Yol
gözləyən qatarlar,
qatar gözləyən
yollar
Ömrümüz boyu
yaşadığımız elə yaddaqalan günlər, hadisələr
var ki, onları
heç vaxt unuda bilmirik. 2020-ci ilin payızında da həyatımızın
ən əlamətdar
günlərini yaşadıq.
Azərbaycan Ordusu gücü, qüdrəti
və qətiyyəti
ilə 44 günlük
Vətən müharibəsində
Müzəffər Ali
Baş Komandan İlham Əliyevin sərkərdəliyi altında
30 ilə yaxın davam edən erməni işğalına
son qoydu. Uzun illər düşmən tapdağında
qalmış şəhər
və kəndlərimiz
hərbçilərimizin qəhrəmanlığı
sayəsində bir-birinin
ardınca işğalçılardan
təmizləndi.
Həmin günlər
azad olunan yaşayış məntəqələrindən
biri də qoynunda dünyaya göz açdığımız
Zəngilan rayonunun Babaylı kəndi idi. Uzun çəkən
ayrılıq, həsrət
və intizardan sonra bu günlər
böyük sevinc və fərəh içində kəndimizə
getmişdik. Şükürlər
olsun ki, ilıq payız günlərinin birində
30 ildən çox davam edən ayrılıqdan, həsrətdən
sonra ayağımız
doğma ocaqlarımıza
dəydi. Həmin anlar sevincimizdən dilimizdə bu sözlər tumurcuqladı:
"Gözün aydın,
Vətən, biz qayıtmışıq!"
Kəndimizin hər
addımında, hər
qarışında erməni
vəhşiliyinin, erməni
vandalizminin qanlı izləri qalmışdı.
Uçurulub yerlə yeksan edilmiş evlərin hamısı eyni görkəmə düşmüşdü. Dağıdılıb
viran qoyulmuş hər yer qan
ağlayır, hər
yer qəm püskürürdü. Bu
dəhşətli mənzərələr
ürəyimizi dağlayır,
qəlbimizi sızladıb
göynədirdi. Amma ata-baba yurdumuzun yuxarı tərəfini gəzəndə gördüklərimizdən
ürəyimiz açıldı,
sanki qəlbimizin sızıltısı bir
az kəsdi, göynərtisi azaldı.
Kəndimizin baş tərəfindən dəmiryol
xətti çəkilmişdi.
Bu dəmir yolu əvvəllər Babaylıdan 5 kilomert uzaqda yerləşən Həkəri stansiyasından
keçirdi. Sevincimizə
səbəb olan o idi ki, bu
dəmir yolu xətti kəndimizi ölkənin paytaxtı ilə birləşdirirdi.
Nə böyük xoşbəxtlik, nə böyük sevinc! Artıq qatarları qəbul etməyə hazır olan qoşa qanada oxşayan dəmir yolu xəttini görəndə xatirələr
əlimizdən tutub bizi ötən illərə, yurdumuzun nisgili ilə yaşadığımız, için-için
həsrət oduna yandığımız günlərə
apardı.
Bir axşam yenə də cəbhə bölgəsinə
ezamiyyətə gedəcəkdik.
Səhər tezdən
dəmiryol vağzalına
gəlib qatara bilet aldıq. Gecikməmək üçün
axşam da evdən bir az tez çıxdıq.
Metrodan çıxanda
saata boylandıq. Qatarın yola düşməsinə 15-20 dəqiqə
qalırdı. Gec deyildi. Həmişəki kimi ətrafda yaman səs-küy, sıxlıq var idi, sərbəst addım atıb irəliləmək mümkün
deyildi. Bu cür sıxlığa baxmayan xırda alverçilər boğazlarına
güc verib yorulmadan hündürdən
səslənərək axşam-axşam
özlərinə müştəri
soraqlayırdılar. Yaxınlıqdakı
geniş küçədən
ötüb keçən
maşınların uğultusu,
zəhlətökən aramsız
siqnalları kəsilmirdi.
Axşamın qaranlığında
hər şey bir-birinə qarışmışdı.
