“Ermənilər
qədim qəbiristanlığı
şumlayıb, bütün
izləri sildilər”
- Qərbi azərbaycanlının
xatirələrindən
Ağstafanın Pirili
kəndində əzəli
türk yurdu Qərbi Azərbaycanın
Loru nahiyəsinin Yuxarı Körpülü
kəndindən ermənilər
tərəfindən deportasiya
olunmuş neçə-neçə
ailə məskunlaşıb.
İllər keçməsinə
baxmayaraq, bu insanlar qəlblərində
və zehinlərində
bitib-tükənməyən, sönməyən yurd sevgisi və həsrəti ilə yaşayırlar. Tək arzuları isə bir gün öz
dədə-baba ocaqlarına
geri dönmək, oranı doğma nəfəsləri ilə
isitməkdir.
AZƏRTAC-ın bölgə
müxbirinin həmsöhbət
olduğu Ramiz Mustafayev də həyata gözünü
dağlara sığınan
Yuxarı Körpülüdə
açıb, bu torpağın havası, suyu, çörəyi ilə böyüyüb, boya-başa çatıb.
70 yaşlı Qərbi
azərbaycanlı deyir
ki, xatirələrində
yenidən canlandırdığı,
yuxularında qovuşduğu
doğma ata yurdundan ötrü çox darıxır.
33 yaşında ailəsi
ilə birgə isti ocağını tərk etmək məcburiyyətində qalan
soydaşımız orada
keçən həyatının
hər anını dəyərli hesab edir. Onun sözlərinə
görə, Yuxarı
Körpülüdə sonuncu
deportasiyaya qədər
ancaq azərbaycanlılar
yaşayıb. “Ailədə
6 övlad idik. Bağçılıqla məşğul
olan atam bizi halal əməklə
dolandırırdı. Ümumiyyətlə,
bərəkətli, münbit
torpağı olan kəndimizdə hər kəs zəhmətkeş
idi. Ötən əsrin 30-cu illərindən
Mehralı Nəzirovun
sədrliyi ilə kolxoz qurulub. Daha sonra İmran
Məmmədovun xidmətləri
ilə kolxozda köklü islahatlar aparıldı və qabaqcıl yerlərdən
birini tutdu. İnsanlar sovxozda tütünçülük, heyvandarlıq,
meyvəçiliklə də
məşğul idilər”,
- deyən həmsöhbətim
bildirir ki, dağlarla, meşələrlə
əhatələnən kənddə
əhalinin güzəranı
yaxşı olub. Barlı-bərəkətli badam,
alma, üzüm, şaftalı bağları
zəhmətsevər insanların
dolanışıqları ilə
bağlı çətinlik
çəkməsinə imkan
verməyib. “Ermənilər
paxıllığımızı çəkirdilər. Deyirdilər
ki, azərbaycanlıların
bitib-tükənməyən meyvə bağları var, aclıq nədir bilməzlər. Mehribanlığımız da
onlarda həsəd yaradırdı. Bolluğun,
bərəkətin, həmrəyliyin
rəmzi olan Novruz bayramında bütün qapılarda tonqal qalanırdı, adət-ənənələrə əməl edilirdi. Göyçə, Borçalı,
Qazax, Tovuz aşıqları, qara zurna toylarımızın
əvəzedilməzi idi.
Şax bəzədilirdi,
cavanlar güləşirdilər,
at çapıb nəmər alırdılar”,
- deyə Qərbi azərbaycanlı vurğulayır.
Onun sözlərinə
görə, Yuxarı
Körpülüdə tibb
məntəqəsi, rabitə
şöbəsi, kitabxana
da olub. Ətraf kəndlərlə
müqayisədə ilk
məktəb məhz bu yaşayış məntəqəsində yaradılıb.
