər halda İrəvandakı hakimiyyətin düşüncə tərzidir və təəssüf ki, bir çox hallarda dünyanın, ələlxüsus da Qərbi Avropanın bəzi dövlət və təşkilatlarında dəstək qazanır.
Paşinyan bununla çalışır ki, Azərbaycan dayanıqlı sülh naminə irəli sürdüyü haqlı tələblərindən imtina etsin. Söhbət Ermənistan konstitusiyasında edilməli olan dəyişikliklərdən və Minsk qrupunun buraxılmasından gedir. İrəvanın bu addımları atmaması şəraitində sülh prosesi barədə danışmaq nəinki əbəsdir, həm də məntiqi deyil. Bir dövlət döyüş meydanında məğlub olub qarşısında kapitulyasiya aktı imzaladığı digər dövlətin ərazilərinə konstitusion səviyyədə iddialara malikdir və bundan imtina etmək istəmir. Eyni zamanda da özünü haqlı və təcavüzə məruz qalmış kimi göstərməyə çalışır. Absurd deyilmi? Əgər İrəvan sülh istəyirsə, Azərbaycana qarşı ərazi iddiasında deyilsə, 30 illik işğaldan azad edilmiş torpaqların bizə məxsus olduğunu qəbul edirsə, hansı səbəbdən əsas qanununda iddiaların qalmasını istəyir? Yaxud illərlə fəaliyyətsiz olan, sülh və işğalçının cəzalandırılması naminə heç bir əməli addımla yadda qalmayan, 44 günlük müharibədən sonra isə faktiki olaraq önəmini itirmiş Minsk qrupu niyə buraxılmamalıdır? ATƏT-in bu yarıtmaz qrupunun hələ də sənəd üzərində mövcudluğunu saxlaması Ermənistanın sülh təşəbbüslərində qeyri-səmimi olduğunu göstərmirmi?
Ermənistan əbəs yerə iki dövlət arasında çözülməli olan problemin uzadılması, yaxud öz xeyrinə həlli üçün bölgəyə üçüncü tərəfləri cəlb etmək kursunu tutub. Bu cəhdlər nə danışıqlar masasında, nə də faktiki olaraq yerdə - silahlı qüvvələrin təmas xəttində İrəvana heç bir xeyir qazandırmır. Ancaq vaxtı uzadır və regional təhlükəsizliyə zərbə vurur. Nə qədər ki, yekun sülh yoxdur, deməli, sabitlik də yoxdur. Bu isə bölgənin bərpası, kommunikasiyaların açılışı, dünya əhəmiyyətli qlobal layihələrin reallığa çevrilməsi önündə ciddi maneədir. Bu gün dünyadakı qeyri-sabit reallıq fonunda Cənubi Qafqaz bir sabitlik adası ola bilər. Çünki neçə-neçə transmilli layihələrin məhz bizim bölgədən keçmə potensialı var. Götürək elə Orta dəhlizi. Bu qlobal və nəhəng logistika layihəsi Ermənistan büdcəsinə milyardlarla dollar vəsait qazandıra bilər. Azərbaycan onsuz da Orta dəhlizin aparıcı bəndidir. Qonşu və dost Gürcüstanla malik olduğumuz və illərin sınağından çıxmış nəqliyyat infrastrukturu bu funksiyanı yerinə yetirir. Ermənistanın da ona qoşulması, bunun üçün Zəngəzur dəhlizinin açılmasına qarşı çıxmaması bölgənin iqtisadi inkişafına ciddi təsir göstərə bilər. Paşinyanın nümayiş etdirdiyi siyasi xətt göstərir ki, onun nə Koçaryandan, nə də Sarkisyandan xüsusi, köklü bir fərqi var: bunların hamısının niyyəti Azərbaycan torpaqlarına olan iddialarını həyata keçirməkdir, sadəcə siyasi tərzləri fərqlidir.
