Çin
Azərbaycanın yaşıl
partnyoruna çevrilir
"Azərbaycan Respublikası
ilə Çin Xalq Respublikası arasında hərtərəfli
strateji tərəfdaşlıq
əlaqələrinin qurulması
haqqında Birgə Bəyanat" iki ölkə arasında münasibətlərin
yeni bir səhifəsini açır.
Məlumdur ki, keçən ilin iyul ayında ŞƏT-in Astanada keçirilən
24-cü sammitində Azərbaycan-Çin
strateji tərəfdaşlığının
qurulmasına dair Birgə Bəyannamə ölkələrimizin
qarşılıqlı maraq
doğuran bütün
sahələrdə əməkdaşlığının inkişafına
geniş imkan yaratmışdı. Bu günlərdə Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin Çin Xalq Respublikasına dövlət
səfəri çərçivəsində
imzalanan birgə bəyanatı isə əlaqələrin
daha da dərinləşməsinə və şaxələnməsinə xidmət
edir.
Birgə bəyanatın bəndlərindən birində tərəflər
iki ölkənin enerji keçidini, dayanıqlı sosial-iqtisadi
inkişafını təşviq
edərək bərpaolunan
enerji mənbələri
sahəsində əməkdaşlığı
fəal şəkildə
inkişaf etdirməyə
və təmiz enerji sahəsində qlobal tərəfdaşlığın
formalaşmasını birgə
irəlilətməyə hazır
olduqlarını bildirirlər.
Əslində, Azərbaycan-Çin
enerji əməkdaşlığı
xeyli əvvəl başlanıb. Həmin istiqamətdə görülən
işlər sırasında
"yaşıl enerji"nin
xüsusi önəmi
var. Bu, cari il yanvarın
20-də dövlətimizin başçısının
Davosda Çinin CGTN telekanalına müsahibəsində
də vurğulanmışdı.
Prezident İlham
Əliyevin Çinə
dövlət səfəri
çərçivəsində isə bərpaolunan enerji sahəsində əməkdaşlığa dair
6 sənəd imzalanıb.
Energetika Nazirliyinin
məlumatına görə,
bu sənədlər
ümumilikdə 260 MVt
gücündə günəş-elektrik
stansiyaları, 100 MVt-lıq
üzən günəş-elektrik
stansiyası, 30 MVt gücündə batareya enerji saxlanc sistemi, dənizdə minimum 2 QVt gücündə
külək-elektrik stansiyasının
inşası, daha 2 MVt gücündə külək enerjisi layihəsinin inkişafı,
eləcə də bərpaolunan enerji və elektrik enerji sisteminin planlaşdırılması üzrə
əməkdaşlığı əhatə edir.
Ölkəmizdə 100 MVt gücündə "Qobustan" günəş-elektrik
stansiyası layihəsi icra ediləcək. Bununla bağlı Azərbaycan hökuməti və
"Universal Solar Azerbaijan"
MMC arasında İnvestisiya
Müqaviləsini Energetika
Nazirliyi və
"Universal Solar Azerbaijan"
imzalayıb. İnvestisiya
Müqaviləsi Qobustan
rayonunda günəş-elektrik
stansiyasının tikintisini
və istismarını
nəzərdə tutur.
Növbəti mərhələdə
şirkət ilə elektrik enerjisinin alqı-satqı, ötürücü
şəbəkəyə qoşulma
və torpaq icarə müqavilələri
imzalanacaq. 2026-cı ildə
istismara verilməsi nəzərdə tutulan stansiyada hər il təxminən 180 milyon kilovat-saat elektrik enerjisi istehsalı proqnozlaşdırılır.
Bu isə ildə 39 milyon kubmetr həcmində təbii qaza qənaət etməklə
yanaşı, atmosferə
atılan karbon emissiyalarını 86 min ton azaltmağa imkan verəcək. Bu layihə üzrə Çin şirkəti ilə əməkdaşlıq hərrac
vasitəsilə müəyyənləşdirilib.
Növbəti müqaviləyə
əsasən, Xəzər
dənizində külək
enerjisi potensialının
qiymətləndirilməsi, bu sahədə layihələrin planlaşdırılması
və inşası üzrə əməkdaşlıq
ediləcək. Bu, Energetika Nazirliyi ilə "China Energy Overseas Investment Co.
Ltd." şirkəti arasında
Azərbaycanda dənizdə
külək enerjisi layihəsinin qiymətləndirilməsi,
inkişafı və həyata keçirilməsi
ilə bağlı imzalanmış İcra müqaviləsidir.
