İhsan Doğramacı fenomeni

 

Bu il türk dünyasının nadir şəxsiyyətlərindən olan, məşhur alim, pediatr, maarifçi, xeyriyyəçi, Azərbaycanın böyük dostu doktor, professor İhsan Doğramacının 110 illiyidir.

İhsan Əli Paşa oğlu Doğramacı 1915-ci il aprelin 3-də, o vaxt Osmanlı imperiyasının tərkibində olmuş İraqın bütövlükdə Yer kürəsinin ən qədim şəhərlərindən biri, özülünü şumerlərin qoyduğu ehtimal edilən Ərbildə həm maddi, həm mənəvi cəhətdən zəngin bir ailədə dünyaya gəlmişdir. İhsan bəyin atası Ərbil bələdiyyəsinin rəisi olmuşdur. Anası İsmət xanım isə Osmanlı imperiyasının Məclisi-məbusanının (Parlamentinin) Kərkükdən olan üzvü Mehmet Əli Bəy Kırdarın qızı idi. Ərbildə türk dilində ibtidai təhsil aldıqdan, xüsusi müəllimlərin köməyi ilə ingilis dilini orta səviyyədə öyrəndikdən sonra İhsan 1930-cu ildə Beyruta gedərək oradakı Amerika kollecinə qəbul olunmuş, proqramı vaxtından əvvəl yerinə yetirmişdir.

Həmin dövr haqqında İ.Doğramacı yazmışdır: "Arzum həkim olmaq idi. O vaxtlar İstanbul Şehremeni (bələdiyyə rəisi) Salih Salim Paşanın oğlu Vahid ilə dostluq edirdim. Ən yaxşı tibb təhsilinin Vyanada Şotlandiyada - Edinburqda olduğunu Vahiddən öyrənmişdim. Braziliya vətəndaşı, almanəsilli bir müəllimdən alman dili dərsləri aldım. Bir Edinburq Universitetinə müraciət etdim. Oradan verilən məlumata görə, bu universitetin xarici tələbə kontenjanı dolmuşdu, ancaq üç il sonra açılacaqdı. Digər tərəfdən, universitetin Bağdadda öz proqramlarını tətbiq etdiyi bir Tibb fakültəsi olduğunu üç il sonra Edinburq Tibb fakültəsinə alına biləcəyimi mənə bildirdilər. Bağdad Tibb fakültəsinə müraciət üçün 18 yaşında olmaq lazım idi. Halbuki mənim 17 yaşım vardı. Bu bir ili Beyrut Amerika Universitetinin Ədəbiyyat fakültəsində keçirdim... 1933-cü ildə Bağdad Tibb fakültəsinə yazıldım".

1936-cı ildə buranı bitirdikdən sonra tibb təhsilini Edinburqda deyil, doğma yurdda - İstanbul Universitetinin Tibb fakültəsində davam etdirmək qərarına gələn İhsanı imtahandan sonra birbaşa 5-ci kursa qəbul edirlər. Bir il tələbə, bir il isə təcrübədə olaraq ali təhsilli həkim diplomu alan İhsan Doğramacı İstanbul Universitetinin Tibb fakültəsini bitirdikdən sonra (1938) asistent vəzifəsində əmək fəaliyyətinə başlayır. Sonra Harvard Universitetində pediatriya üzrə təhsilini tamamlayır Türkiyənin Ankara Nümunə Xəstəxanasında çalışır (1947), Ankara Universitetinin professoru (1954) elmi adına layiq görülür.

İ.Doğramacı Almaniyadakı Leopoldina Naturforit Elmlər Akademiyasının, ABŞ-dəki Pediatrlar Akademiyasının, Hindistan Milli Tibb Akademiyasının, İngiltərədəki Krallıq Tibb Kollecinin həqiqi üzvü, Paris Milli Akademiyasının müxbir üzvü olmuşdur. Azərbaycan Milli Elmlər Akademiyasının (2005) dünyanın 25-ə qədər ölkəsinin, o cümlədən ABŞ, Argentina, Almaniya, Fransa, İngiltərə, İspaniya, İsveç, Avstriya, Bolqarıstan, Finlandiya, Meksika, Polşa, Tunisin Milli Pediatrlar assosiasiyalarının, eləcə Ümumdünya Səhiyyə Təşkilatının fəxri üzvü doktoru seçilən böyük alim 25 il Dünya Pediatrlar Cəmiyyətinin sədri vəzifəsində çalışmış, türkdilli ölkələr üzrə region qurumlarını yaratmış, Uşaq Sağlamlıq İnstitutunun, Hacəttəpə Universitetinin Hacəttəpə Tibb Səhiyyə Elmləri fakültəsinin təşkilində müstəsna xidmətlər göstərmiş, Ankara Universitetinin rektoru (1963-1965), Orta Doğu Texniki Universitetinin heyət rəhbəri (1965-1967), Hacəttəpə Universitetinin rektoru (1967-1975), Paris Universite tində Pediatriya professoru vəzifəsində (1975) işləmişdir. O həmçinin  Avropa Rektorlar Konfransı idarə heyətinin üzvü (1964-1973), 1981-ci ildən ömrünün sonuna qədər Millətlərarası Beynəlxalq Ali Təhsil Konfransında idarə heyətinin üzvü, sədri olmuşdur. İ.Doğramacı 1976-1981-ci illərdə Dünya Sağlamlıq Cəmiyyəti sədrinin müavini seçilmişdir.

