İlham
Əliyev Ermənistana
növbəti xəbərdarlıq
etdi
Sülh yalnız Azərbaycanın
şərtlərinin qəbulu
ilə mümkündür
"Biz təkcə
diasporda, Fransa və Amerika Birləşmiş Ştatlarında
yox, Ermənistan hökumətində və
bütün siyasi dairələrdə hələ
də dövriyyə edən "böyük Ermənistan" xəyallarını
unutmamalıyıq. Qarabağın
yenidən geri alınmasını xəyal
etməyən bir erməni siyasətçisini
demək olar ki, tapa bilməzsiniz.
Bu, reallıqdır".
Aprelin 9-da ADA Universitetində
keçirilən "Yeni
dünya nizamına doğru" mövzusunda beynəlxalq forumun iştirakçılarının suallarını cavablandıran
zaman Prezident İlham Əliyevin vurğuladığı kimi,
Azərbaycanın qətiyyəti
sayəsində son beş ildə Cənubi Qafqazda dayanıqlı sülh əldə olunması üçün mühüm
zəmin formalaşmasına
baxmayaraq, məhz Ermənistanın hələ
də ölkəmizə
qarşı ərazi iddialarından əl çəkməməsi, yəni
"böyük Ermənistan"
kimi xəstə xülya ilə yaşaması səbəbindən
buna nail olunmayıb.
Bu cəfəng
ideyanın arxasınca
sürüklənərək özünü dalan ölkəyə çevirən
Ermənistan xarici dəstəkçilərinin qızışdırması,
siyasi, hərbi dəstəyi ilə xam xəyallara qapılaraq ərazilərimizin
yenidən işğalıyla
bağlı planlar qurur.
Diqqət edin, sülh sazişi layihəsi ilə bağlı danışıqlar
prosesinin yekunlaşdığı
mühüm mərhələdə
Ermənistan bir sonrakı addımı ataraq barış müqaviləsinin imzalanması
üçün ölkəmizin
beynəlxalq hüquqla
tələb etdiyi şərtləri yerinə
yetməkdənsə, hərbi
eskalasiyanı artırmağı,
sərhədlərimizi mütəmadi
atəşə tutmağı
daha məqsədəuyğun
sayır.
Beynəlxalq forumun
iştirakçılarının suallarını cavablandıran
zaman dövlətimizin
başçısı söylədi
ki, postmüharibə vəziyyətinin necə inkişaf edəcəyi əsasən Ermənistandan
asılıdır: "Biz
tamamilə legitim olanları etmişik. Biz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etmişik, separatizmə son qoymuşuq və sərhədlərimizi
nəzarətimiz altına
almışıq. Bizim
üçün bu məsələ bitib. Lakin bu, bizim
potensial təhdidləri
və potensial təhlükəni sadəcə
nəzərə almayacağımız
demək deyil". Ölkəmizin rəhbəri
onu da dedi
ki, biz həmişə
onları yerinə otuzdurmağa hazır olmalıyıq. Bu səbəbdən biz ordu quruculuğuna külli miqdarda vəsait xərcləməyə
davam edirik: "Bu, bizim dırnaqarası
təcavüzü planlaşdırdığımız
üçün deyil.
Bu onun üçündür
ki, biz təcavüzün
qurbanı olaraq özümüzü müdafiə
etmək və bir də bizə
ziyan verməyə qərarlaşdırdığı halda Ermənistanı cəzalandırmaq iqtidarında
olmaq istəyirik".
Sülhün təşəbbüskarı
Azərbaycandır
Torpaqlarının işğal
altında olduğu illərdə də hər zaman münaqişənin danışıqlar
yolu ilə həll olunmasını istəyən Azərbaycan,
BMT TŞ-nin qətnamələrini
hərb yolu ilə özü yerinə yetirərək ərazilərini azad etdikdən sonra da bölgədə normallaşma, sülh istiqamətində qətiyyətli
addımlar atmağa başladı.
İkinci Qarabağ
müharibəsi başa
çatandan sonra da məhz ölkəmiz,
şəxsən Prezident
İlham Əliyev sülh danışıqlarının
başlanmasının təşəbbüskarı
oldu.
Ermənistana təkmil
sülh modeli təklif edən Bakının səylərinin
nəticəsi kimi xüsusilə 2024-cü ildən
etibarən bu istiqamətdə müsbət
nəticələr əldə
olundu. Ermənistan ilə Azərbaycan arasında sərhədlərin
demarkasiya və delimitasiyasına başlanılması,
bir güllə atılmadan, bir itki verilmədən Qazaxın dörd kəndinin azad edilməsi, eləcə də sülh sazişi layihəsi ilə bağlı danışıqlar prosesinin
yekunlaşması müsbət
nümunələrdir. Bu
nailiyyətlər həm
də onun göstəricisidir ki, iki ölkə arasında razılaşmaların
əldə olunması
üçün kənar
qüvvələrə heç
bir ehtiyac yoxdur. Lakin Ermənistan
tərəfi ölkəmizə
qarşı ərazi iddialarından vaz keçə bilmədiyi üçün başda Cənubi Qafqazı da koloniyasına çevirmək istəyən
Fransa olmaqla, Qərb havadarlarının
mənfur məsləhətləri
ilə oturub-durmağa,
onların əli ilə silahlanmağa, revanşa hazırlaşmağa
üstünlük verir.
