Fırçanın
möcüzəsi
Azərbaycan təsviri sənətinin görkəmli
nümayəndəsi, Dövlət mükafatları
laureatı, "İstiqlal" və "Şərəf"
ordenli Xalq rəssamı Toğrul Nərimanbəyov hələ
sağlığında böyük
şöhrət qazanıb, qədirbilən
xalqımız və dövlətimiz tərəfindən həmişə
hörmətlə qarşılanıb və yad edilib.
Bu gün 95 yaşı tamam olan rəssam hələ
sovetlər dönəmində Azərbaycan təsviri sənət
ustalarından SSRİ-nin ən yüksək fəxri adı
sayılan SSRİ Xalq rəssamı adına layiq görülən
üç azərbaycanlı rəssamdan biri olub. Doğma
diyarımızı, milli xüsusiyyətlərimizi,
etnoqrafiyamızı sözlə yaradan dahi
yazıçımız Cəlil Məmmədquluzadə kimi,
Toğrul Nərimanbəyov da bunu rənglərlə tərənnüm
edib, özümüzə və başqalarına tanıda bilib.
İstedadlı rəssam, görkəmli incəsənət
xadimi T.Nərimanbəyov 1930-cu ildə anadan olub. Əslən
Şuşalı idi. 1950-ci ildə Ə.Əzimzadə
adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu,
1955-ci ildə isə Vilnüs şəhərində Litva
Dövlət Rəssamlıq İnstitutunu bitirib. 1950-ci ildən
etibarən əsərləri ilə yerli və beynəlxalq sərgilərin
fəal iştirakçısı olub. 1955-ci ildə SSRİ Rəssamlar
İttifaqına üzv qəbul olunan sənətkar 1964-cü
ildə Əməkdar, 1967-ci ildə isə Xalq rəssamı
fəxri adlarına layiq görülüb. T.Nərimanbəyov
1974-cü ildə Azərbaycan SSR-nin, 1980-ci ildə isə
SSRİ-nin Dövlət mükafatlarına layiq görülüb.
1989-cu ildə SSRİ Xalq rəssamı adını alan T.Nərimanbəyov
bir sıra ölkələrdə yaradıcılıq ezamiyyətlərində
olub. Dəfələrlə respublikamızda və xarici ölkələrdə
fərdi sərgiləri keçirilib. Dünyanın müxtəlif
ölkələrinin muzey, qalereya və şəxsi kolleksiyalarında
rəssamın əsərləri saxlanılır.
T.Nərimanbəyov hələ Vilnüsdə təhsil
aldığı illərdən özünü istedadlı rəssam
kimi göstərməyə başlayıb. İxtisasca
monumentalçı rəssam olması ona həm asanlıqla
novatorluq meyillərini büruzə verməyə şərait
yaradıb, həm də mövzuların bədii həllinə başqa prizmadan yanaşma
üsulları formalaşdırıb. Rəssam müəllimi,
məşhur litvalı rəssam Xouzas Mikenası həmişə
hörmətlə xatırlayardı. Eyni zamanda rəssam incəsənətin digər bir sahəsi
olan musiqi ilə də ciddi surətdə maraqlanıb. Müsahibələrinin
birində deyirdi: "Özümü dərk edəndən
musiqi ilə maraqlanıram. Mən oxumağı çox
xoşlayıram. Bəzən hətta oxuya-oxuya işləyirəm.
Mənə belə gəlir ki,
rəssam kimi yetişə bilməsəydim,
vokalçı olardım...". Bu gün cəsarətlə
demək olar ki, rəssam hələ
yaradıcılığının
erkən dövrlərindən başlayaraq
tapdalanmış cığırla getməyib, yenicə
yaratmağa başladığı "Toğrul Nərimanbəyov
yolu" ilə irəliləməyə başlayıb. Təbii ki, bu "yol"la irəliləmək
rəssam üçün heç də asan olmayıb.
Lakin tutduğu mövqedən
çəkinməyən rəssam
sonda öz "yol"unu və dəst-xətini yarada bilib.