Ümumdünya Səhiyyə Təşkilatı isə 1985-ci ildə "İhsan Doğramacı ailə sağlamlığı mükafatı" təsis etmiş bu mükafat hər üç ildən bir müvafiq ünvanlara təqdim olunur. İhsan Doğramacının tibb təhsili, xüsusilə uşaq xalq sağlamlığı problemlərinə həsr olunmuş 100-ə yaxın elmi əsəri müxtəlif ölkələrdə çap olunmuşdur. Onun "Yenidoğulmuşlara qulluq" adlı əsəri 14 dəfə nəşr edilmiş, "Ananın kitabı" əsəri isə müxtəlif dillərə tərcümə olunmuşdur.

Alim böyük elmi məktəb yaratmışdır onun yetirmələri bu gün müxtəlif ölkələrdə uğurla çalışırlar. İ.Doğramacı Filadelfiyanın "Kliniki pediatriya", ABŞ-nin "Beynəlxalq uşaq sağlamlığı", Türkiyədə çap olunan "Pediatriya" jurnallarının redaktoru olmuşdur. O, dünyanın 200-dən çox beynəlxalq mükafatı ordeni, o cümlədən Azərbaycanın "İstiqlal" ordeni (2000) ilə təltif olunmuşdur. 2005-ci ildə isə Prezident İlham Əliyev professor İhsan Doğramacını Azərbaycanın ən ali mükafatı olan Heydər Əliyev ordeni ilə mükafatlandırmışdır. 1995, 2000, 2005-ci illərdə yüksək səviyyədə İhsan Doğramacının Bakıda yubileyləri keçirilmişdir.

İhsan Doğramacı bu diqqəti başda Ulu Öndər Heydər Əliyev Prezident İlham Əliyev olmaqla Azərbaycan xalqının ona olan sevgisi kimi dəyərləndirmişdir. Təvazökar insan olan Hocabəy Ulu Öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin ona olan hörmətini, sevgisini evinə gələn xarici türkiyəli ziyarətçilərə nümayiş etdirməkdən böyük zövq alırdı. Onun iqamətgahında ailəsindən miras qalmış unikal çox qiymətli tarixi sənət əsərləri vardı. Lakin Hocabəy qonaqlarına milyonlarla dəyəri olan sənət əsərlərini deyil, Azərbaycanın dövlət başçısının onun şərəfinə keçirdiyi təntənəli yubiley mərasimlərinin video-yazılarını göstərməyi xoşlayırdı. İhsan Doğramacı Azərbaycanı özünün iki vətənindən biri hesab edir bunu dəfələrlə bildirirdi.

Böyük insan alim Azərbaycan dilini, ədəbiyyatını, incəsənətini çox gözəl bilirdi. O, Azərbaycana ilk dəfə 1992-ci ildə gəlmişdir. Onun təşəbbüsü ilə Azərbaycan-Türkiyə Ali Məktəb Rektorlar Şurası yaradılmışdır. Şuranın sədri Türkiyə tərəfindən İhsan Doğramacı, Azərbaycan tərəfindən isə mən idim.

İhsan Doğramacı Ulu Öndərin çox yaxın dostu idi. Heydər Əliyev ona böyük dəyər verirdi. Biz İhsan Doğramacını hələ Moskvadan tanıyırdıq. O, Moskvaya Dünya Pediatrlarının qurultayına gəlmişdi qurultayın sədri idi. Onunla orada görüşmüşdük. Sonra Türkiyə səfərində yenidən görüşdük. 1992-ci ildə Heydər Əliyev hələ Naxçıvanda olanda İhsan Doğramacının dəvəti ilə Türkiyədə, Bilkənd Universitetində, professorun evində onun şərəfinə böyük ziyafət verilmişdi. İhsan Doğramacı həmişə deyirdi ki, türk dünyasının iki böyük oğlu var - onlardan biri Atatürk, digəri isə Heydər Əliyevdir.

İhsan Doğramacı Azərbaycan Tibb Universitetinin ilk fəxri doktorudur. O, Azərbaycan üçün yüksəkixtisaslı mütəxəssislərin yetişdirilməsində, onların Türkiyədə təhsil almalarına ciddi dəstək vermişdir.

 

Əhliman ƏMİRASLANOV,

Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik

Azərbaycan.-2025.- 10 aprel (№69).- S.1