“Qoca Süleymanov ilk məktəbin direktoru olub, bir neçə fənni də özü tədris edib. Ümumiyyətlə,
Yuxarı Körpülüdə
nənəm, Sosialist Əməyi Qəhrəmanı
Mərziyyə Mustafayeva,
Qoca müəllimin oğlu, yazıçı
Nəriman Süleymanov,
yazıçı-tədqiqatçı Şəmistan Nəzirli, şairlər Kazım Körpülü, İsa Körpülü kimi çox sayda dəyərli insanlar yetişib”, - deyən müsahibim kənddə ötən əsrin 70-ci illərində məktəb
üçün yeni binanın tikildiyini də xatırlayır. Kənd sakinləri bu tikiliyə hansı səbəbdən
ehtiyac duyulmasının
səbəbini çox
sonralar anlayıblar. “Kəndimizdə təpənin
başında alban qəbirlərinin olduğu
qədim qəbiristanlıq
var idi. Ermənilər onu şumladılar, bütün
izləri sildilər. Həmin yerdə yeni məktəb binası tikildi. Ümumiyyətlə, Yuxarı
Körpülüdə bir
neçə yerdə
qədim qəbirlər
vardı. Onlardan bəziləri “Çınar
dərəsi”ndə idi. Orada dairəvi
əkilmiş yeddi çinar ağacı, “Çinar" bulağı
yadımdadır. Digər
kəndlərdən həmin
yerə ziyarətə
gəlirdilər”, - deyə
müsahibim bildirir. Vurğulayır ki, kəndin ahılları dağdağan ağaclarının
da olduğu həmin ərazidə bir zamanlar albanların
yaşadığını söyləyirlərmiş.
Ramiz Mustafayev Yuxarı Körpülüdə
türk toponimləri ilə adlanan digər yerlərdən də söz açır: “Qara”, “Zoğal”, “Alçalı”,
“Dürmək” bulaqları,
“Qabaqdüz”, “Söyüdlü”,
“Keçəl təpə”,
“Çövüzlü dərə”,
“Gen dərə”, “Qaçaq vurulan dərə”, “Şıxməmməd
vurulan dərə”, “Kəmənd qaya”, “Yekə yal” təpəsi, “Şiştəpə”,
“Babəkər dağı”,
həmişə çənli-dumanlı
olan “Qızıl qaya” adlanan yerlər
var idi. “Koroğlu qayası”nda
isə əfsanəyə
görə Koroğlunun
at tövləsi olub”, - deyən Qərbi azərbaycanlı
böyüklərdən dədə-baba
yurdu olan kəndin əhalisinin daha öncə deportasiyaya məruz qalması barədə də eşidib. 1918-ci ildə Yuxarı Körpülü sakinləri
ermənilər tərəfindən
torpaqlarından qırğına
məruz qalaraq qovulublar. Sonradan həsrətə tab gətirməyərək yenidən
geriyə dönüblər.
Müsahibimin qismətinə erməni qəsbkarlarının məkrinin qurbanına çevrilmək də yazılıb. “1988-ci ildə ermənilərin bütün pis niyyətləri özünü daha açıq büruzə verirdi. Kəndimizin əhalisinə xəbərdarlıq edilmişdi ki, dədə-baba yurdumuzdan çıxıb, gedək. Bizə çörək satılmırdı. Biz də məhsullarımızı sata bilmirdik. Başqa yerlərə gediş-gəliş üçün yolları bağlamışdılar. Gecələr tonqal yandırıb, keşik çəkirdik. Gürcüstanın Qaçağan kəndindən azərbaycanlılar bizə ərzaq gətirib, kömək edirdilər”, - deyə söyləyən Ramiz Mustafayev noyabr ayının sonunda ermənilərin təzyiqlərinin daha da artırdığını bildirir: “Avtobuslarla gələn əli silahlı daşnaklar kəndə girdilər. Bəzi evləri odladılar, ot tayalarını yandırdılar. Kənddən çıxmaq istəmədiyimiz üçün mənə, Əmiraslan həkimə, eləcə də digər kənd sakinlərinə əl qaldırmışdılar. Övladımın birinin 8, digərinin 6 yaşı var idi. Uşaqları, qocaları, qadınları nəzərə alaraq ev-eşiyimizdən canımızı götürüb didərgin düşdük. Qaçağan kəndinə, oradan da Ağstafaya üz tutduq”. Qərbi azərbaycanlı deyir ki, yurd həsrətinə tab gətirmək çox çətindir, ancaq o da həqiqətdir ki, türk oğlu türk kül salıb, kök atdığı torpaqlardan heç bir zaman birdəfəlik getmir, mütləq ora geri dönür. Bir gün mütləq Qərbi azərbaycanlılar öz doğma ellərinə geri qayıdıb, tarixi irslərini yenidən bərpa edəcək, tarixi torpaqlarına sahib çıxacaqlar.
Azərbaycan.-2025.- 20 aprel (¹ 78).- S.6.