Prezident
İlham Əliyev haqlı və qətiyyətli mövqe ortaya qoydu
"Avropa Komissiyasında əyləşənlər
gözlərindən eynəyi
çıxarsınlar... Azərbaycan
kimi ölkələri
dəyərləndirsinlər... Yaxşı tərəfdaş
kimi davransınlar"
Bütün mötəbər
beynəlxalq tədbirlərdə
olduğu kimi, ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda keçirilən forumda da enerji məsələləri
özünə geniş
yer aldı. O cümlədən "Cənub
qaz dəhlizi" ilə bağlı ətraflı söhbət
getdi. Bu, zamanın gündəmə
gətirdiyi bir mövzudur.
Əvvəla bir
daha xatırladaq ki, bu nəhəng
layihə "Şahdəniz"
yatağının işlənməsinin
ikinci mərhələsini,
Azərbaycanın və
Gürcüstanın ərazisindən
keçən Cənubi
Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsini,
Türkiyənin şərq
sərhədindən qərb
sərhədinə qədər
uzanan Trans-Anadolu Qaz Kəmərini (TANAP) və Yunanıstan, Albaniya və İtaliyanın cənubunu
birləşdirən Trans-Adriatik
Qaz Kəmərini
(TAP) əhatə edir.
Dəhlizin uzunluğu
3500 kilometrdir. Layihə
getdikcə yeni interkonnektorlar vasitəsilə
şaxələnir. Beləliklə,
indi Azərbaycandan 12 ölkə - Gürcüstan,
Türkiyə, Bolqarıstan,
Yunanıstan, İtaliya,
Rumıniya, Macarıstan,
Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya və Slovakiya qaz alır.
Azərbaycan qazı Gürcüstana CQBK ilə
2006-cı il, Türkiyəyə
BTƏ (Bakı-Tbilisi-Ərzurum) kəməri ilə 2007-ci
il və TANAP-la 2018-ci il, Avropaya TAP-la 2020-ci il dekabrın 31-dən çatdırılır.
Prezident İlham
Əliyev sözügedən
forumda Xorvatiya nümayəndəsinin sualını
cavablandırarkən bunları
xatırladaraq "Cənub
qaz dəhlizi"nin salnaməsini vərəqləməklə
yanaşı, layihənin
bugünkü və gələcək fəaliyyəti
ilə əlaqədar
bir sıra digər məsələlərə
də toxundu. Belə ki, indi
Avropa İttifaqı Azərbaycandan daha çox qaz istəyir və bu səbəbdən Avropa Komissiyasının prezidenti xanım Ursula Fon der
Lyayen 2022-ci ilin iyulunda Azərbaycana səfər etmişdi. O vaxt Avropa İttifaqı
qaz təchizatından
çox narahat idi və buna
görə energetika sahəsində Strateji Tərəfdaşlıq haqqında
Bəyannaməyə imza
atıldı. Həmin
vaxtdan etibarən Avropa Komissiyasının müraciəti əsasında
ölkəmiz Avropaya qaz təchizatını təxminən 60 faiz artırıb.Yəni
2021-ci ildə qoca qitəyə 8 milyard kubmetr qaz verilmişdisə,
2024-cü ildə bu rəqəm 13 milyard kubmetrə çatdı. Beləliklə, bir çox Avropa ölkəsi, o cümlədən
Xorvatiya Azərbaycan qazının alıcısına
çevrildi.
Hazırda ölkəmizin
mövcud yataqlardan ixrac üçün daha çox qazı var və
həmin yataqlar işlənilməsinin yeni
fazasındadır. Bir
sıra yataqlar hasilatın ilkin mərhələsindədir. Əlavə
bir neçə milyard kubmetr qazımız da olacaq. Çünki qurulacaq "yaşıl enerji" stansiyaları bu gün elektrik
enerjisinin istehsalında
istifadə olunan qaza qənaət etməyə imkan verəcək. Bir sözlə, bütün bu addımlar qaz təchizatımızı
minimum 10 milyard kubmetrə qədər artırmaq potensialımızı
formalaşdırır.
"Yəni bu, ən
kiçik minimumu təşkil edir. Nəqletmə infrastrukturu
olan "Cənub qaz dəhlizi"nin buraxma qabiliyyəti tam dolub, əlavə yer yoxdur, o genişləndirilməlidir.
Lakin yenə sual yaranır: necə? Kredit vəsaitləri və korporativ vəsaitlər hesabına.
Burada biz belə bir nöqtəyə gəlib çıxırıq:
Avropa İnvestisiya Bankı faydalı qazıntı layihələrinin
maliyyələşdirilməsini tam dayandırıb. Bu, strategiyadır
və hamımız bilirik ki, həmin bank Avropa Komissiyasına tam inteqrasiya olunub. Özünün faydalı
qazıntı səhifəsini
rəsmən tam bağlamasa
da, Avropa Yenidənqurma
və İnkişaf Bankı həmin sahə üçün çox kiçik hissə saxlayır. Bu ilin yanvarında Davosda bu bankın
prezidenti ilə söhbət zamanı mən həmin məsələni qaldırdım.
