Donald Trampın təklifi
ilə Ağ Evdə tarixi görüş olacaq
Prezident İlham Əliyev ABŞ-yə səfər edəcək.
ABŞ Prezidenti Donald Trampın dəvəti ilə reallaşan
bu səfər zamanı İlham Əliyev Ermənistanın
baş naziri Nikol Paşinyanla görüşəcək.
Ağ Evdən "Bloomberg" agentliyinə göndərilən
daxili planlaşdırma sənədində bu barədə
açıq qeyd olunub. Bildirilir ki, Donald Tramp bu həftənin
cümə günü Azərbaycan və Ermənistan liderləri
ilə görüş keçirəcək. Sənədə
əsasən, avqustun 8-də (cümə günü) Tramp
Bakı vaxtilə saat 22:30-da Ermənistanın baş naziri ilə,
23:20-də isə Azərbaycan Prezidenti ilə ikitərəfli
görüşlər keçirəcək. Ardınca isə
Bakı vaxtilə saat 00:00-da hər iki liderin iştirakı ilə
birgə bəyanat veriləcək.
Bu onu göstərir ki, Donald Tramp Azərbaycanla Ermənistan
arasında sülh sazişinin bağlanmasında və Zəngəzur
dəhlizinin açılmasında çox maraqlıdır.
İkinci Qarabağ müharibəsinin başa
çatmasından 5 ilə yaxın zaman keçsə də,
tərəflər arasında sülh müqaviləsinin
imzalanmamasının səbəbi bəllidir. Yəni sülh
müqaviləsi ancaq Azərbaycan Prezidentinin tələbləri
yerinə yetiriləcəyi halda imzalana bilər.
Azərbaycan-ABŞ tərəfdaşlığının
33 ildən artıq tarixi var. Bu illər ərzində ölkələrimiz
arasında bərabərlik, qarşılıqlı hörmət
və enerji təhlükəsizliyi, sülhməramlı əməliyyatlar,
terrorla mübarizə və digər sahələr daxil olmaqla
uğurlu əməkdaşlıq ənənələri formalaşıb.
ABŞ Azərbaycanın müstəqilliyini 25 dekabr 1991-ci ildə
tanıyıb, diplomatik münasibətlər isə 28 fevral
1992-ci ildə qurulub. Azərbaycanın ABŞ-də səfirliyi
1992-ci il martın 6-dan, ABŞ-nin Azərbaycanda səfirliyi isə
həmin il martın 16-dan fəaliyyət göstərir. Bu illər
ərzində Azərbaycan Respublikası və Amerika Birləşmiş
Ştatları arasında 90-a yaxın sənəd imzalanıb
və genişmiqyaslı əməkdaşlıq
üçün müvafiq normativ-hüquqi baza
yaradılıb. 1997-ci ildən Azərbaycan
Respublikasının Milli Məclisində Azərbaycan-ABŞ
parlamentlərarası əlaqələr üzrə
işçi qrupu fəaliyyət göstərir.
Hazırda iki ölkə arasında siyasi əlaqələr
dinamik olaraq inkişaf edir. İki ölkənin liderləri
arasında olan səmimi münasibətlər Azərbaycan-ABŞ
əməkdaşlığında yeni səhifə
açıb.
Məhz Donald Trampın birinci prezidentlik dövründə
Azərbaycan ilə Birləşmiş Ştatlar arasında
dostluq və əməkdaşlıq münasibətləri
daha da möhkəmlənib. Bunu Prezident İlham Əliyevin
seçkilərdə qələbə qazanması münasibətilə
Donald Trampa açdığı telefon zamanı liderlərin
danışığından eşitmişik. İlham
Əliyev seçkilərdə inamlı qələbənin
Amerika xalqının Donald Trampın yürütdüyü
siyasi xəttə böyük dəstək və
etimadının aşkar ifadəsi olduğunu vurğulayaraq
qeyd etmişdi ki, Donald Trampın fəaliyyəti dünyada təhlükəsizliyin
təmin olunmasında daha da önəmli rol oynayacaq. Birinci
prezidentlik dövründə Azərbaycan ilə Birləşmiş
Ştatlar arasında dostluq və əməkdaşlığın
möhkəmlənməsinə Donald Trampın xüsusi diqqət
ayırdığını deyən dövlətimizin
başçısı ikitərəfli əlaqələrin irəli
aparılması üçün birgə səylər
göstəriləcəyinə ümidvarlığını
bildirmişdi. Prezident Donald Tramp isə öz növbəsində
səmimi təbriklərə görə İlham Əliyevə
dərin təşəkkürünü bildirərək
ölkələrimiz arasında əməkdaşlığın
inkişaf etdirilməsi məqsədilə birgə səylərlə
çalışmağın vacibliyini
vurğulamışdı.
