Bakı parkları əsl istirahət məkanıdır

 

 

Havaların belə qızmar keçməsini çoxları bəlkə də birinci dəfədir görür. Sağlamlıq üçün məqbul sayılmayan belə havalarda, son illər "iqlim dəyişikliyi" ifadəsini tez-tez eşidirik. Görünür təbiətin bu dəyişikliyinə öyrəşməliyik... Yaşadığımız bu qızmar avqust günlərində müəyyən qayğılar səbəbindən paytaxtdan kənara çıxa bilməyən  sakinlər boş vaxtlarını və həftəsonu istirahət günlərini şəhərin park və bağlarında, Bakıətrafı qəsəbə və kəndlərində, habelə Xəzəryanı çimərliklərdə keçirirlər.

Gündən-günə gözəlləşən, abadlaşan Bakı və onun ətraf qəsəbələrində insanların  istirahətlərinin mənalı keçməsi üçün lazımi infrastruktur yaradılıb.  Bakının gəzməli, istirahət etməli ünvanlarından söhbət düşəndə ilk növbədə Xəzərin mirvari boyunbağısı adlandırılan Bakı bulvarı yada düşür. 116 ilə yaxın yaşı olan, təxminən 12 il əvvələdək 3,5 hektarlıq ərazini əhatə edən Sahil bağı Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü və sərəncamı əsasında genişləndirilərək 16 hektara çatdırılıb, cənnətməkan bir gəzinti-istirahət mərkəzinə çevrilib. Xan çinarın kölgəsində oturacaqda əyləşən ahıl müsahiblərimiz - paytaxt sakinləri Telman Musayev və Nurəddin Adıgözəlovla tanış oluruq.

- İstilərə necə dözürsünüz? - sualına ilk olaraq Telman müəllim cavab verdi:

- Hər ikimiz indi bu gözəl məkandayıq, əvvəllər Nəbatat bağına gedərdik, hər gün 2-3 saat gəzintidə oluruq. Ora da yaxşıdır, amma nədənsə bulvar məni daha çox özünə çəkir. Yaradılan şərait, səliqə-sahman, bir sözlə, görülən işlər göz oxşayır.

Telman müəllim əli ilə Hökumət evini göstərərək deyir:

- Uzun illər bu binada işləmişik, yorulanda otağımın pəncərəsindən Xəzərə baxardım, az sonra əhvali-ruhiyyəm yüksəlirdi. İndi pensiyadayıq, yaşın bu vədəsində belə, istirahət, gəzinti bizim üçün əvəzolunmazdır. İnsafən desək, son illər Bakıda yaşıllıqların artırılmasına, yeni parklar, istirahət guşələri yaradılmasına xüsusi diqqət yetirilir.

Sözə qüvvət kimi Nurədddin müəllim əlavə edir:

- Ölkə başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bir neçə  il öncə Bakıda, mənim ən çox sevdiyim Mərkəzi Nəbatat Bağının ərazisində abadlıq, yenidənqurma və tikinti işlərinin gedişi ilə tanış olarkən ictimaiyyət nümayəndəsi kimi mən də buna şahidlik edirdim. Bərpa işləri nəticəsində bağın ərazisi 39 hektardan 44,8 hektara çatdırılıb. Bildiyimə görə, bağda 2500-dən çox ağac, kol, ot bitkiləri və sair var. 130-a yaxın nadir bitki növü qorunur. Vaxtilə ərazidə yerləşən avtomobil təmiri boksları, bir neçə ictimai-iaşə obyekti və müxtəlif təyinatlı qanunsuz tikililər sökülüb. Hazırda bağın ərazisində yeni, müasir layihəyə əsasən geniş bərpa və yenidənqurma işləri müvəffəqiyyətlə davam etdirilir. Bu, bizi çox sevindirir.

Bakıda son illər istifadəyə verilən yeni istirahət məkanlarından biri də Xətai rayonu ərazisində yaradılan "Gənclik" parkıdır. Günün hansı vaxtı getsən burada da çox insanla rastlaşa bilərsən. Dörd il bundan əvvəl açılışında ölkə başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirak etdikləri bu park müasirliyi ilə gəzintiyə çıxanlarda xoş ovqat yaradır. Park 43 hektar ərazini əhatə edir. Burada 300 minədək ağac və kol var. Həmçinin parkın ərazisində yaşıllıqlar salınıb. Bir sözlə, sakinlərin və qonaqların parkda asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait var.

