USAID saxtakarlıq
yuvasına çevrilmişdi
Bayden-Blinken administrasiyası
bu təşkilatdan öz maraqları üçün istifadə
edirdi
Ermənistan silahlı
qüvvələrinin təxribatı
nəticəsində başlanan
İkinci Qarabağ müharibəsində Azərbaycanın
qazandığı Zəfəri
həzm edə bilməyən təşkilatlardan
biri də ABŞ Beynəlxalq İnkişaf
Agentliyi (USAID) idi. Adı həmişə korrupsiyada hallanan bu təşkilatın ölkəmizə qarşı
qərəzinin səbəblərindən
biri Azərbaycanda öz çirkin niyyətlərini həyata
keçirə bilməməsidir.
Azərbaycan müstəqil,
suveren, güclü və qüdrətli bir dövlətdir. Heç bir dövlət, heç bir beynəlxalq təşkilat Azərbaycana
öz şərtlərini
diqtə edə bilməz.
Azərbaycanın həm
44 günlük Vətən
müharibəsindəki tarixi
Zəfərini, həm
də 2023-cü il sentyabrın 19-20-də uğurla
həyata keçirdiyi
lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyini
tam bərpa etməsini böyük qısqanclıqla qarşılaması
USAID-in ermənipərəst
mövqeyindən xəbər
verirdi. 30 illik işğal dövründə
bir milyondan çox soydaşımızın
tapdalanmış hüquqlarının
bərpasına maraq göstərməyən Bayden
hakimiyyəti korrupsiyaya
bulaşmış belə
təşkilatlar vasitəsilə
Qarabağı könüllü
tərk etmiş ermənilərin guya etnik təmizləməyə
məruz qaldığını
iddia etməklə onlara külli miqdarda maliyyə yardımı göstərirdi.
Münasibətlər heç də həmişə eyni səviyyədə qalmır,
daim dəyişilir, yenilənir. Bütün dünya Donald Trampın ABŞ Prezidenti seçilməsi ilə ölkənin daxili və xarici siyasət prioritetlərinin
əsaslı şəkildə
dəyişdiyini yaxından
görür. Yeni seçilmiş ABŞ Pezidentinin
atdığı ilk addımlar onun uğurlu siyasət yürüdəcəyini göstərir.
D.Trampın verdiyi qərarlardan biri də uzun illər
Vaşinqtonun yumşaq
güc rıçaqı
kimi istifadə etdiyi USAID-in fəaliyyətini dayandırması
oldu. Bu, ABŞ-nin xarici siyasətində
son illərdə baş verən ən əsaslı dəyişikliklik kimi tarixə düşdü.
Agentliyin vəzifəsi
demokratiyaya dəstək
və iqtisadi layihələr adı altında humanitar layihələr, sahibkarlığa,
qadın hüquqlarına
dəstək, təhsil,
tibb və sair sahələrdə sosial layihələr gerçəkləşdirmək olsa da, mahiyyət
etibarilə Mərkəzi
Kəşfiyyat İdarəsinin
alt strukturu kimi fəaliyyət göstərirdi. Ölkənin
hərbi və kəşfiyyat dairələri
USAID-dən ABŞ-nin
dost saymadığı
dövlətlərdə mövcud
ictimai-siyasi quruluşun
dəyişməsi üçün
"rəngli inqilab"lar
həyata keçirmək
üçün vasitə
kimi istifadə edirdi.
Agentliyin korrupsiya
bataqlığına batması
faktı çoxdan dünyaya məlum idi. Bunu ən
yüksək səviyyədə
Donald Tramp etiraf edərək USAID-i həddən artıq korrupsiyalaşmış təşkilat
adlandırdı. O, bu
barədə jurnalistlərə
bildirib: "Mən bilmək istərdim ki, orada necə
"otkatlar" olub. Kim bu qədər
pul xərcləyərdi.
Orada saxtakarlıq var, bu, dəhşətlidir.
Heç bir pula layiq olmayan hər
cür qruplara yüz milyonlarla dollar xərclənib".
Bayden-Blinken administrasiyası bu təşkilat vasitəsilə öz istəklərini Azərbaycana
qəbul etdirməyə
çalışsa da, məqsədinə
çata bilmədi. Rəsmi Bakı çox haqlı olaraq bu təşkilatla
bağlı sazişin
uzadılmaması barədə
qərar qəbul etdi.
