Kanada ikiüzlü siyasəti ilə sülhə qarşı çıxır

 

Kanada özündən minlərlə kilometr uzaqda olan Azərbaycana qarşı hər zaman qərəzli mövqedə olub. Vətən müharibəsindən antiterror tədbirlərindən sonra isə Ottavanın ikiüzlü siyasəti bir qədər artıb. Səbəb erməni lobbisinin Kanada xarici siyasətinə birbaşa müdaxilə etmək imkanlarına malik olmasıdır. Buna görədir ki, adıçəkilən ölkənin siyasətçiləri hayların çaldıqları istənilən havaya məmnuniyyətlə oynayır, erməni ağzı ilə danışırlar.

Digər bir vacib məqam da Kanadanın müstəmləkəçi Fransanın təsir dairəsində olması onun sözü ilə oturub-durmasıdır. Məsələn elə Kanadanın Aİ-nin hərbləşdirilmiş missiyasına qoşulan yeganə qeyri-Avropa ölkəsi olmasının səbəbi Fransa amili ilə bağlıdır.

Melani Coli öz ampluasındadır

İkinci Qarabağ müharibəsi zamanı Kanadanın ölkəmizə qarşı atdığı xoşagəlməz addımları hər kəs xatırlayır. Bu ölkə savaş vaxtı Azərbaycanın işğalçı Ermənistan ordusuna qarşı "Bayraktar TB2" pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməsinə görə 2020-ci ilin oktyabrında Türkiyəyə müdafiə sənayesi məhsullarının ixracına embarqo tətbiq etmişdi. Kanada xarici siyasət idarəsinə rəhbərlik etmiş Fransua-Filipp Şampan Azərbaycanı ittiham edən bəyanatlar vermişdi.

Azərbaycana qarşı qarayaxma kampaniyasında Kanada xarici işlər naziri Melani Coli xüsusi canfəşanlığı ilə seçilir. Ermənidən artıq ermənilik edən bu nazir 44 günlük müharibədən sonra Ermənistana mütəmadi səfərlər edir, bölgədəki gerçək vəziyyətdən tamamilə uzaq ölkəmizi ittiham edən bəyanatlar verirdi. Azərbaycan əraziləri üzərində suverenliyini tam təmin edəndən sonra - 2023-cü ilin oktyabrında Ermənistanda səfərdə olan M.Coli bölgədə heç bir humanitar böhran olmamasına baxmayaraq, bunun əksini iddia etmiş, ölkəmizə qarşı böhtan iftiralar səsləndirmiş, hətta Kanadanın Azərbaycana qarşı tədbir kimi sanksiya variantını istisna etmədiyini söyləmişdi.

Cənubi Qafqazda cərəyan edən hadisələrdən zərrə qədər xəbəri olmayan bu soyuq uzaq ölkənin XİN rəhbəri bu günlərdə sosial şəbəkə hesabında növbəti dəfə erməni dəyirmanına su tökən, reallıqdan tamamilə uzaq olan başdan-başa erməni yalanlarından ibarət müraciəti ilə göstərdi ki, o hələ öz ampluasındadır. Yenə qərəz, ikili standartlar, riyakarlıq Kanada xarici işlər nazirinin prioritet fəaliyyət istiqamətləri kimi qalmaqdadır.

Aprelin 24-də paylaşdığı həmin videomüraciətdə saxta erməni soyqırımından bəhs edən Melani Coli Qarabağı könüllü şəkildə tərk edən ermənilərdən danışıb, şişirdilmiş rəqəmlər səsləndirib. Dünyada belə bir ərazi vahidi olmadığı halda paylaşımında  "Dağlıq Qarabağ" ifadəsi işlədən Melani Coli bununla Kanadanın Azərbaycanın suveren ərazilərini şübhə altına aldığını göstərib.