Bir qədər də əvvələ baxsaq, Prezident
İlham Əliyevin hələ İkinci Qarabağ müharibəsinin
gedişində - 2020-ci ilin 25
oktyabrında ABŞ-nin "Fox News" televiziya kanalına
müsahibəsində Donald Trampın Cənubi Qafqaz siyasətini
yüksək dəyərləndirməsini görərik:
"Donald Trampın münaqişənin həlli ilə
bağlı gördüyü işlər beynəlxalq
münasibətlərə tam uyğundur. Biz bununla
bağlı onun mövqeyini, şəxsi fikirlərini tam dəstəkləyirik"
fikirləri həmin dövrdəki gərgin diplomatik situasiyada
Ağ Ev rəhbərinin tutduğu ədalətli mövqeyi
isbatlayır. "Biz görürük ki, ABŞ-nin mövqeyi
balanslaşdırılmışdır və bu, belə də
olmalıdır. Çünki ABŞ vasitəçidir.
ABŞ tərəf tutmur. Eləcə də digər həmsədrlər
tərəf tutmamalıdırlar. Biz çox böyük erməni
icmasının təkcə Amerikada deyil, həmçinin
Fransa və Rusiyada daxili siyasətə təsirinin olduğunu,
çoxlu lobbiçilik fəaliyyəti ilə məşğul
olduğunu, indi Azərbaycan əleyhinə var gücü ilə
fəaliyyət göstərdiyini və onların göstərə
biləcəyi təzyiqin səviyyəsini başa düşürük.
Lakin eyni zamanda Prezident Trampın açıq siyasəti burada
- Azərbaycanda təkcə mənim tərəfimdən deyil,
xalqımız tərəfindən də dəstəklənir",
- deyə İlham Əliyev bildirmişdir.
Ötən il iyulun 21-də Şuşada keçirilən
2-ci Qlobal Media Forumunda dünyada geniş tüğyan edən
dezinformasiya, böhtan və yalan informasiyalar bəlasından
danışan Prezident İlham Əliyev bir daha amerikalı həmkarını
xatırlatmışdır: "Prezident Tramp "Vaşinqton
Post"u və "Nyu York Tayms"ı feyk-nyus, yəni yalan
xəbər mənbəyi adlandırıb. Mən tamamilə
onunla razıyam. Mən təkcə bu məsələdə
deyil, onun bir çox bəyanatları ilə razıyam. Bu
gün ABŞ Prezidenti məhz media tərəfindən
hücumların qurbanıdır, ictimai rəyin
manipulyasiyasının qurbanıdır".
Ardınca isə İlham Əliyev onun
qarşıdakı seçkilərdə hansı namizədin
qalib gəlməsini arzulaması barədə sualı belə
cavablandırmışdı: "Çalışıram, əlimdən
gələni edirəm ki, maksimum dərəcədə fikirlərimi
səmimi ifadə edim. İstənilən auditoriya
qarşısında, istər mətbuat qarşısında və
yaxud da Azərbaycan ictimaiyyəti qarşısında
keçirilən tədbirlərdə mən heç bir halda
yanlış məlumat paylaşmıram. Lakin siyasi mədəniyyət
anlayışı var və bu anlayış sizin
sualınıza birbaşa cavab verməyə imkan yaratmır.
Ancaq sizin sualınız başa düşürəm ki,
tamamilə ritorikdir. Biz bir-birimizi onilliklərdir
tanıyırıq və tamamilə əminəm, siz də
yaxşı bilirsiniz ki, mən kimə üstünlük verərdim.
