Şöhrət
qəhrəmanlığı ilə şöhrət qazandı
İkinci Qarabağ
müharibəsində peşəsindən,
ixtisasından asılı
olmayaraq, bütün hərbçilər üzərlərinə
düşən döyüş
tapşırıqlarının öhdəsindən bacarıqla,
cəsarətlə və
böyük hünərlə
gəldilər. Onlar qələbəmiz, zəfərimiz
naminə həyatlarını
təhlükəyə ataraq
mərdliklə düşməni
məğlub etdilər.
Hərbi həkimlərimiz
də torpaqlarımızın
azadlığı naminə
böyük igidlik və şücaət göstərdilər. Nə
qədər çətin
olsa da, onlar öhdələrinə
düşən döyüş
tapşırıqlarını bacarıqla yerinə yetirdilər. Əks-hücum
əməliyyatları zamanı
hərbi həkimlər
neçə-neçə döyüşçünün
həyatını xilas
etdilər. Təəssüf
ki, döyüş meydanında hərbi həkimlərimiz arasında
da şəhidlik məqamına yüksələnlər
oldu.
Tibb xidməti baş leytenantı Qasımov Şöhrət
Şakir oğlu da hərbi həkim
idi. Digər cəsarətli oğullarımız
kimi, o da 44 günlük Vətən müharibəsi başlayanda
yurdumuzun müdafiəsinə
atılmışdı. Amma
Şöhrətin döyüş
yolu uzun çəkməmişdi. Şöhrət
Qasımov Suqovuşan
kəndi uğrunda gedən əməliyyatda döyüş tapşırığını
yerinə yetirərkən
qəhrəmancasına şəhid
olmuşdu. Yaxınları,
doğmaları göz
yaşları içində
onu Sumqayıt şəhərindəki Şəhidlər
xiyabanında torpağa
tapşırmışdı. Gənc zabit Vətən müharibəsində
şəhid olan ilk hərbi həkim idi.
.
Şöhrət Aprel
döyüşlərində də iştirak etmişdi
Şöhrət Qasımov
16 avqust 1992-ci ildə
Gədəbəy rayonunda
dünyaya göz açmışdı. Sonra
ailəsi Sumqayıt şəhərinə köçmüşdü.
Gələcəyin həkimi
ilk təhsilini Sumqayıt şəhərindəki
18 saylı tam orta məktəbdə almışdı. Bir müddət sonra, 2009-cu ildə Şöhrət təhsilini Sumqayıt şəhərində yerləşən
Cəbrayıl rayonu 5
saylı orta məktəbdə davam etdirmişdi. O, həmişə
kitab oxumağa böyük maraq göstərmiş, buna görə də dərslərindən yüksək
qiymətlər almışdı.
Şöhrət həkim
olmaq, insanların sağlamlığı keşiyində
dayanmaq istəyirdi.
Nəhayət, illərdən
bəri ürəyində
tumurcuqlamış arzularına
çatır. O, orta təhsilini başa vurduqdan sonra 2009-cu ildə yüksək balla Azərbaycan Tibb Universitetinin (ATU) Hərbi tibb fakültəsinə qəbul
olur. Təhsil illərində elmi biliklərə daha dərindən yiyələnir.
Universiteti uğurla bitirdikdən sonra Müdafiə Nazirliyinin
"N" hərbi hissəsində
xidmətə başlayır.
İllər ötüb
arxada qaldıqca hərbi tibb qulluqçusu olan gənc zabit biliyi, bacarığı və nizam-intizamı ilə diqqət çəkir. Yorulmaq bilmədən zabit və əsgərlərin
sağlamlığı keşiyində
dayanır, nümunəvi
xidməti ilə fərqlənir.
Tibb xidməti baş leytenantı Şöhrət Qasımov
2016-cı ildə Aprel
döyüşlərində hərbi həkim kimi iştirak edib. Əməliyyatlar zamanı üzərinə
düşən vəzifələrin
öhdəsindən bacarıqla
gəlib. Neçə-neçə
zabit və əsgəri ölümdən
xilas edib. Təcrübə və səriştəsini nəzərə
alan komandanlıq
2018-ci ildə gənc
zabiti hərbi hissənin tibb xidməti rəisi vəzifəsinə təyin
edib. Xidmət illərində nümunəvi
zabit, öz işini bilən savadlı, peşəkar həkim kimi həm komandanlığın,
həm də zabit və əsgərlərin
böyük rəğbətini
qazanıb. Buna görə xidməti dövründə fəxri
fərmanlara və təşəkkürnamələrə layiq görülüb. Qazandığı bu uğurlar onu hərbi xidmətə daha da həvəsləndirib.
Gənc zabit düşünürdü ki,
onun ən böyük uğurları
hələ irəlidədir.
