Birləşmiş
Millətlər Təşkilatının
Ümumdünya Şəhərsalma
Forumunun 2026-cı ildə
Bakı şəhərində
keçiriləcək On Üçüncü
sessiyasının (WUF13) milli
koordinatorunun təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycanda şəhərsalma
fəaliyyəti Azərbaycan
Respublikası Prezidentinin
2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə
təsdiq edilmiş
"Azərbaycan 2030: sosial-iqtisadi
inkişafa dair Milli Prioritetlər"də
və dövlətin sosial-iqtisadi siyasətində
dayanıqlı inkişafın
əsas strateji hədəflərindən biri
kimi müəyyən
olunmuşdur. Hazırda
bu istiqamətdə ardıcıl və məqsədyönlü addımlar
atılır, şəhərsalma
və urbanizasiya sahəsində müasir standartlar tətbiq edilməklə Bakıda və respublikanın digər şəhərlərində
gerçəkləşdirilən layihələr ölkənin
hərtərəfli inkişafında
mühüm rol oynayır. İşğaldan
azad olunmuş Qarabağ və Şərqi Zəngəzur
iqtisadi rayonlarında tamamilə dağıdılmış
yüzlərlə kənd,
qəsəbə və
şəhərin yenidən
qurulması prosesi planlı şəkildə
sürətlə davam
etdirilir.
Azərbaycanın müasir
şəhərsalma təcrübəsi
2022-2023-cü illərdə keçirilən milli şəhərsalma forumlarında
geniş nümayiş
etdirilmişdir. Regionda
ilk dəfə təşkil edilən bu forumlar şəhərsalma
ilə bağlı ən dolğun müzakirələrin aparıldığı
bir platforma yaratmışdır.
Şəhərsalma sahəsində Azərbaycanın
uğurlu fəaliyyəti
layiqincə qiymətləndirilərək,
irimiqyaslı qlobal tədbirlərdən hesab
edilən Ümumdünya
Şəhərsalma Forumunun
On Üçüncü sessiyasının
(WUF13) 2026-cı ildə Bakı
şəhərində keçirilməsi
qərara alınmışdır.
Azərbaycana hörmət
və etimadın göstəricisi olan bu mötəbər tədbirin yüksək səviyyədə təşkili
ölkənin inkişaf
strategiyalarının və
dayanıqlı şəhərsalma
sahəsindəki nailiyyətlərinin
beynəlxalq ictimaiyyətə
çatdırılması işinə əhəmiyyətli
töhfə verəcəkdir.
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
2026-cı ildə Bakı
şəhərində keçiriləcək
Ümumdünya Şəhərsalma
Forumunun On Üçüncü
sessiyasının (WUF13) yüksək
səviyyədə təşkili
və ölkəmizin
şəhərsalma fəaliyyətinin
beynəlxalq miqyasda təbliği məqsədilə
qərara alıram:
1. Anar Adil oğlu Quliyev Birləşmiş Millətlər
Təşkilatının Ümumdünya
Şəhərsalma Forumunun
On Üçüncü sessiyasının
(WUF13) milli koordinatoru təyin edilsin.
2. Milli koordinatora
Birləşmiş Millətlər
Təşkilatının Ümumdünya
Şəhərsalma Forumunun
On Üçüncü sessiyasına
(WUF13) hazırlıq işlərinin
aparılması səlahiyyəti
verilsin.
3. Bu Sərəncam
imzalandığı gündən
qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
25 aprel 2025-ci il
Azərbaycan.-2025.-
26 aprel (№83).- S.3.