Azərbaycan
milli mətbuatının
150 illik yubileyinin keçirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
XIX əsrin ikinci
yarısında dünyanın
neft və sənaye mərkəzlərindən
birinə çevrilmiş
və iqtisadi yüksəliş dövrünü
yaşayan Azərbaycanın
ictimai-siyasi və mədəni həyatında
əsaslı dəyişikliklər
baş vermiş, maarifçilik hərəkatı
genişlənməyə başlamış,
milli mətbuatın yaranması zərurəti
meydana çıxmışdı.
Məhz buna görə də 150 il əvvəl - 1875-ci il iyulun 22-də görkəmli ziyalı, təbiətşünas alim
və maarifçi-publisist
Həsən bəy Zərdabinin Azərbaycan dilində nəşr etdirdiyi "Əkinçi"
qəzeti milli mətbuatımızın ilk
nümunəsi və ölkəmizin həyatında
mühüm hadisə
kimi tarixə düşmüşdür. Cəmi
iki il fəaliyyət
göstərən qəzet
maarifçi ideyaların
carçısı olmuş,
cəhalətə və
xurafata qarşı kəskin məqalələr
dərc etmiş, milli özünüdərkin,
ictimai, siyasi və bədii fikrin inkişafına, mütərəqqi jurnalist
nəslinin yetişməsinə
önəmli töhfə
vermişdir.
"Əkinçi"dən sonra onun ənənələrini
davam etdirən çoxsaylı nəşrlər
dövrün vətənpərvər
ziyalılarını, maarifçilərini
eyni məslək ətrafında birləşdirərək,
milli oyanış prosesinin aparıcı vasitələrindən biri
kimi, ümummilli məqsədlərin gerçəkləşməsində
mühüm rol oynamışlar.
Keçən yüzilliyin
sonlarında xalqın
tələbi ilə yenidən hakimiyyətə
qayıdan Ümummilli
Lider Heydər Əliyevin rəhbərliyi
ilə həyata keçirilən islahatlar ölkəmizdə söz
və məlumat azadlığının, fikir
plüralizminin və digər demokratik dəyərlərin bərqərar
olması üçün
etibarlı zəmin yaratdı. Heydər Əliyev medianın inkişafını prioritet
vəzifələrdən biri
hesab etmiş, onun fəaliyyətini tənzimləyən qanunvericilik
bazasının formalaşdırılması,
inkişafını əngəlləyən
süni maneələrin
aradan qaldırılması,
maddi-texniki bazasının
möhkəmləndirilməsi istiqamətində ardıcıl
qərarlar qəbul etmiş, dövlət-media
münasibətlərində mütərəqqi ənənələrin
əsasını qoymuşdur.
Ötən dövr
ərzində müstəqil
siyasi kursun qətiyyətlə və
ardıcıl həyata
keçirilməsi nəticəsində
ölkəmizin dinamik
inkişafı təmin
edilmiş, qarşıda
duran strateji vəzifələr uğurla
gerçəkləşdirilmişdir. Azərbaycan Vətən müharibəsində şanlı
Zəfər qazanaraq və unikal antiterror əməliyyatı
ilə hərb tarixinə yeni səhifə yazaraq, ərazi bütövlüyünü
və suverenliyini tam bərpa etmişdir. Müharibə
dövründə mediamız
əsl vətənpərvərlik,
həmrəylik nümunəsi
ortaya qoymuş, haqq səsimizin dünya ictimaiyyətinə
çatdırılması, düşmənin və onun havadarlarının saxta məlumatlarının
ifşası üçün
xüsusi səy göstərmiş, milli ordumuzun, əsgər və zabitlərimizin rəşadəti, qəhrəmanlığı
ilə bağlı zəngin salnamə yaratmışdır.
Vətən müharibəsində
qələbəmizdən az
sonra başlanan islahatlar, o cümlədən
"Media haqqında" Qanunun
qəbul edilməsi media fəaliyyətinin rəqəmsal dövrün
çağırışlarına uyğunlaşdırılmasını və ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasını hədəfləmişdir. Vergi
azadolmalarının tətbiqi,
qəzet və jurnallar üçün əlavə dəyər vergisinin aradan qaldırılması, jurnalistlərə
güzəştli ipoteka
kreditindən yararlanmaq
hüququnun verilməsi
və digər tədbirlər informasiya resurslarının iqtisadi müstəqilliyinin gücləndirilməsi
və jurnalistlərin
sosial müdafiəsinin
yaxşılaşdırılması istiqamətində görülən
işlərin davamlılığını
təmin etmişdir.
Bu gün mediamız Azərbaycanın
tərəqqisinin və
müasir cəmiyyət
quruculuğu prosesinin fəal iştirakçısı
olaraq, beynəlxalq əlaqələrini və
qlobal informasiya məkanında təsir imkanlarını genişləndirmiş,
rəqabət qabiliyyətini
artırmışdır. Lakin
dünya nizamının
dəyişikliklərə məruz qaldığı,
siyasi proseslərin intensivləşdiyi, habelə
yeni fəaliyyət prinsiplərinin bərqərar
olduğu müasir dövr Azərbaycan mediası qarşısında
da yeni vəzifələr
müəyyənləşdirir. Qabaqcıl texnologiyaların
tətbiqi, sosial media platformalarında fəallığın artırılması,
rəqəmsallaşma, süni
intellekt, media savadlılığının yüksəldilməsi,
dezinformasiya və saxta xəbərlərlə
mübarizə, effektiv
kommunikasiyanın həyata
keçirilməsində yaxından
iştirak və s. mediamızın inkişaf
perspektivini və qarşıdan gələn
dövrdə qlobal informasiya məkanında yerini müəyyənləşdirəcək
məsələlərdir. Eyni
zamanda media müasir tendensiyaları nəzərə almaqla Azərbaycanın dövlət
maraqlarını həmişə
uca tutmalı, ölkəmizin müasir beynəlxalq münasibətlər
sistemində yeri və rolu, həyatımızda
baş verən pozitiv dəyişikliklər
ilə bağlı ictimaiyyətimizin məlumatlandırılması
sahəsində daha fəal olmalıdır.
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, milli mətbuatın Azərbaycanın ictimai-siyasi
və mədəni həyatındakı yerini,
mədəniyyətin, maarifçiliyin
inkişafında rolunu,
müasir cəmiyyət
quruculuğu və ölkəmizin beynəlxalq
nüfuzunun daha da yüksəldilməsi sahəsində töhfələrini
nəzərə alaraq
qərara alıram:
1. Azərbaycan milli
mətbuatının 150 illik
yubileyi ölkəmizdə
geniş qeyd olunsun.
2. Azərbaycan Respublikası
Prezidentinin Administrasiyası
Azərbaycan Respublikası
Medianın İnkişafı
Agentliyi və Azərbaycan Mətbuat Şurası ilə birlikdə yubiley tədbirlərinin keçirilməsini
təmin etsin.
3. Azərbaycan Respublikasının
Nazirlər Kabineti yubiley tədbirlərinin maliyyələşdirilməsi ilə
bağlı məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
25 aprel 2025-ci il
Azərbaycan.-2025.-
26 aprel (№83).- S.1.