Suqovuşanda daha 54 ailəyə mənzillərin açarları
təqdim olunub
“Böyük Qayıdış”
proqramı çərçivəsində
işğaldan azad olunmuş torpaqlara keçmiş məcburi köçkünlərin qayıdışı
davam edir. Bu gün növbəti
köç karvanı
ilə Ağdərə
rayonunun Suqovuşan kəndinə çatan ailələrə mənzillərin
açarları təqdim
olunub.
AZƏRTAC-ın bölgə
müxbiri xəbər
verir ki, bu mərhələdə Suqovuşan kəndinə
54 ailə - 179 nəfər
köçürülüb. Suqovuşana köç karvanı ilə qayıdanlar respublikanın
müxtəlif yerlərində,
əsasən yataqxanalarda,
sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış
ailələrdən ibarət
olub.
Ailələrə evlərinin
açarlarının təqdimatı
mərasimində Xankəndi
şəhərində, Ağdərə
və Xocalı rayonlarında Azərbaycan
Respublikası Prezidentinin
xüsusi nümayəndəliyinin,
Qaçqınların və
Məcburi Köçkünlərin
İşləri üzrə
Dövlət Komitəsinin
rəsmiləri iştirak
ediblər.
Əvvəlcə şəhidlərin
xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə
çıxış edən
Xankəndi şəhərində,
Ağdərə və
Xocalı rayonlarında
Azərbaycan Respublikası
Prezidentinin Xüsusi nümayəndəsinin müavini
Səbuhi Qəhrəmanov
öz doğma yurdlarına köç edən sakinləri təbrik edərək, onlar üçün yaşayış kompleksində
hər cür şəraitin yaradıldığını
bildirib.
Keçmiş məcburi
köçkünlərə doğma ata-baba yurdlarında mənzillərin
açarı təqdim
edilib və ailələr yeni evlərində yerləşiblər.
Bununla da Ağdərə rayonunun Suqovuşan kəndindəki
yaşayış kompleksində
ümumilikdə 180 ailə
məskunlaşıb. 2,3 hektar
sahədə inşa edilən yaşayış
kompleksi 5 mərtəbəli
olmaqla 5 binadan ibarətdir. Bu binalarda ümumilikdə bir, iki, üç
və dördotaqlı
190 mənzil var. Suqovuşan kəndi fasiləsiz elektrik enerjisi, qaz, içməli su və yüksəksürətli
internet xətti ilə təmin edilib.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.
Azərbaycan.-2025.- 10 aprel (№69).- S.11.