İrəvan birbaşa
sülhə zərbə
vuran davranışlar
sərgiləyir, Bakının
tamamilə beynəlxalq
hüquqa dayanan şərtlərinə əməl
etməkdən yayınır.
Ermənistan Konstitusiyasının
preambula hissəsində
müstəqillik bəyannaməsinə
istinadən ərazi iddiaları yer alır. Buna görə də birmənalı olaraq Ermənistan Konstitusiyası
dəyişdirilməlidir.
Həmçinin ATƏT-in keçmiş
Minsk qrupu de-yure ləğv edilməlidir. Hüquqi prosedurlara görə bunun üçün iki ölkə birgə müraciət etməlidir.
Sözügedən qrupun
yarıtmaz həmsədrləri
münaqişəni danışıqlar
yolu ilə həll etmək əvəzinə üç
onilliyə yaxın dövr ərzində bölgəyə turist səfərləri etməklə
vəzifələrini bitmiş
hesab ediblər. Problemi nə danışıqlar,
nə də müharibə yolu ilə çözməyin
mümkün olmadığını
iddia edən həmsədrlər riyakarlıqla
münaqişənin Ermənistanın
xeyrinə dondurulmasının
tərəfdarı olublar.
Uzun sürən nəticəsiz danışıqlardan
təngə gələn
Azərbaycanın torpaqlarını
öz gücünə
işğaldan azad edərək suverenliyini bərpa etməsi ilə düyünə çevrilən Qarabağ
münaqişəsi artıq
tarixin arxivinə göndərilib. Ortada daha bu adlı
münaqişə olmadığı
üçün fəaliyyəti
de-fakto sona çatan bu qrupun tezliklə hüquqi cəhətdən
ləğvi də mütləqdir.
"Top Ermənistandadır"
Ancaq bölgədə
yeni müharibə planlaşdıran Ermənistan
tərəfimizdən irəli
sürülən iki şərti yerinə yetirmir. Bununla sülh müqaviləsinə
qol qoymaq istəmədiyini açıq
şəkildə ortaya
qoyur.
Bu isə o deməkdir ki, Ermənistan yenə də cəfəng ideyalarının arxasınca
sürünərək gələcək
inkişafı üçün
Azərbaycan tərəfindən
açılan qapıları
bağlayır və bununla özünü sözün əsl mənasında məhvə
məhkum edir.
Forum iştirakçılarının
suallarını cavablandıran
zaman Ermənistanın
işğal və təcavüz nəticəsində
özünü Azərbaycanın
enerji resursları və nəqliyyat marşrutları üçün
önəmli tranzit ölkəsi olmaqdan məhrum etdiyini deyən Prezident İlham Əliyev vurğuladı ki, gələcəkdə cərəyan
edəcək hadisələrin
düzgün hesablanılmaması
və gələcək
iqtisadiyyatını, "böyük
Ermənistan" arzusu
olan həqiqi müstəqilliyini qurban verməsi onların təqsiridir.
Dövlət başçısı
əlavə etdi ki, Azərbaycan və Ermənistan arasında saziş imzalandığı təqdirdə
əlbəttə ki, əməkdaşlığın başlanılmasına heç
bir maneə qalmayacaq: "Mən bir çox hallarda Ermənistandan ərazi bütövlüyümüz
və onların konstitusiyası ilə bağlı gözlədiklərimizi
dəfələrlə açıq
şəkildə bildirmişəm.
Bunlar məlumdur. Beləliklə, bütün
bu işlər tamamlanan və sülh sazişi imzalanan kimi Cənubi Qafqazı inteqrasiya olunmuş regiona çevirməyə
cəhd etmək üçün heç bir maneə qalmayacaq".
Göründüyü kimi, Azərbaycanın sülh səylərinin nəticələri elə
Ermənistanın özünün
yaşadığı hərtərəfli
böhrandan çıxması
üçün həyati
anlama gəlir. Bakının şərtlərinə
əməl edərək
bu tarixi şansdan yararlanıb-yararlanmamaq
isə Ermənistanın
öz seçimidir.
Yəni Prezident
İlham Əliyevin sözügedən forumda da bəyan etdiyi
kimi, top Ermənistandadır.
Yasəmən MUSAYEVA,
Azərbaycan.-2025.-
11 aprel (№70).- S.4.