İnanırdı ki,
sıralarında xidmət
etdiyi, gündən-günə
qüdrətini artıran
Azərbaycan Ordusu günlərin birində erməni işğalında
qalmış torpaqları
azad edəcək. Şöhrət Qasımovun
gözlədiyi həmin
gün 27 sentyabr
2020-ci ildə gəldi.
Hərbi
hissənin tibb xidməti rəisi, baş leytenant Şöhrət Qasımov
erməni təxribatı
nəticəsində başlayan
İkinci Qarabağ müharibəsində hərbi
həkim kimi iştirak etdi. Elə ilk əməliyyatlarda
cəsarət göstərdi.
Gənc zabit 2 gün ərzində iştirak etdiyi döyüşlərdə bir
çox mühüm tapşırığı yerinə
yetirdi. O, həyatını
riskə qoyub neytral zonada qalmış yaralılarımızı
və şəhidlərimizi
çıxartdı. Sonuncu
dəfə 29 sentyabr
2020-ci ildə Tərtər
rayonunun Suqovuşan kəndi istiqamətində
gedən döyüşlərdə
böyük şücaət
göstərərək bir
neçə çətin
tapşırığın öhdəsindən gəldi.
Yaralıları döyüş
bölgəsindən çıxaran
zaman düşmənlə
üz-üzə gəldi
və son nəfəsinə qədər
cəsarətlə vuruşdu.
Döyüşə-döyüşə
zirehli maşında olan 4 yaralı hərbçini xilas etdi. Təəssüflər
olsun ki, həmin gün hərbi həkim Şöhrət Qasımov
şəhid oldu. Özünün də cəsədi neytral zonada qaldı. Onun nəşini yalnız oktyabrın 9-da çıxarmaq mümkün
oldu.
Daim ehtiramla xatırlanacaq oğullar
Vətən müharibəsində
göstərdiyi igidliyə
və qəhrəmanlığa
görə Şöhrət
Şakir oğlu Qasımov Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə
ölümündən sonra "Vətən
uğrunda" və
"Suqovuşanın azad
olunmasına görə"
medallarına layiq görülmüşdür.
Şəhidin atası
Şakir Qasımov bir anlıq fikrə gedib dedi ki, oğul
itirmək valideyn üçün çox ağırdır: "Yeganə
təskinliyimiz ondadır
ki, övladlarımız
Vətən uğrunda,
torpaqlarımızın azadlığı
uğrunda şəhid
olublar. Oğlum Şöhrət Qasımov
ona verdiyimiz adı doğrultdu. Şöhrətlə yaşadı,
şöhrətlə də
şəhid oldu. Şöhrət ata-baba yurdumuz Gədəbəy rayonunda dünyaya göz açmışdı.
Sonra biz ailə vəziyyəti ilə əlaqədar Sumqayıt şəhərinə
köçdük. Orta təhsilini bitirdikdən sonra yüksək balla Azərbaycan Tibb Universitetinə qəbul oldu. Şöhrət başqa sahəni də seçə bilərdi. Amma o, hərbçi
olmaq istədiyini bildirdi, bu yolla
getdi. Hərbi forma oğluma çox yaxşı yaraşırdı.
Xidmətə başlayandan
sonra sanki həyata yenicə doğulmuşdu. Həm həkim, həm də hərbçi kimi iki müqəddəs
peşənin öhdəsindən
layiqincə gəlməyə
çalışırdı. O, idmanı da çox sevir, güləşlə
məşğul olurdu.
2020-ci il sentyabrın 27-də döyüşlər başlayanda
onları Suqovuşan kəndi istiqamətində
gedən əməliyyatlara
cəlb ediblər. Şöhrət elə
ilk günlərdən neçə-neçə
yaralı əsgər
və zabitin həyatını xilas edərək hərbi həkim kimi üzərinə düşən
tapşırıqların öhdəsindən
cəsarətlə gəlib.
Təəssüflər olsun
ki, onu tez itirdik. Qarabağı azad görmək istəyən oğlum müharibənin ikinci günü - sentyabrın
29-da döyüş tapşırığını
yerinə yetirərkən
şəhid oldu. Oğlumun iki övladı - Murad və İlayda yadigar qalıb. Onları oğlumun adına layiq böyüdəcəyik".
Xalqımız torpaq və Vətən uğrunda şəhid olan Şöhrət kimi bir-birindən cəsur, igid oğulları heç vaxt unutmayacaq. Həm bugünkü, həm də gələcək nəsillər
həmişə onları
hörmətlə xatırlayacaq,
dərin ehtiramla yad edəcəklər.
Vahid MƏHƏRRƏMOV,
Azərbaycan.-2025.-
11 aprel (№70).- S.11.