Mən bir neçə gün əvvəl, Almaniya Prezidentinin səfəri zamanı da bu məsələni qaldırdım,
çünki Avropanın
aparıcı ölkəsi
kimi Almaniya həmin siyasətə təsir etmək üçün bir çox vasitələrə
malikdir", - deyə
Prezidentimiz bildirmişdir.
Dövlətimizin başçısı
"Cənub Qaz Dəhlizi " və
"Yaşıl Enerji"
məşvərət şuralarının
aprelin 4-də Bakıda
keçirilən iclaslarında
da bu məsələni
açıq qeyd etmişdi. Məsələ
Avropanın enerji komissarı ilə görüş zamanı
da qaldırılmışdı. Çünki bu, birnömrəli məsələdir
və faydalı qazıntıya tətbiq edilən embarqo aradan qaldırılmalıdır.
İkinci mühüm
meyar isə uzunmüddətli müqavilələrdir
ki, Prezident İlham Əliyev
bununla bağlı demişdir: "Avropa İttifaqı bir tərəfdən bəyan
edir ki, 2050-ci ildə onlar karbon baxımından
neytral olacaq, digər tərəfdən
isə məndən sərmayə qoymağı
və daha çox qaz hasil etməyi xahiş edir. Beləliklə, həmin qaz nə vaxt
və haraya nəql olunacaq? Əgər qazı bizdən əldə etməsəniz, onda mən niyə sərmayə yatırmalıyam
və ya nəyə görə sizin bazarınıza əsas bazar kimi baxmalıyam? Bəli, qanunvericilik, qaydalar, prosedurlar, qarşılıqlı
bağlantılar və
bütövlükdə qiymət
baxımından Avropa
İttifaqının bazarı
premium hesab edilir. Lakin
başqa bazarlara nəzər salsaq, qonşuluğumuzda Azərbaycan
qazına tələbat
var. Biz təkcə Qərbə
deyil, həmçinin
Şərqə və
Cənuba baxa bilərik. Beləliklə,
bu, Azərbaycanın qaz sənayesinin gələcək inkişafı,
Avropanın enerji təhlükəsizliyi üçün
vacibdir".
Avropanın ehtiyacı
isə hamıya məlumdur. "Yaşıl
enerji"yə böyük
sərmayələrin yatırılmasına
baxmayaraq, Avropa İttifaqında yenə də elektrik enerjisi çatışmır.
Bu baxımdan hazırda
Azərbaycandan Qara dənizin dibi ilə Rumıniyaya çəkiləcək "yaşıl
enerji" kabeli önəm daşıyır.
Başlanğıcda gücü
dörd qiqavat olacaq. Təxminən altı ay bundan əvvəl Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında
Xəzər dənizinin
dibi ilə gedəcək "yaşıl
enerji" kabelinə dair mühüm bir müqavilə də imzalandı. Beləliklə, bu müqavilə Mərkəzi
Asiyanın artıq mövcud olan və bəzilərinin üzərində iş gedən geniş enerji resurslarını Azərbaycanın geniş
enerji resurslarına əlavə edəcək,
enerji təhlükəsizliyi
ilə bağlı Avropa ölkələrinə
dəstək olacaq. Prezidentimiz bu barədə də fikirlərini demişdir:
"Beləliklə, Avropa
Komissiyasında əyləşənlər
gözlərindən eynəyi
çıxarsınlar və
dünyaya realist nöqteyi-nəzərdən
baxsınlar, Azərbaycan
kimi ölkələri
dəyərləndirsinlər və Qafqazı sevdikləri ilə sevmədiklərinə bölməyə
cəhd etməsinlər,
yaxşı tərəfdaş
kimi davransınlar. Biz
buna hazırıq".
Xorvatiyalı nümayəndənin
sualını cavablandırarkən
dövlətimizin başçısı
bildirdi ki, Albaniyanın
Korça şəhərində
qazlaşdırma layihəsi
Azərbaycanın sərmayələri
sayəsində həyata
keçiriləcək. Bu sahədə
də ölkəmizin
təcrübəsi böyükdür.
Məsələn, Gürcüstanın
qazlaşdırılmasına böyük sərmayələr
yatırmışıq və
indi orada qazlaşdırmanın səviyyəsi
təxminən 80 faiz təşkil edir. Ondan əvvəl isə cəmi 30 faiz idi.
"Hazırda Bolqarıstanda qazlaşdırma layihəsini
müzakirə edirik. Əslində, həmin ölkədə qazlaşdırma
var, lakin məhduddur.
Bu gün Bolqarıstan
öz qaz istehlakının təxminən
50 faizini Azərbaycandan
təmin edir və biz digər ölkələrdə də
eyni addımı atmağa hazırıq. Yeri gəlmişkən, Xorvatiyaya gəldikdə, işimiz yalnız qazlaşdırmanın və
ya qaz təchizatının
müzakirəsi ilə
məhdudlaşmır. Energetikaya
aid digər məsələlər də
var", - deyə Prezident
İlham Əliyev qarşıda
dayanan işlər haqqında da məlumat vermişdir.
Flora SADIQLI,
Azərbaycan.-2025.- 11 aprel (№70).- S.8.