Bu istirahət məkanında həm uşaqlar, həm də böyüklər üçün idman və əyləncə sahələri yaradılıb, attraksion quraşdırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən fiziki məhdudiyyətli şəxslər üçün idman və əyləncə sahəsi yaradılıb. Zövqlə hazırlanan "Ürəklər" kompozisiyası paytaxtımıza, təbiətimizə, insanlarımıza olan sevgini tərənnüm edir.

Parkda olarkən gəzintiyə gələn Xətai rayon sakinləri Əli və Əlirza ilə görüşdük. Söhbətdən məlum oldu ki, qardaşdırlar, hər ikisi təqaüdçüdür, parka yaxın ərazidə yaşayırlar.

- Necədir, burada gəzməyə, istirahət etməyə dəyərmi? - soruşanda qardaşların böyüyü Əli müəllim dedi:

- Bu parkın əvəzi yoxdur, sovet dönəmində respublika Kənd Təsərrüfatı Nazirliyində məsul işdə çalışmışam. İşimlə əlaqədar respublikamızın bütün rayonlarında olmuşam, vallah, belə istirahət parkı görməmişəm, bəlkə indi var, deyə bilmərəm. Dayandığımız bu ərazi bir zamanlar baxımsız bir yer idi. O "mənzərəni" görənlər yaxşı bilir, indi həmin görkəmindən əsər-əlamət qalmayıb. Aparılan yenidənqurma və yaşıllaşdırma nəticəsində ərazi Azərbaycanın meşə tipli füsunkar parklarından birinə çevrilib.

Söhbəti Əlirza müəllim davam etdirərək dedi:

- İstirahət yalnız gəzmək və kölgədə dayanmaqla bitmir. Burada əyləncə və idmanla məşğul olmaq üçün hər cür şərait yaradılıb, ərazidə iaşə obyektlərinin olması, bir sözlə, insanların istirahətinin və asudə vaxtlarının səmərəli təşkili məqsədilə zəruri infrastrukturun yaradılması hamıda məmnunluq doğurur. Burada bağlı və açıq futbol meydançaları, ziyarətçilər üçün piknik məntəqələri fəaliyyət göstərir. Xüsusi qaçış cığırları, velosiped yolları  idmansevərlərin ən çox üz tutduqları məkanlardandır.  Yaxınlıqda yaşayan tanışlarım, dostlarım var, Hövsanda, Mərdəkanda, Novxanıda, Bilgəhdə, Sumqayıtda, digər Xəzərətrafı ərazilərdə bağları var, əvvəllər yay başlayandan ora gedib-gəlirdilər. Amma indi, yollardakı tıxacdan, benzin sərfindən, vaxt ikisindən can qurtarmaq üçün bu parka gəlirlər. Bağa da gedirlər,  amma həftə ilə, ayla qalmaq üçün, daha əvvəlki kimi səhər get - axşam gəl, şənbə get - bazar gəl söbəti yoxdu...  Yaradılan bu şəraitə görə biz sakinlər dövlətimizin başçısına, Heydər Əliyev Fonduna çox minnətdarıq.

Parkı gəzdikcə hiss edirsən ki, insanlar özlərini çox rahat hiss edirlər. Park ərazisinin genişliyi nəzərə alınaraq istirahət edən şəxslərin rahatlığı üçün müvafiq məlumatlandırıcı və istiqamətləndirici lövhələr quraşdırılıb. Ərazinin ən görməli yerlərindən biri də parkda yaradılan göldür.

Azərbaycan Prezidentinin 2023-cü il 18 avqust və 2024-cü il 13 yanvar tarixli sərəncamlarına əsasən Nərimanov rayonunda - metronun "Gənclik" stansiyasının yaxınlığında, Vaqif prospekti, Ceyhun Hacıbəyli, Şəmsi Rəhimov və Nəsib bəy Yusifbəyli küçələrinin kəsişməsində salınan yeni park əraziyə xüsusi görkəm verir.

