Dünyanın gözü Ağ Evdə,
Makron isə Azərbaycandakı səfirini geri
çağırır
Nə var - nə var - Qarabağa səfər edib
Fransanın Azərbaycandakı səfiri "məsləhətləşmələr"
üçün geri çağırılıb. Sözügedən ölkənin Azərbaycandakı
səfirliyinin Mətbuat xidmətinin bu haqda verdiyi açıqlamasında qeyd olunur:
"Fransanın Azərbaycandakı səfiri Ann Buayonun
yaxın müddətdə səlahiyyət müddəti
başa çatacaq. Onun yerinə təklif edilən şəxsin
kimliyi ilə əlaqədar məlumat Azərbaycan hökumətinə
təqdim olunub".
Xatırladaq ki, Ann Buayon 2023-cü il yanvarın 26-da
etimadnaməsini Azərbaycan Prezidentinə təqdim edib. Onun
ölkəmizdə fəaliyyət göstərdiyi bu müddətdə
Azərbaycan hökuməti diplomatik korpusun, xarici şirkətlərin
nümayəndələrinin işğaldan azad olunmuş ərazilərə
səfərlərini təşkil etsə də, Fransa səfirliyi
nəinki həmin ziyarətlərdə iştirak etmiş, hətta
cidd-cəhdlə bu səfərlərə mane olmağa
çalışmışdır. Amma 2025-ci ilin iyununda səfir
Ann Buayon, necə deyərlər, şeytanın
ayağını qıraraq Şuşaya səfər
etmişdir. Üstəlik, səfər zamanı
açıqlama da vermişdir: "Şuşa Azərbaycan mədəniyyətini
başa düşmək, anlamağa imkan verən şəhərdir.
Həqiqətən də, burada olmaqdan böyük sevinc hissi
keçirirəm. Bilirəm ki, Şuşa Azərbaycan
üçün xüsusi yer tutur, çünki bu şəhər
mədəniyyət və incəsənətin rəmzidir.
Bundan əlavə, Şuşa dünyaya bir çox məşhur
insanlar bəxş edib". Buayon həmçinin qeyd
etmişdir ki, Azərbaycanın
Qarabağ regionunda aparılan tikinti-bərpa işlərinin
gedişinə heyran qalıb.
Birmənalı olaraq qeyd edə bilərik ki, Fransa Ermənistan-Azərbaycan
münaqişəsinin ideya müəlliflərindən biridir.
Bu ölkə istər problemin həllində vasitəçilik məqsədilə
yaradılmış ATƏT-in Minsk qrupuna həmsədrlik
etdiyi zamanda, istərsə də
2020-ci ildə Azərbaycan öz torpaqlarını hərbi
yolla azad etdikdən sonra iki ölkə arasında sülh
yaratmaqdan çox sülhə mane olan, münaqişə
yaradan tərəf kimi fəaliyyət göstərib. 44
günlük Vətən müharibəsi dövründə
Fransa parlamentinin keçmiş "Dağlıq
Qarabağ"ın müstəqilliyinin tanınması barədə
qətnamə qəbul etməsi yəqin ki,
çoxlarının yadındadır. Həm də o
yadındadır ki, rəsmi Paris Ermənistan üzərindən
regionda möhkəmlənmək üçün əl
altında saxladığı beynəlxalq və regional təşkilatlar
vasitəsilə Azərbaycana davamlı təzyiqlər
göstərməyə cəhd edirdi. Bununla da kifayətlənməyib
iki ölkə arasında münaqişəni
qızışdırmaq üçün məğlub
olmuş ölkəni silahlandırmaq yolunu da tutmuşdu. Amma
bu zaman nəzərdən qaçırırdı ki, Azərbaycanın
dövlət maraqlarını və mövqeyini nəzərə
almadan Cənubi Qafqazda möhkəmlənmək faktiki olaraq
mümkün deyil. Mümkün olmayan həm də Azərbaycanla
güc dilində danışmaqla nəyə isə nail
olmaqdır. Hətta səfiri geri çağırmaqla belə...