Dəmiryol vağzalının
geniş meydanına çıxanda bir şairin "Vağzallarından
tanınır şəhərlər"
misrası yadımıza
düşdü. Doğrudan
da, bu misrada
böyük həqiqət
var. İstər dəmir yolu vağzalları, istərsə
də avtovağzallar şəhərlərin sifətidir.
Gələn qonaq-qara birinci dəfə hər hansı bir şəhərə qədəm qoyanda əvvəlcə vağzalların
"üz"ünü görür.
Buna görə də həmişə şəhərimizin "üz"ünü
təmiz saxlayırıq
ki, onu görənlər
elə ilk görüşdən, ilk
baxışdan onu sevsinlər, vurğunu olsunlar.
Şairin bu xoşagələn misrasını
özümüz üçün
pıçıldaya-pıçıldaya
pilləkənlərlə yuxarı
qalxdıq. Günün
bütün vaxtlarında
- istər gündüz,
istərsə də gecə olsun, həmişə dəmir yolu vağzalının üst tərəfindəki
kiçik dairənin yanına qədəm qoyanda eyni mənzərə
ilə qarşılaşırdıq.
Bir yerdə dayanmayan, ora-bura gəzişən taksi sürücülərini gələnlərin,
gedənlərin qabağına
yüyürə-yüyürə özlərinə müştəri
axtaran görürdük.
İki binanın arasından, tunelə bənzəyən yerdən
keçən kimi qarşımızda geniş
mənzərə açılırdı.
Əvvəlki vaxtlarına
baxanda dəmiryolu vağzalı öz libasını xeyli dəyişmişdi. Meydan
əsaslı təmir
olunmuş, diametri balaca olsa da,
fəvvarə tikilmişdi.
Gələn qatarları
gözləmək üçün
çox da iri olmayan səliqəli
oturacaqlar quraşdırılmışdı.
Platforma və yolları göstərən
elektron tablolar uzaqdan görünən hündür yerlərə
vurulmuşdu. Yan-yana düzülmüş lampalardan
süzülən rəngbərəng
işıqlar ətrafa
xüsusi yaraşıq
verir, sanki yer üzünə, göy üzünə nur çiləyirdi.
Bələdçi əlindəki
balaca fanarla sənədlərimizin üstünə
işıq salıb diqqətlə yoxlayandan sonra bizi vaqona
buraxır. Yerlərimizi
biletə uyğun dəqiqləşdirib otururuq.
"Məlumat bürosu"nda
iş başında olan qadın isə heç yerə tələsmədən,
yorulmadan incə, ürəyəyatımlı səsi
ilə qatarların vağzala daxil olmasını və yola düşməsini elan edir. Yenə
də səs-səsə
qarışır. Elə
bil vağzalın bütün səs-küyü
arxamızca düşüb,
vaqonun pəncərəsindən
içəri dolur. Nəhayət, deyəsən,
yola düşmək növbəsi bizim qatara da çatır.
Vağzal yenə də qadının məlahətli səsinə
bürünür: "Bakıdan
Qazaxa gedən qatarın yola düşməsinə beş
dəqiqə qalır..."
Bu anlar fikrə gedib düşünürük ki,
gör neçə illərdir yollardayıq. Ömrümüzün bir
hissəsi dəmir relslər üzərində,
vaqonlarda keçir. Nədəndirsə, həmişə
qatarların vağzala
daxil olması və yola düşməsi
məlumatlarını qadınlar
səsləndirirlər. Artıq
vərdiş etdiyimizdən
bu səs sanki ruhumuza, qanımıza hopur. Hər gün xidmətindən istifadə
etdiyimiz metroda da belədir.
Bizi mənzilbaşına
aparacaq qatara hələ də miniyin davam etməsi
barədə məlumat
veriləndə bir anlıq xəyallar bizi ötən çağlara, artıq yaşanmış və arxada qalmış günlərə apardı.