Düşünürəm ki, Azərbaycanda mən bu məsələdə,
bu mövqedə yeganə deyiləm". Əlbəttə ki,
bu cümlələrdən İlham Əliyevin Donald Trampa dəstəyi
məlum olmuşdu. Prezident İlham Əliyev eyni zamanda
ABŞ-dəki seçki marafonunu dəyərləndirərək
demişdi ki, Donald Trampın hələ də davam edən
kampaniya zamanı səsləndirdiyi mühüm tezislərdən
biri də onun vaxtında heç bir müharibənin
olmayacağıdır: "Onun hakimiyyəti dövründə
Amerika müharibələrə başlamadı, Vyetnam, Koreya,
Yuqoslaviya, Əfqanıstan, Liviya, İraq, Suriya və necə
deyərlər, onların davamı olmadı. Bax, bu müddət
ərzində onların heç biri baş vermədi. Ancaq
buna, yəqin ki, böyük hörmətlə
yanaşmağa dəyər".
Bütün bunlar, eləcə də əlamətdar
günlərdə göndərilən
qarşılıqlı rəsmi məktublarda qeyd edilən səmimi
fikirlər iki ölkənin liderlərinin bir-birilərinə
olan münasibətini açıq şəkildə ortaya
qoyur. Donald Tramp Azərbaycan Prezidentinin böyük liderlik
rolunu qəbul edir, İlham Əliyevin islahatlar kursuna dəstəyini
bildirir, ölkəmizin bütün region üçün
meyar olduğunu söyləyir
Ötən ay Xankəndidə keçirilən III
Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə
görüşdə İlham Əliyevin amerikalı həmkarı
ilə bağlı səsləndirdiyi fikirlərin Donald Tramp tərəfindən
özünün şəxsi "Truth" sosial şəbəkə
səhifəsində paylaşması da deyilənlərin təsdiqidir.
Qeyd edək ki, Prezident İlham Əliyev
çıxışının həmin hissəsində
Donald Trampın Azərbaycan xalqı ilə ortaq fundamental, o
cümlədən ailə dəyərlərini
paylaşdığı və buna görə də ABŞ-də
onun prezident seçilməsini istədiyini bildirib. Həmçinin
Trampın müharibə başlatmayan, əksinə,
müharibələrə son qoymaq məqsədi güdən
yeganə ABŞ Prezidenti olduğunu söyləyib. İlham
Əliyev eyni zamanda daha böyük qlobal təhlükəsizlik
məsələləri ilə məşğul olmasına
baxmayaraq, Trampın Ermənistanla Azərbaycanın yekun
saziş əldə etməsi istiqamətindəki niyyətinə
görə ona minnətdarlığını ifadə edib.
Bu fikirlərdən heç bir ay keçməmiş
Donald Tramp hər iki ölkənin liderini ABŞ-yə dəvət
edərək onlarla görüş təyin etdi.
Beləliklə, İlham Əliyevin ABŞ-yə səfəri
yalnız Azərbaycan-Amerika ikitərəfli münasibətləri
baxımından deyil, həm də regional sabitliyin təminatı
baxımından mühüm əhəmiyyət kəsb edir.
Bu səfər eyni zamanda Azərbaycanın beynəlxalq
nüfuzunun artması və regionda balanslı xarici siyasət
kursunun davam etdirilməsi baxımından mühüm mərhələ
kimi qiymətləndirilməlidir.
İlham Əliyevin ABŞ-yə səfəri həm də
Azərbaycanın beynəlxalq nüfuzunun gücləndirilməsi
baxımından simvolik əhəmiyyət daşıyır.
Bu, informasiya cəbhəsində əldə olunmuş
diplomatik qələbədir və Azərbaycan dövlətinin
milli maraqlarını qətiyyətlə qorumaq qabiliyyətinin
daha bir təzahürüdür.
Əgər ABŞ-də tərəflər arasında
hər hansısa bir sənəd imzalanarsa, hansısa
razılıq əldə olunarsa, bu, həm regional sabitlik və
dayanıqlı əməkdaşlıq üçün yeni
fürsətlərin yaranmasını şərtləndirə
bilər.
Rəşad BAXŞƏLİYEV,
Azərbaycan .- 2025.- 7 avqust (№163).- S.1;4.