Tolerantlıq və multikulturalizmin mükəmməl
nümunəsi
Ölkəmizdə dili
və dini ayrı olan xalqlar bir ailə
kimi mehribanlıq, həmrəylik şəraitində
yaşayırlar
Prezident İlham
Əliyev aprelin 18-də
Azərbaycanın pravoslav
xristian icmasına təbrik məktubu göndərib: "Sizi və Azərbaycanın bütün xristian icmasını müqəddəs
Pasxa bayramı münasibətilə səmimi-qəlbdən
təbrik edir, hamınıza xoşbəxtlik
və əmin-amanlıq
arzularımı yetirirəm",
- təbrik məktubunda
deyilir.
Dövlətimzin başçısı
bildirib ki, zəngin tolerantlıq ənənələrinə malik
Azərbaycanda tarixin heç bir dönəmində din və məzhəb zəminində ayrı-seçkilik
halları olmamış,
etnomədəni müxtəliflik
günümüzədək qorunub saxlanılmışdır.
Mədəniyyətlərin və dinlərin qovuşduğu tarixi məkan olan Azərbaycanda əsrlərin
sınağından çıxmış,
formalaşmış multikulturalizm
və tolerantlıq ənənələri mövcuddur.
Sevindiricidir ki, dili və dini
ayrı olan xalqlar yüz illər əvvəl olduğu kimi, bu gün də
bir ailə kimi dostluq, mehribanlıq
və sülh şəraitində yaşayır,
ölkəmizin uğurlu
inkişafına öz
töhfələrini verirlər.
Respublikamızda milli
və dini tolerantlıq dövlət
səviyyəsində dəstəklənir,
multikultural həyat tərzinin daha da möhkəmlənməsi
məqsədilə ardıcıl
və uğurlu işlər həyata keçirilir. Dövlətimizin
başçısının Azərbaycanın pravoslav xristian icmasına məktubunda vurğuladığı
kimi: "Cəmiyyətimizdə
qarşılıqlı hörmətə
və etimada əsaslanan birgəyaşayış
mədəniyyətinin, mütərəqqi
ictimai-əxlaqi dəyərlərin
təbliği və təşviqi dövlət
siyasətinin başlıca
istiqamətlərindəndir".
Bu gün milli-mənəvi həmrəyliyin
və nümunəvi dözümlülük mühitinin
hökm sürdüyü
cəmiyyətimizdə xristian
icmasının özünəməxsus
yeri olduğunu diqqətə çatdıran
Prezident İlham Əliyev bildirib: "Məmnunluq hissi ilə qeyd etmək
istəyirəm ki, xristian etiqadlı vətəndaşlarımız ölkənin ictimai-siyasi və mədəni həyatında layiqincə
təmsil olunur, doğma evimiz Azərbaycanın inkişafına
və tərəqqisinə
əhəmiyyətli töhfələr
verirlər".
Dövlətimizin başçısı
Pasxa bayramının yeniliyi, dirçəlişi,
mərhəmət və
xeyirxahlıq duyğularını
təcəssüm etdirdiyini
qeyd edərək xoş arzularını bildirib: "Bu nurlu gündə bir daha hər
birinizə xoş bayram ovqatı, ailələrinizə sevinc
və rifah arzulayıram".
Müstəqil respublikamızda
yaşayan bütün
xalqlara və etnik qruplara öz dini ayinlərinin
icrasına şərait
yaradılır, dini bayramlar dövlət səviyyəsində qeyd edilir. Multikulturalizm və tolerantlıq Azərbaycanın dövlət
siyasətidir. Prezident
İlham Əliyevin sərəncamı ilə
2016-cı ilin "Multikulturalizm
ili", 2017-ci ilin isə "İslam həmrəyliyi ili" elan edilməsi də bunun bariz
nümunəsidir.
Beynəlxalq aləmdə
nüfuzunu gündən-günə
gücləndirən, bütün
sahələrdə uğurlara
imza atan Azərbaycanın, eyni zamanda multikultural mühitin təmin olunması, tolerantlıq ənənələrinin qorunması
ilə tanınması
dünyaya nümunədir.
Prezident İlham
Əliyev ölkəmizin
multikultural dəyərlərini,
tolerantlıq ənənələrini
həmişə yüksək
qiymətləndirir. Dövlətimizin
başçısı çıxışlarının
birində Azərbaycanda
bütün xalqların,
dinlərin nümayəndələrinin
bir ailə kimi sülh, mehribanlıq şəraitində
yaşamasını, heç
vaxt ölkəmizdə
dini-milli zəmində
heç bir qarşıdurma, yaxud da anlaşılmazlıq olmamasını bizim böyük sərvətimiz
kimi dəyərləndirib:
"Bütün dinlərin
tarixi dini abidələri dövlət
tərəfindən qorunur,
eyni zamanda dövlət öz vəsaiti hesabına bu abidələrin bərpasını təmin
edir. Azərbaycanda məscidlər, kilsələr,
sinaqoqlar tikilir, təmir edilir. Biz bütün dini bayramlarımızı
birlikdə qeyd edirik. Bütün dini icmalar bunu
birlikdə qeyd edir. Biz tariximizlə,
mədəniyyətimizlə fəxr edirik. Bu gün dünyanın
ən qədim məscidlərindən biri
Azərbaycanda, Şamaxı
şəhərində yerləşir.
Şamaxı məscidi
743-cü ildə tikilmişdir
və bərpa edilərək bu gün fəaliyyət göstərir. Eyni zamanda Şəki şəhərinin yaxınlığında
Qafqazın ən qədim kilsələrindən
biri - Qafqaz Albaniyası kilsəsi bir tarixi abidə
kimi yaşayır. O tarixi abidə də bərpa edilərək bu gün xidmət göstərir və çoxlu turistləri cəlb edir. Bakının yaxınlığında
qədim zərdüştlük,
atəşpərəstlik məbədi
bu gün qorunub saxlanılır. Bu, bizim tariximizdir.
Müxtəlif dinlərin,
mədəniyyətlərin nümayəndələri tarix
boyu Azərbaycanda yaşamışlar və
yəqin, təsadüfi
deyil ki, məhz Azərbaycanı birgəyaşayış üçün
seçmişlər. Çünki
bizim ölkəmizdə,
bizim diyarda bu meyillər həmişə üstünlük
təşkil edib. Bu gün də
bu, dövlət siyasətidir və biz bu siyasəti
bundan sonra da aparacağıq".
Azərbaycanda yaşayan
bütün xalqların
və etnik qrupların nümayəndələri
bu ölkəni necə böyük məhəbbətlə sevdiklərini,
onun suverenliyi uğrunda canlarından keçməyi özlərinə
böyük səadət,
şərəf bildiklərini
2020-ci ildə baş verən Vətən müharibəsində bir daha nümayiş etdirdilər. Bu misilsiz sevgi, təəssübkeşlik, birlik,
həmrəylik ölkəmizi
44 gün ərzində
böyük Zəfərə
çatdırdı. Dövlətimizin
başçısı İlham
Əliyrvin sözləri
ilə desək,
"...Vətən müharibəsində
Azərbaycanda yaşayan
bütün xalqların
böyük payı vardır. Vətən müharibəsi bir daha onu göstərdi
ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində
yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi
ki, ölkəmizdə
milli birlik, milli həmrəylik vardır".
Tarixən sahib
olduğu, bu gün də çox böyük həssaslıqla qorunub saxlanılan, davam etdirilən tolerantlıq və multikulturalizm ənənələri ölkəmizə
bundan sonra da böyük uğurlar qazandıracaq.
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.-
2025.- 20 aprel (№ 78).- S.5.