O illər qoynunda dünyaya göz açdığımız Zəngilan
torpağına gedəndə
də beləcə kupedə oturub "Bakı-Qafan" qatarının
yola düşəcəyini
gözləyirdik. Həmin
günlərdə də
indiki kimi ölkəmizin müxtəlif
istiqamətlərinə yola
düşən qatarların
vaxtını, yerini və platformasını qadınlar elan edirdilər. O vaxtlar ürəyimizdən elə
keçirdi ki, qatarla Gəncəyə, Qazaxa, Tovuza, Ağdama, eləcə də başqa rayonlara, şəhərlərə
gedək. O yerləri də görək, o yerləri də gəzək.
Lakin üstündən
illər keçəndən
sonra hər şey əksinə olmuşdu. İndi "Bakı-Qazax" qatarında
oturub "Bakı-Qafan"la
doğma ocaqlarımıza
getməyin həsrətini
çəkirik. Yenidən
o günlərə, o illərə
qayıtmağı arzulayırdıq.
Ata-baba yurduna gedib dogma ocaqlarımızı
addım-addım gəzmək
istəyirdik.
Bizi xəyallardan
qatarların yola düşməsini xəbər
verən xanımın
məlahətli səsi
ayırdı. Qadın
həzin-həzin tələsmədən
"Bakıdan-Qazaxa gedən
qatar ikinci yoldan, ikinci platformadan yola düşür. Sərnişinlərdən
xahiş olunur ki, vaqonlarda yerlərini tutsunlar. Yaxşı yol, hörmətli sərnişinlər!"
dedi.
Qatarın yola düşməsi xəbəri
veriləndən az sonra bir-birinə qoşulan vaqonların aramsız taqqıltısı
eşidildi. Zəif təkan bizim kimi şirin xəyallar içində olan başqa sərnişinləri də
silkələyib oyatdı.
Vaqonlar ağır yüklü maşınlar
kimi asta-asta yerindən tərpəndi.
Çox keçmədi
ki, səs-küylü
dəmiryol vağzalı
arxada qaldı. Qarşıda isə bizi birgecəlik uzun yol gözləyirdi.
Sabah görüləsi
işlərimiz çox
idi. Nə qədər iş-gücümüz
çox olsa da, başımız qarışsa da, doğma ocaqlar, dədə-baba yurdumuz, qoynunda dünyaya göz açdığımız
torpaqlar, əzizlərimizin
məzarları, evimiz,
həyətimiz, bağ-bağçamız,
Həkəri çayının
sahilləri və başqa yerlər yaddan çıxmırdı.
Şəhər və
kəndlərimizin erməni
işğalçılarının əlinə keçməsi
bizi için-için
yandırırdı. Düşmənə
lənətlər yağdıra-yağdıra
dogma ocaqlarımıza
dönəcəyimiz günün
həsrətini çəkirdik.
Həmin illərdə,
günlərdə fikirləşirdik
ki, torpaqlarımızın
işğalı əbədi
ola bilməz. Daimi gücünü artıran Azərbaycan Ordusu günlərin birində erməni qəsbkarlarını qovub
yurdumuzdan çıxaracaq,
torpaqlarımız işğaldan
azad olunacaq. Xoşbəxt, gözəl
günlərin birində
yenə də "Bakı-Zəngilan" qatarı
ilə doğma ocaqlarımıza getmək
üçün yola çıxacağıq. Gecələr
yol gedən qatar həmişəki kimi yenə də bizi səhər-səhər
mənzil başına
- Həkəri stansiyasına
çatdıracaq. Oradan
isə sevinə-sevinə
kəndimizə yollanacağıq.
Uzun illərdən sonra dədə-baba ocaqları yenə də doğmalarını
ağuşuna alacaq. Yenə də qismətimizə düşən
ömrümüzü dədə-baba
yurdumuzda yaşayacağıq.
Neçə illərdən
bəri quruyub, yanmış çöllər,
tarlalar yaşıl dona bürünəcək.
Yenə də gen dərələrin döşündə quzular
otlayacaq, yenə də bağlarda bülbüllər oxuyacaq.
Yenə də…
Hələliksə haradasa
dayanmış həsrət
qatarı öz yolunu, öz platformasını intizarla
gözləyirdi. Elə
intizar içində qalmış sərnişinlər
də onları doğma ocaqlarına aparacaq qatarın dayandığı yolu, platformanı axtarırdılar.