Aprelin 9-da ADA Universitetində
keçirilən "Yeni
dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda dövlətimizin başçısı
iştirakçıların suallarını cavablandırarkən
ABŞ ilə Azərbaycan
arasındakı münasibətlərə
və USAID-lə bağlı məsələlərə
də toxunub. Azərbaycan Prezidenti bildirib ki, Bayden-Blinken
administrasiyası dövründə
ABŞ ilə Azərbaycan
arasında münasibətlər
böhran vəziyyətində
olan münasibətlər
kimi səciyyələndirilə
bilər: "Bunun səbəbkarı biz deyildik. Biz dünyanın
ən güclü ölkəsi olan ABŞ ilə hər zaman yaxşı münasibətlərimizin olmasını
istəmişik. Bu, cənab Blinkenin rəhbərlik etdiyi Dövlət Departamentinin yürütdüyü anti-Azərbaycan
siyasəti və Prezident Bayden administrasiyasında olan anti-Azərbaycan mövqeli
bir çox şəxslər üzündən
baş verdi. Mən Azərbaycanda məyusluğa səbəb
olmuş müxtəlif
faktları qeyd edə bilərəm. Düşünürəm ki,
cəmi birini - Azərbaycana qarşı sanksiyaların yenidən necə tətbiq olunmasını söyləmək
kifayətdir... "ABŞ-nin
Azərbaycana ehtiyacı
olanda Azərbaycana münasibətdə ayrı-seçkiliyi
nümayiş etdirən
Azadlığa Dəstək
Aktına "907-ci düzəliş"
müvəqqəti olaraq
dayandırılırdı. ABŞ-nin hər bir
prezidenti hər il bunu dayandırırdı.
Lakin Bayden-Blinken administrasiyası Əfqanıstandan
qaçan kimi, - bunu onların necə etdiyini hamımız gördük,
- onlar bizə qarşı bu düzəlişi yenidən
tətbiq etdilər. Belə nankor olmaq administrasiyanın özünə də ziyan verir. Çünki
bundan sonra onlara kim etimad
edəcəkdi? Bizim Bayden-Blinken komandasına etimad səviyyəmiz sıfra bərabər idi. Münasibətlərimiz
dərin böhran içərisində idi. Bayden-Blinken komandasının
rəhbərliyi dövründə
ABŞ Ermənistana münasibətdə
birtərəfli mövqe
tutdu."
Prezident İlham
Əliyev Donald Trampın ABŞ-də hakimiyyətə gəlişindən
sonra Bayden-Blinken komandası zamanında Azərbaycana qarşı aparılan qərəzli kampaniyanın dayandırıldığını
bildirib: "Onların
"Washington Post", "New York Times", "Politico" və sair kimi bizə
qarşı çox aqressiv olan, Prezident Trampın "feyk xəbərlər"
adlandırdığı media
Azərbaycan haqqında
çirkin məqalələr
dərc etməyi dərhal dayandırdı.
Biz bilirdik ki, bu məqalələrin
mənbəyi Dövlət
Departamentidir. USAID-lə
də bağlı vəziyyət eyni idi. İndi, yeri gəlmişkən, bizim Baş prokuror USAID-in qanunsuz fəaliyyətini araşdırır. Mənə
ilkin araşdırma ilə bağlı artıq məlumat verilmişdir. Bu, anti-Azərbaycan fəaliyyətinin
miqyasını, hökumətimizə
xələl gətirmək,
daxili işlərimizə
müdaxilə etmək
və qarışmaq səylərini nümayiş
etdirir. Sənədlər
hazır olan kimi biz onu
Prezident Tramp administrasiyasına təqdim
edəcəyik ki, onlar bu korrupsiyaya
uğramış USAID və
onun korrupsiyalaşmış
rəhbərləri barəsində
ciddi tədbirlər görə bilsin..."
Cənubi Qafqazda
sülhün və sabitliyin, təhlükəsizliyin
yaranmasına qarşı
çıxan qüvvələrdən
biri məhz USAID idi. Tarixə qovuşmuş bu təşkilat həmişə
açıq-aşkar erməniləri
dəstəkləyib, tərəqqiyə,
inkişafa deyil, maliyyə inhisarçılığına,
düşmənlərimizin maraqlarına xidmət edib. Ümid etmək olar ki, USAID-in ABŞ ilə düşmən
etməyə cəhd göstərdiyi dövlətlər
bundan sonra bu ölkəyə dost münasibət göstərəcəklər. Ona
görə ki, həmin münasibətlərə
xələl gətirən
USAID və onun kimi bir çox
təşkilatların fəaliyyətləri
dayandırılıb.
Vahid MƏHƏRRƏMOV,
Azərbaycan.-2025.-
11 aprel (№70).- S.9.