Azərbaycan qlobal enerji diplomatiyasının
lideridir
Bakıda keçirilən
"Cənub Qaz Dəhlizi" Məşvərət
Şurası çərçivəsində
nazirlərin 11-ci və
"Yaşıl Enerji"
Məşvərət Şurası
çərçivəsində 3-cü iclası uğurla baş tutdu və bir neçə
mühüm aspektdən
mühüm nəticələrlə
yadda qaldı. İlk növbədə
qeyd edək ki, bu iclaslar həm
regional, həm də qlobal enerji təhlükəsizliyi
və iqlim dəyişikliyi ilə mübarizə baxımından
strateji əhəmiyyət
kəsb edir.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin
də iştirak etdiyi iclaslarda Avropa İttifaqı, Türkiyə, İtaliya,
ABŞ, Böyük Britaniya,
Gürcüstan, Macarıstan,
Bolqarıstan, Yunanıstan,
Albaniya, Moldova, Monteneqro,
Serbiya, Ukrayna və Xorvatiya kimi ölkələrin yüksəkvəzifəli nümayəndələri
təmsil olunurdular. Bundan başqa, SOCAR, BP,
BOTAŞ, TANAP, TAP, TPAO, Bulgargaz EAD, Bulgartransgaz, Fluxys, ROMGAZ
SA, SACE, Desfa, TotalEnergies,
SNAM, Uniper, Petronas, "ACWA Power",
"Masdar" və digər
enerji şirkətləri
tədbirlərdə iştirakçı
idi. İclaslarda Dünya Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının, Avropa
Yenidənqurma və İnkişaf Bankının,
Avropa İnvestisiya Bankının, Asiya İnfrastruktur və İnvestisiya Bankının,
Asiya İnkişaf Bankının da təmsilçiliyi
belə tədbirlərin
qlobal maliyyə institutları üçün
nə qədər böyük önəm kəsb etdiyini göstərir.
Bu iclaslar yalnız regional enerji əməkdaşlığında
deyil, həm də qlobal enerji siyasətində Azərbaycanın artan rolunu bir daha
təsdiqlədi. Azərbaycan
tərəfindən təşəbbüs
göstərilən və
Avropa Komissiyasının
dəstəklədiyi bu
tədbirlər enerji təhlükəsizliyinin təminatı,
"yaşıl enerji"
keçidi və strateji tərəfdaşlığın
gələcəyi baxımından
son dərəcə böyük
əhəmiyyət daşıyır.
Gələcəyə strateji baxış
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin
tədbirdəki çıxışı
yalnız enerji siyasəti deyil, həm də gələcəyin iqtisadi
və geosiyasi konturlarının necə
formalaşacağına dair
strateji baxış idi. Dövlət rəhbərimizin çıxışının
əsas tezislərindən
biri bu idi
ki, enerji təhlükəsizliyi
yalnız resurslara
sahib olmaqla deyil, səmərəli əməkdaşlıq
və qarşılıqlı
etimada əsaslanan tərəfdaşlıqla təmin
edilə bilər. Azərbaycan Prezidentinin vurğuladığı kimi,
"Cənub qaz dəhlizi"nin uğuru ölkələr, şirkətlər
və beynəlxalq maliyyə institutları arasında tarazlaşdırılmış
maraqlar sayəsində
mümkün olmuşdur.
Bu gün 3500 kilometrlik "Cənub qaz dəhlizi" infrastrukturu
12 ölkəyə, o cümlədən
10 Avropa ölkəsinə
Azərbaycan qazını
çatdırır. Bu layihə
yalnız ixrac deyil, həm də regional sabitlik və iqtisadi inkişaf baxımından
strateji dəyərə
malikdir.
Azərbaycan uzun illərdir ki, bütün
dünyada neft və qaz ixracı
sahəsində etibarlı
tərəfdaş kimi
tanınır. "Cənub
qaz dəhlizi", Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa kimi layihələr ölkəmizin
bu mövqeyini daha da möhkəmləndirib.
Prezident İlham Əliyev
çıxışında vurğuladığı kimi,
Avropa Komissiyası Azərbaycanın Pan-Avropa
qaz təchizatçısı
kimi rolunu tanıyır və bu, qarşılıqlı
etimadın göstəricisidir.
Ölkəmiz hazırda
hasilatda və nəql prosesində strateji partnyor kimi çıxış edir. "Şahdəniz",
AÇG və "Abşeron"
kimi iri yataqlar Azərbaycanın qaz ixrac potensialını
daha da genişləndirir.
