"Polis haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
16-cı və 19-cu bəndlərini rəhbər tutaraq qərara
alır:
"Polis haqqında" Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
1999, № 11, maddə 611(Cild I); 2024, № 1, maddə 3) 39-cu maddəsinə
aşağıdakı məzmunda III və IV hissələr əlavə
edilsin:
"III. Polis əməkdaşlarının sosial
müdafiəsini gücləndirmək və polis
orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək
məqsədilə aşağıdakı vəsaitlər
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) xəzinə hesabına
köçürülür:
1) polis orqanları tərəfindən
istintaqı aparılan cinayət işləri və cinayət
təqibi ilə bağlı digər materiallar üzrə
cinayət nəticəsində dövlətə vurulmuş
ziyanın ödənilməsi üçün ibtidai
araşdırma dövründə dövlət büdcəsinə
köçürülmüş vəsaitin 5 faizi;
2) polis orqanları tərəfindən istintaqı
aparılan cinayət işləri üzrə Azərbaycan
Respublikasının Cinayət Məcəlləsi ilə
müəyyən edilmiş qaydada şəxsin cinayət məsuliyyətindən
azad edilməsi üçün dövlət büdcəsinə
edilmiş ödənişdən daxil olan vəsaitin 5 faizi.
IV. Bu maddənin III hissəsində nəzərdə
tutulmuş vəsaitdən istifadə qaydası müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən müəyyən olunur.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan .- 2025.- 6 avqust (№162).- S.2.