Burada mərhələli
əsasda minimum 2 QVt gücündə dənizdə külək-elektrik
stansiyasının qiymətləndirilməsi,
inkişaf etdirilməsi,
layihələndirilməsi, maliyyələşdirilməsi, mühəndisliyi, tikintisi,
istismara verilməsi və texniki xidmət üzrə əməkdaşlıq nəzərdə
tutulur.
Digər bir sənəd Energetika Nazirliyi, "China Datang
Overseas Investment Co. Ltd" və "SOCAR
Green" MMC arasında imzalanıb.
Belə ki, Böyükşor
gölündə 30 MVt
gücündə batareya
enerji saxlanc sistemi ilə 100 MVt gücündə üzən günəş-elektrik
stansiyası layihəsinin
qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi
ilə bağlı İcra müqaviləsinə
müvafiq olaraq yaradılacaq layihə şirkəti vasitəsilə
texniki-iqtisadi əsaslandırma,
layihələndirmə, maliyyələşdirmə,
tikinti, istismar və texniki xidmət işləri həyata keçiriləcək.
Burada "China Datang
Overseas Investment Co. Ltd" şirkəti əsas investor kimi çıxış edəcək.
Həmçinin Energetika
Nazirliyi, "PowerChina
Resources Limited" və "SOCAR
Green" arasında 160 MVt
gücündə günəş-elektrik
stansiyası layihəsinin
qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsinə
dair imzalanmış İcra müqaviləsi mübadilə edilib. Stansiyanın 2028-ci ildə
istismara verilməsi planlaşdırılır və obyektdə illik təxminən 332 milyon kilovat-saat elektrik enerjisi istehsalı proqnozlaşdırılır. Bu isə ildə 73 milyon kubmetr həcmində təbii qaza qənaət edilməsi, atmosferə atılan karbon emissiyalarının 160 min ton azaldılması
deməkdir.
Layihənin həyata
keçirilməsi üçün
xüsusi layihə şirkətinin və rəhbər komitənin yaradılması nəzərdə
tutulur. Sənəddə
layihənin texniki-iqtisadi
əsaslandırılması, layihələndirilməsi, maliyyələşdirilməsi,
tikintisi, istismarı və texniki xidməti kimi istiqamətlər əks olunub. Energetika Nazirliyinin layihə üçün torpaq sahəsinin ayrılması,
müvafiq icazələrin
verilməsi və yerli resurslardan istifadə olunmasına dəstək göstərməsi
planlaşdırılır. Layihə həmçinin gələcəkdə batareya
enerji saxlanc sisteminin inteqrasiyası imkanlarını da nəzərdən
keçirir.
Energetika Nazirliyi,
"SOCAR Green", "China Datang Overseas
Investment Co. Ltd" və "PowerChina Resources Limited" arasında
Xəzər dənizinin
Azərbaycan sektorunda
2 QVt gücündə
dənizdə külək
enerjisi layihəsinin inkişafına dair Anlaşma Memorandumu imzalanıb. Memorandum çərçivəsində
investisiya imkanlarının
qiymətləndirilməsi və
müvafiq texniki-hüquqi
dəstək mexanizmlərinin
qurulması üzrə
əməkdaşlıq ediləcək.
Layihənin inkişafı
məqsədilə rəhbər
komitə və İşçi Qrup yaradılacaq, həmçinin
kommersiya, hüquq və texniki sahələr üzrə ekspertlər cəlb olunacaq. Müvafiq icazələrin alınması,
dəniz ərazilərinin
ayrılması və
digər zəruri proseslərdə Energetika Nazirliyi dəstək göstərəcək.
"Bərpaolunan enerjinin inkişafı və elektrik enerji sisteminin planlaşdırılması"na
dair Anlaşma Memorandumu isə Energetika Nazirliyi ilə Çinin Elektrik Enerjisinin Planlaşdırılması və
Mühəndislik İnstitutu
arasında imzalanıb.
Memorandum 2028-ci ildən sonrakı
dövr üzrə bərpaolunan enerji mənbələrinin şəbəkəyə
inteqrasiyası ilə
əlaqədar ötürücü
şəbəkədə müvafiq
araşdırmaların aparılmasını
nəzərdə tutur.
Araşdırmaların nəticələrinə
əsasən, texniki və iqtisadi baxımdan səmərəli
həllərin müəyyənləşdirilməsi
və müvafiq təkliflərin hazırlanması
planlaşdırılır. Birinci mərhələdə
bərpaolunan enerji mənbələri üzrə
tələbatın qiymətləndirilməsi,
növbəti mərhələdə
isə müəyyən
edilmiş güclərin
ötürücü şəbəkəyə
inteqrasiyasının tədqiqi
həyata keçiriləcək.
Flora SADIQLI,
Azərbaycan.-2025.- 26 aprel
(¹83).- S.11.