Ölkəmiz
balanslı siyasəti
uğurla davam etdirir
"Prezident İlham
Əliyev aprelin 9-da
ADA Universitetində təşkil
edilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda dünya düzənində
ölkəmizin yeri, ikitərəfli və çoxtərəfli beynəlxalq
gündəliyimizdə duran
məsələlər, Azərbaycanla
Ermənistan arasında
normallaşma prosesi, habelə regional və qlobal miqyasda cərəyan edən son hadisələrlə
bağlı əhəmiyyətli
fikirlər səsləndirdi
və mümkün proqnozları diqqətə
çatdırdı. Artıq
7-ci dəfə təşkil
edilən beynəlxalq
foruma rekord sayda əcnəbi qonağın qatılması
və onlardan 50 faizindən çoxunun tədbirdə ilk dəfə iştirak etməsi beynəlxalq miqyasda ölkəmizə marağın ilbəil artmasından, xüsusilə
də dövlətimizin
başçısı cənab
İlham Əliyev tərəfindən bu kimi konfranslarda verilən mühüm mesajların və gerçəkliyə çevrilən
siyasi proqnozların əhəmiyyətindən xəbər
verir".
Bu fikirləri
"Azərbaycan" qəzetinə
açıqlamasında Milli
Məclisin deputatı
Zaur Şükürov
deyib. O bildirib ki, dövlətimizin başçısının çoxsaylı
suallara ətraflı və dəqiq cavabları bir çox məsələlərlə
bağlı ölkəmizin
mövqeyinə dair aydın təsəvvür
formalaşdırır. Azərbaycanla
türk dünyası,
o cümlədən strateji
müttəfiqimiz Türkiyə,
habelə strateji tərəfdaşımız İsrail
arasında münasibətlərin
mövcud vəziyyəti
və bu "siyasi üçbucaq"da
ölkəmizin rolu barədə Prezidentimizin açıqlamaları xüsusilə
diqqət çəkir.
Azərbaycanın bu iki ölkə ilə əlaqələrinə
dair Almaniya nümayəndəsinin sualını
cavablandıran Prezident
İlham Əliyev strateji müttəfiqimiz olan qardaş Türkiyə və uzun illər ərzində çətin
zamanlarda qarşılıqlı
dostluğumuzun davam etdiyi, strateji tərəfdaşımız İsrail
arasında müşahidə
edilən gərginliyin
narahatlıq doğurduğunu
bildirib. Prezident iki ölkə arasında əvvəllər
müşahidə edilmiş
gərginliyin aradan qaldırılmasında Azərbaycanın
vasitəçi rol oynadığını qeyd
edərək hazırkı
problemin də həll edilməsi üçün Azərbaycanın
öz mümkün səylərini davam etdirdiyini vurğulayıb.
"İslam dünyasının
fəal üzvlərindən
olan dövlətimiz istər ikitərəfli, istərsə də İslam Əməkdaşlıq
Təşkilatı çərçivəsində
üzv dövlətlərlə
səmərəli əməkdaşlığı
davam etdirir. Eyni zamanda İsraillə
mövcud dostluq münasibətləri ölkəmizin
mövqeyinin balanslı
şəkildə formalaşdırılmasını
zəruri edir. Uzun illər ərzində milli maraqlarımıza əsaslanan,
bütün xarici təsir və diktələri istisna edən, eyni zamanda məxsus olduğumuz islam dünyası ölkələrinin
də mövqelərini
nəzərə alan Azərbaycan bu balanslı siyasətini uğurla davam etdirə bilib. Xüsusi olaraq vurğulanmalıdır ki,
ölkəmizin sərgilədiyi
prinsipial və müstəqil xarici siyasət kursu miqyasından və nüfuzundan asılı olmayaraq dünya dövlətləri tərəfindən
qəbul olunmaqdadır",
- deyə deputat əlavə edib.
Z.Şükürov qeyd
edib ki, cənab İlham Əliyevin siyasi-diplomatik bacarığı və böhran vəziyyətlərini
dünya liderlərinə
xas olan şəkildə, yüksək
peşəkarlıqla idarə
edə bilməsi ölkəmizin nüfuzunun
davamlı olaraq artmasına imkan verir.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2025.-
11 aprel (№70).- S.4.