Avropa yarışlarında uğur
qazanan qazaxlı idmançılarla görüş
keçirilmişdir
İspaniyanın paytaxtı Madriddə keçirilən
U-15 və yeniyetmələr arasında
ağırlıqqaldırma üzrə Avropa birinciliyində
iştirak edən Azərbaycan milli komandasının 15
üzvündən 8 nəfəri Qazax rayon Uşaq Gənclər
İdman Məktəbinin yetirməsi və "Göyəzən"
Ağır Atletika Klubunun idmançıları olmuşlar.
Qazaxlı idmançıların əldə etdikləri
3 qızıl və 4 gümüş medal Azərbaycan
komandasını Avropa birinciliyində ümumi sıralamada
üçüncü etmişdir.
Qazax Rayon İcra Hakimiyyətində keçirilən
görüşdə RİH-in başçısı Rəcəb
Babaşov çıxış
edərək
idmançıları əldə etdikləri nailiyyət
münasibətilə təbrik etmiş, sazın, sözün beşiyi
sayılan Qazaxın həm də idmançıları ilə
tanındığını qeyd etmişdir: "Bu gün
qürurverici haldır ki, Qazax idmançıları
ağır atletika idman növündə də adlarını
tarixə yazdıra bildilər". Prezident İlham
Əliyevin idmançılara göstərdiyi diqqət və
qayğıdan söz açan R.Babaşov bu münasibətin
davam etdiyini bildirmiş, Qazax Olimpiya İdman Kompleksində,
Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbdə,
Çaylı kəndində ağır atletika ilə məşğul
olan idmançılar üçün idman zallarının
yaradılmasını həmin münasibətin nümunəsi
kimi qiymətləndirmişdir.
"Göyəzən" Ağır Atletika Klubunun
ağır atletika idman növü üzrə məşqçi-müəllimi,
Əməkdar məşqçi Rayət Abdalov
ünvanlarına səslənən xoş sözlərə, əməklərinə
verilən yüksək dəyərə görə hər kəsə
minnətdarlığını bildirmişdir.
Görüşün sonunda R.Babaşov
idmançılara xatirə hədiyyələri təqdim
etmişdir.
Sabir ƏLİYEV
Azərbaycan .- 2025.- 7 avqust (№163).- S.8.