Toğrul Nərimanbəyovun
yaradıcılığı çoxşaxəlidir: tematik
tablolar, portretlər, mənzərələr, natürmortlar,
qrafika əsərləri, divar boyakarlığı, teatr
dekorasiyaları və s. Onun
yaradıcılığının başlıca xüsusiyyətləri
kimi obrazların monumentallığını, kompozisiyanın
dolğunluğunu, obrazlar bolluğunu, bədii şərti
dekorativliyi, zəngin koloriti, personajların ustalıqla bilərəkdən
qeyri-mütənasib işlənməsini, perspektivin həllində
isə predmetlərə
çoxbucaqlı baxış istiqamətinin seçilməsini
göstərmək olar. T.Nərimanbəyov
yaradıcılıq prosesində çox sərbəst idi. Rəssam
çox vaxt təsviri sənət nəzəriyyəsində
qəbul olunmuş kanonların və məlum bədii çərçivələrin
ustalıqla əksinə gedərək, sonda peşəkarlar tərəfindən
rəğbətlə qarşılanan sənət əsərləri
yaratmaq qabiliyyətini təsdiqləmiş nadir sənətkarlardan
idi.
T.Nərimanbəyov
yaradıcılığının ilk dövrünə aid əsərlərdən
"Bayıl mənzərəsi", "Fırtınadan da
güclü", "Səadət", "Sevinc",
"Həyat naminə", "İşıqlı gələcək
uğrunda" və başqalarını qeyd etmək olar.
Əsərlərin mövzu dairəsinin zənginliyindən də göründüyü kimi,
o, daim axtarışda olmuşdur. Rəssam ona
yaradıcılıq sevincinə
bələnmiş uğur gətirəcək
işıqlı arzularının zirvəsini tezliklə fəth
etmək naminə sanki həmişə mübarizə
aparmışdır.
Bu istək sonradan da rəssamı bütün həyatı
boyu müşahidə etmişdir. "Şair Fikrət
Qoca", "Rəssamın ailəsi",
"Yazıçı Anar", "Səttar Bəhlulzadə",
"Ana" və s. portretlərində rəssam ona yaxın
olan "məslək dostları"nın,
"silahdaş"larının canlı obrazlarını
yaradıb. S.Bəhlulzadə ilə çox yaxın dost olan
T.Nərimanbəyov onun bir neçə yaddaqalan
obrazını yaratmağa nail olub. Doğrudan da, S.Bəhlulzadə
dünyasını onun qədər yaxından duya və
tanıya biləcək sənətkar tapmaq çətindir.
Bu, bəlkə də ilahinin lütfü idi ki, S.Bəhlulzadə
ömrünün və sənətinin sirlərini
daşıya biləcək gənc rəssamı S.Bəhlulzadəyə
tuş gətirmişdi. Ona həsr olunmuş əsərlərinin
birində - kompozisiyanın mərkəzində
çılğınlığı duyulan, çərçivələrə
sığışmayan, barmağından əskik olmayan
papirosunun tüstüsü ərşə qalxan, dərin
fikirlərə dalmış S.Bəhlulzadə sanki hansısa
yaradacağı yeni əsəri barədə
düşünür. Əsərin obraza canlılıq bəxş
edən kolorit həlli də son dərəcə ustalıqla
işlənilib. Son nəticədə o dostunun süni zahiri
keyfiyyətlərdən, aldadıcı poza təəssüratından
uzaq, rəssamın daxili aləmini, iç
dünyasını, psixoloji xüsusiyyətlərini açan
diqqətçəkici obraz yaradıb. Bundan başqa, özündə yaradıcı
adamlara xoş keyfiyyətləri yaşadan "Şair Rəsul
Rza", "Gənc rəssam Səhhət Veysov" və
"Maqsud İbrahimbəyov" portretlərində də T.Nərimanbəyov
bədii təxəyyülünün xüsusiyyətləri
qabarıqdır.