2024-cü ildən etibarən
"Abşeron" yatağının
ikinci fazası da planlaşdırılır ki, bu
da əlavə 3 milyard
kubmetr qaz istehsalı deməkdir.
Maliyyələşmənin məhdudlaşdırılması
siyasətinə yenidən
baxılmalıdır
Azərbaycan Prezidentinin
irəli sürdüyü
ən mühüm məsələlərdən biri
də qaz layihələrinə dair maliyyələşmənin məhdudlaşdırılması
siyasətinə yenidən
baxılması oldu. Dövlətimizin başçısı
diqqətə çatdırdı
ki, qaz infrastrukturuna
yeni sərmayələr olmadan
gələcəkdə təchizat
zəncirlərində ciddi
çatışmazlıqlar yarana bilər. Bu baxımdan beynəlxalq maliyyə institutlarının
siyasətləri yalnız
ekoloji prioritetlərə
deyil, həm də geosiyasi və enerji təhlükəsizliyi reallıqlarına
uyğun olmalıdır.
Azərbaycanda qaz hasilatı və ixracı üçün
tələb olunan sərmayələrin uzunmüddətli
geridönüşü nəzərə
alınaraq, həm dövlət, həm də investorlar qarşısında real təminatlar
qoyulmalıdır.
Azərbaycanın enerji siyasətində ən diqqətçəkən məqamlardan
biri onun "yaşıl enerji" ilə bağlı paralel və sinxron yanaşmasıdır.
Prezident çıxışında
qeyd etdi ki, ölkəmizdə 2030-cu ilə
qədər 6 giqavat günəş və külək enerjisi istehsalı planlaşdırılır.
Bu potensial daxili tələbatı qarşılamaqla
yanaşı, təbii
qazın ixracına imkan yaradacaq.
Eyni zamanda tarixi Zəfərimiz nəticəsində azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazilərində
artıq 270 meqavatlıq
hidroelektrik stansiyalar istismara verilib, daha 500 meqavatlıq güc isə yaxın beş ildə əlavə olunacaq. Bu, ölkənin ümumi bərpaolunan enerji gücünü 6,5 giqavata çatdıracaq.
Uğurlu strategiya
Azərbaycanın COP29-a evsahibliyi
etməsi onun yalnız regional enerji lideri deyil, qlobal
enerji siyasətinin formalaşdırılmasında da fəal iştirakçı
olduğunu göstərir.
Elə Prezident
İlham Əliyevin çıxışında
verdiyi əsas mesajlardan biri də bu oldu:
bərpaolunan enerji və faydalı qazıntılar bir-birinə
qarşı deyil, bir-birini tamamlayan sütunlardır.
Azərbaycan "yaşıl
keçid"ə töhfə
verən, eyni zamanda enerji təhlükəsizliyini təmin
edən nadir ölkələrdəndir.
Bu, ölkənin həm
bərpaolunan enerji layihələrinə, həm
də qaz ixracına paralel sərmayə yatırmaq strategiyasının uğurla
həyata keçirildiyini
sübut edir.
Azərbaycanın təqdim
etdiyi enerji modeli - etibarlı təchizat, genişlənən
infrastruktur, "yaşıl
enerji" keçidi və balanslaşdırılmış
əməkdaşlıq bir
çox region və ölkələr üçün
nümunə ola bilər.
"Cənub Qaz Dəhlizi" və "Yaşıl Enerji" məşvərət şuraları
ölkəmizin bu sahədə təşəbbüskar
və konsolidasiyaedici rola sahib olduğunu göstərir.
"Hesab edirəm ki, bizi birləşdirən tərəfdaşlığın və əməkdaşlığın
çox müsbət
əzmi məsuliyyətimizin
aydın təzahürüdür.
Bu, istehsalçıların, tranzit ölkələrin və istehlakçıların
məsuliyyətidir. Əlbəttə
ki, bu prosesin üç əsas iştirakçısı arasında
maraqların tarazlığı
beynəlxalq maliyyə
təsisatlarının dəstəyi
ilə bizim hekayətimizi və ya hekayətlərimizi uğura çevirdi. Ölkələr, onların
hökumətləri, investorlar,
şirkətlər, aparıcı
maliyyə təsisatları
bizim komandamızdır
və bu komanda genişlənir. Bu gün heç vaxt görünmədiyi kimi aydındır ki, enerji təhlükəsizliyi
ölkələrin milli təhlükəsizliyinin
ayrılmaz hissəsidir.