"Məlumat bürosu"ndan
isə uzun illər idi ki, bu bərədə
heç bir xəbər verilmirdi. Heç bayaqdan bəri sərnişinlərə
müxtəlif məlumatlar
verən qadının
da məlahətli, ürəyəyatımlı səsi
eşidilmirdi. Nədənsə,
o da susub qalmışdı, bu barədə heç nə danışmırdı.
Sərnişinlər də
neçə illərdir
ki, intizar və həsrət içində həmin günü, həmin anı gözləyirdilər.
Şəhərdən uzaqlaşandan sonra hiss olunurdu ki,
qatarın sürəti
yavaş-yavaş artır.
Bir az açıq
qalmış pəncərədən
kupemizə sərin hava dolurdu. Dəmir
təkərlərdən qopan
ritmik səslər vaqondakıları bezdirmir,
əksinə, onlara şirin yuxu gətirirdi. Relslər üstündə sürətlə
şütüyən elektrovoz
bütün gücü
ilə ar-dınca karvan kimi düzülmüş
vaqonları darta-darta içindəki sərnişinləri
bölgələrə aparırdı.
Erməni işğalında
qalmış doğma
ocaqlarımızı düşündükcə
yuxu gözlərimizə
yaxın gəlmirdi. Gecənini bu vaxtında da ata-baba yurdumuzun həsrəti ürəyimizi
yandırırdı. Belə
yuxusuz, narahat anlarında da olsa, arzulayır, xəyal qururduq ki, kaş gecənin
sakitliyində yol getdiyimiz bu qatar
günlərin birində
bizi Zəngilana, Qubadlıya, Laçına,
Ağdama, Əsgərana,
Xocalıya, Xankəndiyə,
Şuşaya və işğal altında qalmış başqa bölgələrimizə aparaydı.
Sevincini yaşayacağımız
xoş günlərin
birində xəyallarımız
gerçəkləşəydi, arzularımız çiçək
açaydı, gül
qoxuyaydı...
Şükürlər ki, 30 ildən sonra da olsa,
xəyallarımız gerçəkləşdi,
arzularımız çiçək
açdı, istəklərimiz
gül qoxudu. Xəyallarımız isə
öz-özünə, hansısa
sehirli bir qüvvənin əli, çubuğu ilə, əməli ilə gerçəkləşmədi. Arzularımızı, xəyallarımızı
Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi altında
gerçəkləşdirdi. Ordumuzun bir-birindən cəsur zabit və əsgərləri torpaqlarımızın azadlığı
uğrunda gedən döyüşlərdə böyük
igidlik və qəhrəmanlıqlar göstərdilər.
Xalqımızı sevindirən,
onu qürurlandıran
Zəfər də bu qəhrəmanlıqdan,
igidlikdən doğub dünyaya göz açdı.
Nə xoşbəxtik
ki, Zəngəzura, Naxçıvana gedib çıxacaq dəmiryol
xətti bizim də kəndimizdən keçir. Deməli, illərdən bəri həsrətində olduğumuz,
ürəyimizdə yuva
qurmuş arzumuzun həyata keçməsinə
lap az qalır.
Çox keçməyəcək
ki, Bakıdan yola düşəcək qatar Zəngəzurdan keçməklə Naxçıvana
gedib çıxacaq. Bu qatar bizi
də Zəngilana aparacaq. Gözəl günlərin, gecələrin
birində ölkəmizin
paytaxtındakı dəmir
yolu vağzalında çoxdan bəri gözlənilən tarixi hadisə yaşanacaq, arzular çiçək açıb reallaşacaq.
"Məlumat bürosu"nda
çalışan qadın
yenə də məlahətli, ürəkaçan
səsi ilə elan edəcək: "Hörmətli sərnişinlər,
"Bakı-Zəngilan" qatarı üçüncü
platformadan, ikinci yoldan yola düşür.
Sərnişinlərdən xahiş olunur ki, vaqonlarda yerlərini tutsunlar. Yaxşı yol, hörmətli sərnişinlər!"
V.MƏHƏRRƏMOV,
Azərbaycan.-2025.- 11 aprel
(№70).- S.11.