Əslində, Melani Coli yaxşı bilir ki, Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində 1980-ci illərin sonlarında üç yüz min azərbaycanlı yurdundan didərgin salınıb. Ermənistandan deportasiya edilən insanlarımıza qarşı görünməmiş qəddarlıqlar törədilib. Bu gün qərbi azərbaycanlıların qayıdış hüququ təmin olunmayıb. Eyni zamanda Ermənistanın işğalçılığı yüz minlərlə azərbaycanlını məcburi köçkünə çevirib. Həmin vaxt Ermənistan dinc sakinlərimizə qarşı qətliam, soyqırımı həyata keçirib, qətlə yetirilən azərbaycanlıları kütləvi məzarlıqlarda basdırıb. Qarabağ Şərqi Zəngəzurda aşkarlanan kütləvi məzarlıqlar da bunlara nümunələrdir. Xalqımıza qarşı çoxsaylı cinayət əməlləri törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin Bakıda keçirilən ədalət məhkəməsində Ermənistanın həyata keçirdiyi müharibə cinayətləri faktlarla ortaya qoyulur.

"Erməni diasporunun saxta hekayələrinə deyil, faktlara əsaslanın"

"Kanadanın xarici işlər naziri olan bir şəxsin, ölkənin milli maraqlarına üstünlük vermək beynəlxalq aləmdə nüfuzunu qorumaq əvəzinə, Kanada Erməni Milli Komitəsinin maraqlarını müdafiə etməsi, bu vəzifə üçün zəruri olan təhliletmə qabiliyyəti məlumatlılıq səviyyəsi nöqteyi-nəzərindən ciddi narahatlıqlar doğurur".

Bu fikirləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Kanada XİN rəhbəri Melani Colinin "X" sosial şəbəkəsində 1915-ci il hadisələri ilə bağlı müraciətinə cavabında səsləndirib.

"Təəssüf ki, siz heç bir zaman 1 milyondan artıq azərbaycanlının Ermənistan tərəfindən törədilmiş etnik təmizləmələrə, qətliamlara, vəhşiliklərə, mədəni irsin məhv edilməsinə digər insanlıq əleyhinə cinayətlərə məruz qalması məsələsinə toxunmamısınız. Bununla bağlı deyilən gözəl bir söz var: "Qərəz kölgə kimidir, zəkanın işığını söndürür. Sadəcə bir xatırlatma: hər zaman faktlara əsaslanın, erməni diasporasının saxta hekayələrinə deyil", - A.Hacızadə  özünün "X" sosial şəbəkə hesabında bildirib.

XİN sözçüsü vurğulayıb ki, 2023-cü ildə Azərbaycan tərəfindən həyata keçirilmiş antiterror tədbirləri ölkə ərazisində yerləşmiş qeyri-qanuni Ermənistan hərbi birləşmələrinin təxribatlarına qanuni mütənasib cavab idi: "Cəmi 24 saatdan az davam edən bu əməliyyat, beynəlxalq humanitar hüquqa tam uyğun şəkildə, qanunsuz erməni hərbi birləşmələrinin onların infrastrukturunun zərərsizləşdirilməsinə yönəlmişdi. Mülki əhali infrastruktur hücuma məruz qalmayıb, bölgədən ermənilərin köçməsi isə onların könüllü seçimi olub". 

Tarixi reallıqları saxta, uydurma formada təqdim edərək beynəlxalq hüquq ayaqlar altına atan M.Colinin riyakar paylaşımı həm ümumilikdə Kanada digər  Qərb ölkələrinin Azərbaycan əleyhinə yürütdükləri qərəzli siyasətin mənzərəsini aydın şəkildə ortaya qoyur.

Həmin ölkələr ki, Ermənistana siyasi dəstək verərək, silahlandıraraq revanşa hazırlayır, müharibəyə təhrik edir, Qarabağı öz xoşları ilə tərk edən bir ovuc erməninin ətrafında manipulyasiya aparırlar. 

Bütün bu məkrli fəaliyyət isə məhz Azərbaycanın təşəbbüsləri səyləri sayəsində Cənubi Qafqazda normallaşma üçün yaranmış əlverişli mühiti pozmaq niyyəti ilə həyata keçirilir. Bu baxımdan, Kanadanın ikiüzlü siyasətinin bölgədə sülhü təhdid etdiyi danılmaz reallıqdır.

Yaxşı olar ki, aborigen xalqların soyqırımı nəticəsində yaranan Kanada özündən minlərlə kilometr uzaqda olan Cənubi Qafqazın ona heç bir dəxli olmayan işlərinə burnunu soxmaqdansa, hazırda üzləşdiyi - ABŞ-nin 51-ci ştatına çevrilmək kimi yeni çağırışları ilə məşğul olsun.

 

Yasəmən MUSAYEVA,

Azərbaycan.-2025.- 26 aprel (№83).- S.10.