Mən hətta deyərdim ki, bu gün biz həmçinin
sənaye təhlükəsizliyi
haqqında danışa
bilərik, çünki
sənayeni inkişaf etdirmək üçün
bizə enerji ehtiyatları, neft-kimya məhsulları, gübrələr
lazımdır. Azərbaycan
isə xam neftin, təbii qazın, neft məhsullarının, neft-kimya
məhsullarının və
gübrələrin istehsalçısı
və ixracatçısıdır"
- cənab İlham Əliyev
vurğuladı.
İnkişafı stimullaşdıran
təşəbbüslər
Bakıda keçirilən
"Cənub Qaz Dəhlizi" Məşvərət
Şurası çərçivəsində
nazirlərin 11-ci və
"Yaşıl Enerji"
Məşvərət Şurası
çərçivəsində 3-cü iclasının faydalı nəticələrini xülasə
etsək, bu toplantıların ilk növbədə
enerji təhlükəsizliyinin
gücləndirilməsi istiqamətində
nə qədər faydalı olduğunu görərik. "Cənub
qaz dəhlizi" Avropanın enerji təhlükəsizliyində həyati
əhəmiyyətli rol
oynayır, çünki
bu layihə Avropanın enerji resurslarının diversifikasiyasını
təmin edir və başqa enerji ölkələrindən
asılılığı azaldır.
Müvafiq iclaslar Azərbaycanın bu dəhlizin əsas təşəbbüskarı və
iştirakçısı kimi
həm qaz, həm də "yaşıl enerji" baxımından Avropanın
mühüm tərəfdaşı
statusunu bir daha təsdiqlədi. İclaslar çərçivəsində
aparılan müzakirələr,
xüsusilə bərpaolunan
enerji (külək, günəş) layihələrinin
irəlilədilməsi, hidrogen
istehsalı və ixracı potensialı üzərində quruldu, Xəzər dənizində
külək enerjisi potensialının reallaşdırılması,
Avropa ilə "yaşıl enerji" bağlantılarının (kabel
və enerji dəhlizləri vasitəsilə)
inkişafı müzakirə
edildi. Bütün bunların hər biri çox vacib məqamlardır.
Belə müzakirə
platformaları müxtəlif
ölkələr və
beynəlxalq təşkilatları
bir araya gətirərək enerji sahəsində qarşılıqlı
anlayışı, əməkdaşlığı
möhkəmləndirir, Avropa
Birliyi, Türkiyə,
Gürcüstan, Balkan ölkələri,
Orta Asiya ölkələri və digər tərəfdaşlarla
koordinasiya daha güclü şəkildə
davam etdirilir. İclaslar çərçivəsində
iqlim dəyişikliklərinə
qarşı mübarizədə
enerji keçidi (transition)
və dekarbonizasiya məsələlərində əməkdaşlıq
imkanları genişlənir.
Belə platformalar,
qlobal təşəbbüslər
yalnız enerji deyil, həm də nəqliyyat və ticarət əlaqələrinin inkişafını
stimullaşdırır. Xüsusilə
"yaşıl enerji"
dəhlizinin Gürcüstan
və Qara dəniz üzərindən
Avropaya ötürülməsi
planları önə
çıxır. İclaslarda
bərpaolunan enerji sahəsində beynəlxalq
sərmayələrin cəlbi,
texnoloji yeniliklər və dayanıqlı inkişaf mövzularının
aktuallaşdırılması da son dərəcə mühümdür.
Azərbaycan üçün
bütün bu məqamlar qeyri-neft sektorunun inkişafı və "yaşıl iqtisadiyyat"a keçid baxımından da vacibdir.
Qeyd edək
ki, "Yaşıl Enerji"
Məşvərət Şurasının
iclasında bərpaolunan
enerji sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə
edildi və bu çərçivədə
Azərbaycan, Gürcüstan,
Rumıniya və Macarıstan arasında
"yaşıl enerji"nin
inkişafı və ötürülməsi sahəsində
strateji tərəfdaşlıq
haqqında Sazişin icrası üzrə Rəhbər Komitənin
ilk iclası keçirildi.
Belə bir xoş başlanğıc
da iclasların faydalı
nəticələrindən biri kimi dəyərləndirilə
bilər.
Bir sözlə, Bakıda keçirilən bu iclaslar Azərbaycanın enerji diplomatiyasındakı
liderliyini və strateji rolunu bir daha nümayiş
etdirdi.
İradə ƏLİYEVA,
Azərbaycan.-2025.- 11 aprel
(№70).- S.8.