Rusiyanın irqçi və
şovinist siyasəti
"Son vaxtlar qonşu Rusiyada Azərbaycana
qarşı kampaniyanın başlanması təəssüf
doğurur. Bu kampaniyanın bir istiqamətini guya ölkəmizdə
digər mədəniyyətlərə dözümsüz
münasibət bəslənilməsi ilə bağlı
aparılan sifarişli təbliğat təşkil edir".
Bu fikirləri "Azərbaycan" qəzetinə
Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.
Deputat bildirib ki, Rusiyada ölkəmizə qarşı
aparılan qərəzli kampaniyada dövlət nəzarətində
olan mətbuat, yüksəksəviyyəli rəsmilər,
parlament təmsilçiləri iştirak edirlər: "Bu
günlərdə qeyd olunan qərəzli kampaniyanın tərkib
hissəsi olaraq Rusiyanın rəsmi TASS informasiya agenliyinin
"Stepanakertdə Ayvazovskinin abidəsi
söküldü" sərlövhəli xəbər
yayması idi. Eyni zamanda Rusiya
Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoy
Ayvazovskinin büstünün sökülməsi məsələsinə
dair qeyri-obyektiv açıqlama verdi. Ermənipərəst
deputat Konstantin Zatulin isə erməniəsilli rəssam
İvan Ayvazovskinin heykəlinin sökülməsini
"barbarlıq", "dini və tarixi abidələrin
dağıdılması" və sairə adlarla təqdim
etdi. Əlbəttə ki, bütün bunlar yalan və
böhtandan başqa bir şey deyil".
P.Kərimzadə xatırladıb ki, Azərbaycan tərəfinin
rəsmi iradlarından sonra TASS agentliyi yazının sərlövhəsində
dəyişikliklər edərək əvvəlcə
"Spenakert" sözünü "Dağlıq
Qarabağ" ifadəsi ilə əvəzləyib. Sonra isə
"Qarabağ" sözü işlədib. TASS-ın rəhbər
şəxslərindən biri Azərbaycanın dostu olan Mixail
Qusmanın vəzifəsindən azad edilməsi də təəssüf
doğurur. Bu kimi hallar Rusiyada Azərbaycanofobiyanın
artmasını göstəriir.
Deputatın sözlərinə görə,
Rusiyanın bəzi parlament üzvlərinin, ekspertlərinin Azərbaycanı
nasizmdə ittiham etməsi qəbulolunmazdır. Dövlət
Dumasının Təhsil komitəsinin üzvü Anatoli
Vassermanın "VFokuse Mail" saytına
açıqlaması isə açıq-aşkar təhdiddən
ibarətdir: "Dövlət Dumasının üzvü iddia
edib ki, Azərbaycan guya yaxın onillikdə qaçılmaz
olaraq Rusiyanın tərkibinə daxil olacaq. O, iddia edib ki, məhz
Rusiyanın sayəsində Azərbaycan tamhüquqlu dövlətə
çevrilib. Guya tarixən Azərbaycan İran və
Türkiyənin istəyi ilə bir-biri ilə ziddiyyət təşkil
edən çoxlu kiçik və xırda bəyliklərdən
ibarət olub. Əlbəttə, rusiyalı deputatın bu
sözləri cəfəngiyyatdan başqa bir şey deyil",
- deyə o əlavə edib.
Pərvin Kərimzadə vurğulayıb ki, bu, Azərbaycana
qarşı irqçi və şovinist yanaşmanın bariz
nümunəsidir. Rusiya siyasi dairələrində azərbaycanlılara
qarşı qərəzli mövqe illərdir açıq
şəkildə hiss olunur. Rusiya Dövlət Dumasının
bir sıra deputatları dəfələrlə Azərbaycana
qarşı belə böhtan və hədə dolu ifadələr
işlədiblər. Bu cür ritorika yalnız ksenofobiyanı
körükləmir, eyni zamanda konkret təhdid hallarına zəmin
yaradır. Bu baxımdan, Dumanın üzvü Anatoli
Vassermanın və başqalarının hədə-qorxu
ritorikası ilə danışmaları yolverilməzdir.
"Azərbaycan müstəqil və güclü dövlətdir.
Heç bir qüvvə bizimlə təhdid dili ilə
danışa bilməz. Dövlətimizin hər bir məsələdə
mövqeyi beynəlxalq hüquqa əsaslanır. Ona görə
də Rusiyanın siyasi dairələri, media qurumları tərəfindən
ölkəmizə qarşı kampaniyaya son
qoyulmalıdır", - deyə deputat qeyd edib.
Əsmər QARDAŞXANOVA
Azərbaycan .- 2025.- 7 avqust (№163).- S.5.