Dmitri
Pineviç: "Minsk
və Bakı arasındakı münasibətlər
strateji tərəfdaşlıq
səviyyəsinə yüksəlib"
“Diplomatik korpusun
və hərbi attaşelərin nümayəndə
heyətinin tərkibində
Xankəndi və Şuşa şəhərlərinə
səfər edəcəyəm”.
AZƏRTAC xəbər verir ki, bu
barədə Belarusun Azərbaycandakı səfirliyində
ölkə mediasının
nümayəndələri ilə
keçirilən ənənəvi
görüşdə Belarusun
Azərbaycandakı səfiri
Dmitri Pineviç məlumat verib.
Bu, Belarus səfirinin
Azərbaycanın işğaldan
azad olunmuş ərazilərinə ilk səfəri deyil. O, daha əvvəl Ağdamda olub və burada tikintisi davam edən Aqrosənaye Kompleksi ilə tanış olub. Kompleksin 2027-ci ilə qədər hazır olacağı deyilir.
“Qarabağa ilk
səfərim zamanı
məni üç şey təəccübləndirdi:
bir tərəfdən
dağıntıların miqyası,
digər tərəfdən
böyük tikinti işləri və bir də minalardan
təmizləmə prosesi.
Ümid edirəm ki, bu dəfə
müsbət təəssüratlarım
daha çox olacaq”, – deyə D. Pineviç xüsusi vurğulayıb.
Səfir həmçinin,
ötən il Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana
dövlət səfərinin
baş tutduğunu xatırladıb. Bu, azad olunmuş Qarabağı ziyarət edən ilk qeyri-türk
dövlət başçısının
səfəri idi. Həmin vaxt Lukaşenko Qarabağın
incisi sayılan Şuşa şəhərində
olub və şəhərin kommunal təsərrüfatı üçün
iki traktor hədiyyə edib.
İki ölkə
arasında siyasi dialoqa toxunan səfir bildirib ki, Belarus–Azərbaycan münasibətləri strateji
və qardaşlıq
səviyyəsində tərəfdaşlığa
yüksəlib. Bu tərəfdaşlıq qarşılıqlı
hörmətə və
xalqlarımız arasında
uzun illərə söykənən dostluğa
əsaslanır. Onun sözlərinə görə,
prezidentlər Aleksandr
Lukaşenko və İlham Əliyev müxtəlif sahələrdə
konstruktiv və qarşılıqlı faydalı
əməkdaşlıq nümunəsini
ortaya qoyur və münasibətlərin
yüksək səviyyədə
inkişafını müəyyən
edirlər.
“Diplomatik münasibətlərin
32 ili ərzində iki lider 12 dəfə
rəsmi səfər həyata keçirib və beynəlxalq forumlarda dəfələrlə
görüşüblər. İkitərəfli müqavilə-hüquq
bazasına artıq münasibətlərimizin bütün
sahələrini əhatə
edən 120-dən çox
sənəd daxildir. Ötən ilin iyun ayında
2025–2026-cı illər üçün
əməkdaşlıq üzrə
Yol Xəritəsi yenilənib. Yüksək səviyyəli səfərlər
gözlənilir”, – deyə
D. Pineviç qeyd edib.
Səfir bildirib
ki, cari ilin fevral ayında
Belarus tərəfi Bakı
İnsan İnkişafı
üzrə İqlim Dayanıqlılığı Rəhbər
Prinsiplərinə dəstək
verib.
“Qeyd etmək istəyirəm ki, Belarus hər zaman azərbaycanlı dost və tərəfdaşlarımıza
dəstək verməyə
hazırdır. Bu dəstək qarşılıqlı
xarakter daşıyır.
Azərbaycan Belarusun Asiya Parlament Assambleyasında müşahidəçi
statusuna namizədliyini
dəstəkləyib, Minsk
isə Bakının Qoşulmama Hərəkatının
Parlament Şəbəkəsinə
sədrliyinin uzadılmasını
dəstəkləyib”, – deyə
səfir əlavə edib.
Belarus və Azərbaycan
arasında ticarət-iqtisadi
əməkdaşlıqdan bəhs
edən diplomat vurğulayıb ki,
2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi
1,5 dəfə artıb.
“Hökumətlərarası komissiyanın fəaliyyəti
uğurla davam edir, növbəti iclasın iyun ayında Bakıda keçirilməsi nəzərdə
tutulur”, – deyə o bildirib.
Diplomat, həmçinin,
mədəni-humanitar sahədə
əməkdaşlığa diqqət çəkərək,
hazırda Heydər Əliyev Mərkəzində
nümayiş etdirilən
belaruslu heykəltəraş
Andrey Ostaşovun sərgisini xüsusi qeyd edib. Onun
sözlərinə görə,
tanınmış “Pesnyarı”
ansamblının Bakıya
qastrollarının təşkili
və Belarusda Azərbaycan Mədəniyyət
Günlərinin keçirilməsi
məsələləri üzərində
iş aparılır.
Səfir, həmçinin,
Belarus idmançılarının bu ilin payızında
Azərbaycanda keçiriləcək
III MDB Oyunlarında geniş
tərkibdə iştirak
edəcəyini bildirib.
Səfirliyin foyesində Belarusun müxtəlif sahələrdə uğurlarını və nailiyyətlərini əks etdirən “Suveren Belarus” sərgisi təşkil olunub. Diplomatın xüsusi diqqət çəkdiyi ikinci sərgi isə sabah baş tutacaq və Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Milli Muzeyində Belarus Ədəbiyyatı Dövlət Tarix Muzeyi tərəfindən faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş sərgi təqdim ediləcək.
Azərbaycan.-2025.- 20 aprel (¹ 78).- S.4.