Minsk qrupu, Fransa və
"müşahidə missiyası"
Paşinyanın kənar faktorlar və üçüncü tərəflər hesabına sülh prosesini ləngitməsi, bununla da xəyali güclənmə, hərbi potensialını bərpaetmə yolu ilə Azərbaycana qarşı iddialarını bir daha elan edib revanş götürmək niyyəti olduqca bəsitdir. Onun bu planını çözmək elə də mürəkkəb iş deyil. Ancaq fakt faktlığında qalır: Ermənistanın siyasi hakimiyyəti ilə ona müxalif olan, revanşizm hissi ilə yaşayan müxalifətin problemə baxışı üst-üstə düşür. Sadəcə olaraq bu planın həyata keçirilməsi üçün xarici dəstək ünvanları fərqlidir. Əvvəlki dövlət başçılarından fərqli olaraq Paşinyan Qərbdəki bəzi tərəfdaşlarına güvənir. Məsələn, Fransa əvvəl örtülü, sonra isə aşkar şəkildə Ermənistanı silahlandırmaqla həm regionda qalıcı status əldə etmək istəyir, həm də faktiki olaraq sülh prosesinə maneə yaradır. Əgər İrəvanın gündəmində sülh varsa, bəs onda Fransa istehsalı olan öldürücü silahın əldə edilməsində məqsədi nədir?
Ermənistan Minsk qrupunun buraxılmamasına getməklə döyüş meydanındakı məğlubiyyətindən və üzərinə götürdüyü məsuliyyətdən qaçmağa cəhd edir. Aydın məsələdir ki, Minsk qrupu uzun illər boyu Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə əngəl törədən və Ermənistanın işğalını leqallaşdırmağa çalışan bir siyasi alət idi. Onun mövcudluğunun hələ də qalması və İrəvanın da bununla razılaşması Paşinyanın faktiki olaraq hazırkı reallığı qəbul etməməsi anlamına gəlir. Yoxsa ölü, fəaliyyətsiz təşkilata zorla süni nəfəs verməyin başqa hansı səbəbi var?
Paşinyan hakimiyyətinin sülh prosesini uzadıb revanşa hazırlaşmaq yolunda istifadə etdiyi daha bir amil Avropa İttifaqının Ermənistana yerləşdirilmiş "sülh missiyası"dır. Bu siyasi təxribatın əvvəlcədən Azərbaycana qarşı yönəldiyi və gerçək missiyasının müşahidə deyil, gələcəkdə burada bir hərbi istehkama, bazaya çevrilməsi olduğu sirr deyil. Azərbaycanın haqlı tələblərindən biri də budur ki, Ermənistanla gələcək sərhəddə heç bir üçüncü tərəf olmamalıdır. Paşinyanın bundan imtina etməməsi onun da daxili rəqibləri kimi revanş arzusu ilə alışıb-yandığının bariz göstəricisidir.
"Müşahidə missiyası"nın gerçək işi ilə məşğul olmadığını məhz son zamanlar baş verən silahlı təxribatlar da sübut edir. Nədənsə bu missiya bir dəfə olsun belə bu müddət ərzində hesabatla çıxış etməyib. Onun baş verənlərdən xəbəri yoxdurmu? Yaxud 200 nəfərlik kontingent insidentləri qeydə almaq üçün yetərli deyilmi? Təbii ki, bu və bu kimi suallar çoxdur. Onlara Ermənistanın və Avropa İttifaqının nəinki cavabları yoxdur, sadəcə gerçək izah vermək iradələri çatmır, çünki niyyət başqadır. Nə qədər ki, sülh prosesi belə addımlarla süni şəkildə uzadılır, Azərbaycanla Ermənistan arasında hər hansı normal münasibətlərin qurulması, qarşılıqlı əməkdaşlıq və nəticə etibarilə regional sabitlikdən danışmaq əbəsdir. Paşinyan vaxt udmaq niyyətində və əlverişli geosiyasi vəziyyətin yaranması gözləntisindədir. Bu baxımdan Azərbaycanın həyata keçirdiyi diplomatiya və malik olduğu qüdrətli ordusu regionun əsas sabitlik faktorları qismində çıxış edir. Revanş niyyətinin reallaşması cəhdlərinin qarşısı dərhal və sərt şəkildə alınacaq. Rəsmi İrəvan bu barədə daha ciddi düşünməli, onun belə təhlükəli siyasətinin hansı faciəvi fəsadlara səbəb ola biləcəyi haqqında təsəvvürlərə malik olması lazımdır.
İradə ƏLİYEVA,
Azərbaycan.-2025.- 10 aprel (№69).- S.8.