Bakıda
radionuklid terapiya və nüvə təbabətinə həsr
olunmuş ilk beynəlxalq elmi simpozium işə başlayıb
Aprelin 10-da Bakıda
radionuklid terapiya və nüvə təbabətinə həsr
olunmuş ilk beynəlxalq
elmi tədbir – Radiofarmasevtik Müalicə
üzrə Beynəlxalq
Simpozium (ISRT 2025) işə
başlayıb.
AZƏRTAC xəbər verir ki, Nüvə Təbabəti
Cəmiyyətinin 6-cı Konfransı
ilə birgə keçirilən bu simpoziumda onkoloji xəstəliklərin müasir
diaqnostikası və müalicəsi sahəsində
dünyanın müxtəlif
ölkələrindən tanınmış
alim və mütəxəssislər
iştirak edirlər. Simpozium, radionuklid terapiya sahəsində fəaliyyət göstərən
beynəlxalq təşkilat
–Ümumdünya Radiofarmasevtik
və Molekulyar Terapiya Assosiasiyası
(WARMTH) ilə birgə
əməkdaşlıq çərçivəsində
keçirilir.
Simpoziumun ilk iş
günü xarici qonaqlar Milli Onkologiya Mərkəzinin Nüvə
Təbabəti və Radionuklid Terapiya Mərkəzinə baş
çəkib, buradakı
şərait və iş prosesi ilə yaxından tanış olublar.
Daha sonra
Milli Onkologiya Mərkəzinin
baş direktoru akademik Cəmil Əliyev simpozium iştirakçıları ilə
görüşüb, onlara
Mərkəzin keçdiyi
inkişaf yolu, fəaliyyət prinsipləri,
son illərdə əldə
edilmiş uğurlar barədə geniş məlumat verib.
Dövlət Himninin səsləndirilməsi ilə
başlayan beynəlxalq
simpoziumun açılışında
çıxış edən
Milli Onkologiya Mərkəzinin
baş direktorunun müavini professor Əziz Əliyev ölkəmizdə
onkoloji sahəyə göstərilən dövlət
dəstəyi barədə
məlumat verib.
Azərbaycanda xərçəng
xəstəliyinin rastgəlmə
tezliyinə görə
kişilər arasında
ağciyər, qadınlar
arasında süd vəzi xərçənginin
birinci yerdə dayandığını deyən
professor fikirlərinə belə
davam edib: “Xərçəng xəstəliyi
kompleks müalicə tələb edir. Akademik Cəmil Əliyev Azərbaycanda kompleks onkologiya xidmətlərinin faktiki olaraq banisi və
möhtəşəm Mərkəzin
təsisçisidir. Pasiyentlər
bir Mərkəzdə
kompleks müayinədən
keçirlər”.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, Əməkdar həkim Rəşad Mahmudov radionuklid terapiya və nüvə təbabətinin
müasir dövrdə
xərçəng xəstəliyinin
diaqnozunun qoyulmasında
və müalicəsində
aparıcı istiqamətləri
özündə ehtiva
etdiyini bildirib. Deputatın sözlərinə
görə, innovativ və çoxistiqamətli
yanaşmanın inkişaf
etdirilməsi əsas etibarı ilə pasiyentlərin nəticələrinin
dünya səviyyəsində
yaxşılaşdırılmasında həkimlərin üzərinə
böyük məsuliyyət
qoyur. Bu kontekstdə beynəlxalq inkişaf, elmi təcrübə və biliklərin mübadiləsi indiyə kimi daha aktual
və əhəmiyyətli
olub.
“Son illərdə Azərbaycanın
səhiyyə sistemində
nəzərəçarpacaq transformasiya, əsaslı dönüşlər baş
verib. Onkologiya xidmətinin keyfiyyəti yaxşılaşıb, səhiyyə
sahəsində çalışan
işçi qüvvəsinin
potensialı gücləndirilib.
Digər tərəqqi
isə nüvə təbabəti diaqnostika sahəsində baş verməkdədir. Həmin
sahədə reaktiv maddələrdən həm
diaqnostika, həm də müalicə məqsədilə istifadə
olunmaqdadır. Bu da xərçəngdən
əziyyət çəkən
pasiyentlərin həyatında
böyük dəyişiklik
deməkdir”, - deyə
R.Mahmudov qeyd edib.
Nüvə təbabəti
şöbəsinin müdiri
tibb üzrə fəlsəfə doktoru
Fuad Novruzov isə ölkəmizdə aparılan
radionuklid terapiya və yerli radiofarmasevtik
dərman vasitələrinin
istehsal imkanları barədə təqdimatla çıxış edib.
ISRT 2025 simpoziumu ABŞ, Almaniya, Belçika, Finlandiya, Avstriya, İtaliya, Avstraliya, Misir, Türkiyə və digər ölkələrdən
nüfuzlu mütəxəssisləri
bir araya gətirərək, radionuklid
terapiya sahəsində
son yenilikləri müzakirə
etməyə imkan yaradır. Tədbirin əsas məqsədi qlobal elmi əməkdaşlığın
gücləndirilməsi, innovativ
müalicə üsullarının
təşviqi və radiofarmasevtik dərmanların
klinik tətbiqi üzrə təcrübə
mübadiləsidir.
Simpoziumun ilk günündə
ABŞ Nüvə Təbabəti
Cəmiyyətinin (SNMMI) prezidenti
Keti Katler, Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) nümayəndəsi
Diana Paez, WARMTH prezidenti
professor Kalevi Kairemo da
daxil olmaqla bir sıra beynəlxalq
təşkilatların rəhbərləri
iştirak ediblər. Onlar radionuklid terapiya sahəsindəki trendlər, qlobal əməkdaşlıq imkanları
və perspektivlərlə
bağlı elmi mülahizələrini təqdim
ediblər.
Tədbir zamanı,
həmçinin bədii
hissə təqdim olunub.
Qeyd edək
ki, nüvə təbabətində
“teranostika” – yəni radioaktiv maddələrlə
eyni anda həm diaqnostika, həm də müalicə – son illərdə
dünya üzrə onkoloji xəstələrin
həyatında dönüş
nöqtəsinə çevrilib.
Azərbaycan bu sahədə regionun öncül ölkələrindən
biri olaraq 2017-ci ildən etibarən Milli Onkologiya Mərkəzində
teranostik müalicələrə
start verib və yüksək klinik nəticələr əldə
edib. Bu uğurlar bir sıra beynəlxalq
nəşrlərdə də
işıqlandırılıb.
ISRT-2025 kimi tədbirlər həmin uğurlu təcrübələrin paylaşılması,
yeni tədqiqatların təşviqi
və gələcək
inkişaf istiqamətlərinin
müəyyənləşdirilməsi baxımından böyük
əhəmiyyət daşıyır.
Bakının ev sahibliyi etdiyi bu simpozium region ölkələri ilə əməkdaşlıq üçün
yeni imkanlar açır
və Azərbaycanın
nüvə təbabəti
sahəsindəki lider
mövqeyini bir daha təsdiqləyir.
Beynəlxalq simpozium
aprelin 12-dək davam edəcək.
Azərbaycan.-2025.-
11 aprel (¹70).- S.7.