Bu arada xəbər yayıldı ki, səfir Ann
Buayonun Şuşaya səfəri ləğv edilmiş qondarma
"artsax"ın Fransadakı "daimi nümayəndəsi"
Hovannis Gevorgyanın da "qəzəb"inə səbəb
olub. Separatçıların nümayəndəsi Prezident
Emmanuel Makrona məktub yazaraq
"tədbir" görülməsini xahiş edib.
Ancaq başa düşmək çətindir ki, bütün
dünyanın gözünün Ağ Evə dikildiyi, Azərbaycanla
Ermənistan arasında sülh sazişinin
bağlanmasının indiki qədər yaxın və real
olduğu bir vaxtda Fransa nə adla səfiri ilə bağlı
"tədbir" görəcək. Əvəzində onu
başa düşürük ki,
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın
baş naziri Nikol Paşinyanın iyulun 10-da Birləşmiş
Ərəb Əmirliklərinin Əbu-Dabidə vasitəçisiz
keçirilən görüşü Cənubi Qafqaza göz
dikən Fransa üçün arzuedilməz idi. Başqa
sözlə, görüşdən sonra iki dövlət
arasında imzalanacaq sülh müqaviləsinin şərtlərinin
razılaşdırıldığı və Zəngəzur
dəhlizinə Amerkanın özəl şirkətinin nəzarət
edəcəyi haqqında mətbuatda gedən məlumatlar
adıçəkilən dəhlizə nəzarəti ələ
keçirmək istəyən və Cənubi Qafqaz regionunda
Ermənistan vasitəsilə möhkəmlənməyə can
atan Fransa üçün "sürpriz" olmuşdur.
Aydın məsələdir ki, Fransanı
düşündürən öz qlobal geosiyasi
marağıdır. Amma vaxtilə dünyanın bir çox
ölkələrində kütləvi surətdə əhalini
məhv edən, insan hüquqlarına məhəl qoymayan, XXI əsrdə
müstəmləkəçilik siyasətindən əl
çəkə bilməyən bir dövlətin
özünü "artsaxlı"ların müdafiəçisi
kimi göstərməsi "tülkünün həccə
getməsi" qədər gülünc və ikrahedici
görünür. Elə ona görə də Cənubi
Qafqazda geosiyasi maraqları iflasa uğrayan rəsmi Paris ona-buna
söz atmaqla son uğursuz çabalarını edir. Xülasə,
görünən odur ki, N.Paşinyan hökuməti ilə istədiyinə
nail ola bilməyən Paris əli hər yerdən
üzüldüyü üçün üzünü yenidən
separatçılara və revanşistlərə tərəf
çevirib. Təsadüfi deyil ki, bu günlər Fransa Milli
Assambleyasında ermənipərəst və anti-Azərbaycan
ünsürlər tərəfindən yeni qətnamə layihəsi
irəli sürülüb. Qətnamə layihəsinin müəlliflərinin
kimliyi artıq həmin layihənin mahiyyətini açıq
şəkildə ortaya qoyur. Regionumuzda baş verən proseslərə
növbəti müdaxilə cəhdi olan bu layihədə adəti
üzrə reallıqlar təhrif olunur, Azərbaycanın ərazi
bütövlüyünə açıq hörmətsizlik
nümayiş etdirilir və ölkəmiz əleyhinə yalan
ittihamlar yer alır.
Belə görünür ki, Azərbaycanla Ermənistan
arasında, xüsusən Əbu-Dabi görüşündən
sonra və Ağ Evdə Azərbaycan Prezidenti və Ermənistan
baş nazirinin ABŞ liderinin iştirakı ilə gözlənilən
görüşü ərəfəsində Cənubi Qafqazda
sülhü istəməyən məlum qüvvələr fəallaşıblar.
Onlar vəziyyəti yenidən gərginləşdirmək və
sülh gündəliyinə xələl gətirmək istəyirlər.
İndiyə kimi sülh danışıqlarında
"vasitəçi"lik etmək üçün az qala dəridən-qabıqdan
çıxan Makronun danışıqlar prosesindən tamamilə
kənar qalması, bağlı qapılar arxasında iki
ölkə arasında nələrin müzakirə edildiyini
yalnız mətbuatdan xəbər tutması bu ölkənin Cənubi
Qafqaz regionunda siyasi iflası deməkdir.
Elşən QƏNİYEV
Azərbaycan .- 2025.- 7 avqust (№163).- S.1;4.