Atatürk Mərkəzində "Nəriman
Nərimanov: şəxsiyyət
və zaman" adlı tədbir keçirilib
Atatürk Mərkəzində
yazıçı, dramaturq,
publisist, həkim, maarifçi, pedaqoq, filosof, ictimai və dövlət xadimi Nəriman Nərimanovun anadan olmasının 155 illiyi münasibətilə tədbir
keçirilib.
Nəriman Nərimanovun
xatirə muzeyi və "Borçalı
cəmiyyəti" İctimai
Birliyinin birgə təşkilatçılığı ilə keçirilən
"Nəriman Nərimanov:
şəxsiyyət və
zaman" adlı tədbirdə çıxış
edən Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət
İdarəçilik Akademiyasının
Tarix kafedrasının
müdiri, dosent Firdovsiyyə Əhmədova
Nəriman Nərimanovun
həyat və fəaliyyətindən söz
açdı. Tarixçi
alim vurğuladı ki, N.Nərimanov ömrünün böyük
hissəsini qəlbən
inandığı xalq
işi uğrunda mübarizəyə həsr
edib: "O, xalqın taleyini müqəddəs amal kimi görürdü.
Milli maraqları daim üstün tutan rəhbər kimi taleyüklü məsələlərdə xalqımızın
mənafeyini sonadək
müdafiə edib. Elmin, maarifin və mədəniyyətin
inkişafı üçün
əlindən gələni
əsirgəməyib. Eyni
zamanda dövrünün
milli məfkurə daşıyıcılarına ehtiram
və qayğı ilə yanaşıb".
Ədibin ömür yoluna diqqət yetirən natiq xüsusi olarq qeyd etdi ki,
N.Nərimanovun amal dünyası əməl coğrafiyasından böyük
olmuşdur: "Bu coğrafiyada Azərbaycanı
Şərq üçün
nümunəvi respublikaya
çevirmək istəyən
N.Nərimanov prosesin
"sinfi qırğınlar",
vətəndaş müharibəsi,
silahlı mübarizə
yolu ilə deyil, yerli əhalinin
milli-tarixi təfəkkürünü,
sosial-məişət ənənəsini,
mənəvi tələbatını,
psixologiyasını nəzərə
almaqla, siyasi mübarizə vasitəsi ilə həyata keçirilməsini qəbul
edirdi".
N.Nərimanovun Azərbaycanda
sovet hakimiyyəti qurularkən baş verən haqsızlıqlara
qarşı mübarizə
ilə başlanan fəaliyyəti xalqımızın
düşmənləri tərəfindən
"milli təmamülçülük",
"millətçilik" siyasəti, sonralar isə "nərimanovçuluq"
adlandırılmışdır. Amma o, xalqın milli-mədəni tərəqqisinə,
din problemlərinə,
Azərbaycan dilinə
dövlət statusu verilməsinə, milli ziyalılara və təhsilə xüsusi diqqət yetirmiş, bütün bunlara milli dövlət quruculuğunun tərkib hissəsi kimi baxmış, milli adət-ənənələri qorumuş,
elm, maarif və mədəniyyətin
inkişafına qayğı
göstərmişdir. Təəssüf
ki, onun bu fəaliyyəti birmənalı qarşılanmamış,
əleyhinə geniş
kampaniya aparılmışdır.
N.Nərimanov fəaliyyətə
başlayarkən Azərbaycan
artıq İrəvan
və Dərbənd ərazilərini itirmiş,
Zaqatala, Zəngəzur,
Naxçıvan, Qarabağ
və Bakının taleyi mürəkkəb olaraq qalmışdır. Yalnız onun qətiyyəti sayəsində
Naxçıvan, Qarabağ,
Zaqatala Azərbaycanın
tərkibində saxlanılmış,
Bakı Azərbaycanın
paytaxtı kimi tanınmışdır. Nəriman
Nərimanov Naxçıvanın
Azərbaycandan təcrid
olunmaması üçün
Meğridən yol almaqdan ötrü ardıcıl mübarizə
aparmış, Zəngəzurun
isə Azərbaycandan
ayrılmasının qarşısını
ala bilməmişdir.