T.Nərimanbəyov çoxsaylı mənzərələrində
Bakını, doğma Vətənimizin gözəl guşələrini
tərənnüm edir. "Doğma şəhər",
"Bakı", "Qədim Naxçıvanın
panoramı", "Göyçay bağlarında",
"Dağların mahnısı" və s. mənzərələrində
təbiətimizin zəngin gözəlliklərinin, bərəkətli
torpağımızın yetirdiyi bol nemətlərin insanda
yaratdığı sehrkar assosiasiyanın təsiri altına
düşməmək mümkünsüzdür. "Qədim
Naxçıvanın panoramı" adlı əsər adama
doğma Naxçıvanımızın qədim tarixi və əski
mənzərəsi haqda çox şey deyir.
Rəssamın "Emalatxanada", "Kafedə",
"Qız Qalası", "Talış
dağlarında", "Yaylaqda", "Çoban ailəsi",
"Məhsul bayramı", "Bağda çayxana",
"Bakıda bazar" və s. əsərlərinin hər biri haqqında geniş
söz açılmağa layiq sənət nümunələridir.
Belə tablolara rəğbətini gizlətməyən S.Bəhlulzadənin
"Toğrulun əsərləri bərəkətli bir
süfrəni xatırladır. Bu süfrədə hər
cür nemət var. Özü də bu, doğma Azərbaycan
torpağının nemətləridir! Toğrulun əsərlərindən
torpağımızın ətri gəlir..." fikrini
söyləməsi də həmin əsərlərin sənətkarlıqla
yaradıldığını təsdiqləyir.
T.Nərimanbəyovun
yaradıcılığının səciyyəvi xüsusiyyətlərini
özündə əks etdirən natürmortlar da bu janrın
onun yaradıcılığında yeni bir zirvəyə
yüksəldiyindən xəbər verir. Onun bu cür əsərlərinə
"Natürmort. Narlar", "Narlar", "Natürmort.
Nar ağacı" və başqalarını göstərmək
olar.
T.Nərimanbəyov Azərbaycan Dövlət Kukla Teatrının,
Milli Məclisin binasının və keçmiş
"Moskva" mehmanxanasının foyelərini bənzərsiz
rəssam təxəyyülünün şahanə
fantaziyası ilə qədim incəsənətimizdən gələn
ənənələrə tapınmaqla misilsiz sənət
inciləri ilə bəzəmişdir.
Rəssam televiziya çıxışlarının
birində etiraf etmişdi ki, "Muğamı çox sevirəm,
lakin ifa edə bilmirəm, ifa edərkən gözlərimdən
yaş axır". "Muğam", "Musiqiçilər"
adlı əsərlərini hələ muğam sənətimizin
zəif təbliğ edildiyi vaxtlarda yaratdığını nəzərə
alsaq, sənətkarın
muğam sənətinin alt qatlarında gizlənən fəlsəfi
mahiyyətinə dərindən bələdliyini bir daha
duymuş oluruq.
T.Nərimanbəyov eyni zamanda gözəl səs
tembrinə malik olub. O, Azərbaycanın və dünya vokal sənətinin
şah əsərlərini ifa etməkdən yorulmurdu.
1998-ci ildə Bakıda təşkil olunan möhtəşəm
konsertində Ümummilli Lider Heydər Əliyevin iştirak
etməsi, orada rəssamla görüşməsi T.Nərimanbəyov
ömrünün ən yaddaqalan
məqamlarından idi. Ulu Öndərin layiqli
davamçısı Prezident İlham Əliyevin "Toğrul
Nərimanbəyovun 80 illik yubileyi haqqında"
imzaladığı sərəncamda rəssamın
yaradıcılığına verilən yüksək qiymətin,
göstərilən diqqət və qayğının bariz
nümunəsidir. T.Nərimanbəyov həmçinin müstəqil
Azərbaycanın "İstiqlal" (2000) və "Şərəf"
(2010) ordenləri ilə təltif edilib.
Daim yüksək sənət amallarına sadiq, tükənməz
yaradıcılıq şövqü ilə bədii əsərlər
yaratmış T.Nərimanbəyov Azərbaycan təsviri sənət
tarixində və onu tanıyanların xatirəsində həmişə
yaşayacaq.
Əsəd QULİYEV,
Rəssamlar İttifaqının üzvü, sənətşünas
Azərbaycan .- 2025.- 7 avqust (¹163).- S.7.