Cari ilin fevral ayında istifadəyə verilən bu park da istirahət üçün şəhər sakinlərinin ən çox üz tutduqları məkandır. Əvvəllər "Antena" sahəsi kimi tanınan bu ərazidə yararsız vəziyyətdə olan bəzi tikililər sökülüb. Ərazisi daha da genişləndirilərək 19 hektara çatdırılıb. Parkın ərazisindəki mövcud tarixi inzibati bina saxlanılıb və binada bərpa işləri aparılıb.

Parkda sakinlərin və qonaqların asudə vaxtlarının səmərəli təşkili üçün müasir tələblərə cavab verən iki restoran inşa olunub. Həmçinin burada fəvvarə də quraşdırılıb. Bu da istirahət məkanına əlavə gözəllik verir.

Yeni parkla yaxınlıqdakı "Dədə Qorqud" parkını əlaqələndirən yeraltı keçid də inşa olunub. Bu da sakinlərin təhlükəsiz və rahat hərəkətinə şərait yaradır.

Paytaxt Bakıda və onun ətraf qəsəbələrində yeni parkların, yaşıllıq zolaqlarının və istirahət guşələrinin yaradılması mütəmadi xarakter alıb. Bu sıradan cari ilin may ayından paytaxtın Yasamal rayonunda, Təzə Pir məscidinin tinindən Daxili İşlər Nazirliyinin (DİN) və Baş Prokurorluğun binalarına qədər olan ərazinin Mərkəzi Parka birləşdirilməsi üçün söküntü işlərinə başlanılıb.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin məlumatına görə, Mərkəzi Parkın genişləndirilməsi zamanı Süleyman Tağızadə, Mirzə Fətəli Axundzadə, Lev Tolstoy, Murtuza Muxtarov, Rza Quliyev küçələri, Nizami, Zərgərpalan, Həzi Aslanov, Əli Quliyev, Bəşir Səfəroğlu, Vidadi, Çingiz Mustafayev küçələri arasındakı tarix və mədəniyyət abidələri qorunacaq. Həmin abidələr dövlət mühafizəsindədir və hər hansı tarixi abidənin sökülməsi nəzərdə tutulmur.

Xatırladaq ki, Bakı şəhəri və onun ətraf ərazilərində bağlarla yanaşı, 17-dən çox rahat və gözəl park var. Bu parklar insanların asudə vaxtlarını əyləncəli və səmərəli keçirməsi ilə yanaşı, biomüxtəlifliyin qorunmasında əhəmiyyətli rol oynayır. Parkların hamısında, xüsusən də Heydər Əliyev Muzey-Park Kompleksində, Dağüstü parkda, Zərifə Əliyeva adına parkda, Nizami parkında, Atatürk parkında, Qış parkında, Yasamal meşə-parkında əlavə dekorativ kollar əkilmiş, yaşıllıq zolaqları yenilənmiş, işıqlandırma sistemləri təzələnmiş, gəzinti üçün hər cür şərait yaradılmışdır.

Prezident İlham Əliyevin tapşırıq və göstərişləri ilə həyata keçirilən abadlıq-quruculuq işləri sırasında Bakıda yeni parkların salınması prioritet olmuşdur. Paytaxt sakinlərinin və ölkəmizə gələn turistlərin istirahəti üçün ən müasir yaşıllıq zolaqlarının salınması, Bakının qədim tarixi memarlıq nümunələrinin bərpası və müasir binaların tikilib istifadəyə verilməsi ölkəmizdə həyata keçirilən quruculuq işlərinin daha da genişləndiyini göstərir. Cari ilin ilk günlərində istifadəyə verilən Mərkəzi Parkın ikinci hissəsi  paytaxtımızın daha da gözəlləşməsi, şəhərin "ağciyəri" sayılan yaşıl guşələrin sayının artırılması və insanların səmərəli istirahəti baxımından mühüm əhəmiyyət daşıyır.

 

Rəhman SALMANLI

Azərbaycan .- 2025.- 7 avqust (№163).- S.7.