Tarixçi alim
qeyd etdi ki, N.Nərimanovdan danışarkən onun fəıaliyyətinin hər
bir sahəsinə xüsusi diqqət yönəltmək lazımdır.
"N.Nərimanov Azərbaycan
nümayəndəsinin bilavasitə
iştirakı olmadan mərkəzdə Azərbaycana
aid heç bir məsələnin müzakirə edilməməsini,
mərkəzi strukturlarda
Azərbaycanın tam səlahiyyətli nümayəndələrlə
təmsil olunmasını,
neft istehsalına və satışına Azərbaycan hökumətinin
nəzarətinin artırılmasını
tələb edirdi. Milli Ordunun, aviasiyanın, nəqliyyat sisteminin yaradılmasına
diqqət yetirmiş, Bakı-Culfa dəmiryolunun,
Bakı-Tiflis-Batum neft
kəmərinin çəkilməsinin
başa çatdırılmasına
nail olmuşdur".
Nəriman Nərimanov
Şərq xalqlarının
müstəmləkə zülmündən
xilasını öz mübarizəsinin başlıca
amalı sayırdı.
O, sovet hökumətini
Şərq siyasətini
düzgün anlamamaqda
ittiham edir, İranda kommunist inqilabını inkişaf
etdirmək tərəfdarlarının
tezliklə iflasa uğrayacağını əvvəlcədən
bildirirdi. N.Nərimanov
həmçinin Rusiyanın
Türkiyə siyasətinə
müsbət yön verilməsinə fəal təsir göstərirdi. Təsadüfi deyil ki, Türkiyədən Moskvaya göndərilən
nümayəndə heyətlərinin
hamısı Bakıda
Nərimanovdan məsləhət
aldıqdan sonra oraya gedirdilər.
Tədbirdə Azərbaycan
Respublikasının ictimai-siyasi
və dövlət xadimi, diplomat, tarix elmləri doktoru Həsən Həsənov çıxış
edərək xalqımızın
böyük oğlu Ulu Öndər Heydər Əliyevin Nəriman Nərimanova olan sevgisindən bəhs etdi: "Nəriman Nərimanov milli kommunist ideologiyasının ən
böyük nümayəndələrindən
idi. O, bu idealogiyaya inanırdı. Mən deyərdim ki, Azərbycanda Nərimanovu hamıdan çox istəyən də elə Heydər Əliyev olub. Bir faktı
qeyd edim. N.Nərimanovun heykəli
10 il Cəlal Qaryağdıoğlunun emalatxanasında
saxlaınılıb. Onu
qoymağa icazə verməyiblər. Yalnız
Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olandan sonra həmin heykəlin emalatxana ömrünə son qoyuldu. Ulu Öndər
Nəriman Nərimanovun
yubleyini keçirmək
üçün o zamankı
SSRİ rəhbəri Leonid
Brejnevlə görüşüb
100 illik yubileyini keçirməyə nail oldu".
Kulturoloq, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Fuad Məmmədov isə çıxışında vurğuladı
ki, Nəriman Nərimanov Azərbaycan ziyalılığının ən
gözəl nümunələrindən
biridir: "O, həm yüksək mədəniyyətə
malik, həm də sosialist və milli dəyərləri
özündə birləşdirən
bir şəxsiyyət
olub. Onun yüksək mənəviyyatının
iki əsas mənbəyi vardı: ailəsi və təlim-tərbiyə aldığı
mühit. Bu amillər onun böyük şəxsiyyət
kimi formalaşmasında
mühüm rol oynayıb".
Tədbirdə Xəzər
Universitetinin təsisçisi
və ilk rektoru, "Xəzər"
Universitetinin Direktorlar
və Qəyyumlar Şurasının sədri,
fizika-riyaziyyat elmləri
doktoru, professor Hamlet İsaxanlı, tarix üzrə fəlsəfə doktoru,
DİA-nın dosenti Rəna Bayramova, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi,
"Borçalı cəmiyyəti"
ictimai birliyinin sədri Ramiz Həsənov da çıxış edərək
Azərbaycana həsr edilmiş bir ömrün müxtəlif
sahələrinə işıq
saldılar.
Elşən QƏNİYEV,
Azərbaycan.-2025.-
16 aprel (№ 74).- S.11.