Naxçıvan
Muxtar Respublikasının paylayıcı elektrik şəbəkəsinin
yenidən qurulması və bərpası ilə bağlı əlavə
tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Elektrik enerjisi sisteminin, o cümlədən
paylayıcı elektrik şəbəkəsinin müasirləşdirilməsi
və innovativ texnologiyaların tətbiqi əsasında təkmilləşdirilməsi
ölkəmizin dayanıqlı sosial-iqtisadi inkişafı üçün
xüsusi əhəmiyyət kəsb edir.
Son illərdə ölkəmizdə bu sahədə həyata
keçirilən ardıcıl islahatlar enerji sisteminin idarə
edilməsi və inkişafı fəlsəfəsində
keyfiyyət dəyişikliyinə zəmin yaratmış,
elektrik enerjisi ilə istehlakçıların daha etibarlı,
davamlı, təhlükəsiz və səmərəli təchizatına
xidmət etmişdir.
Azərbaycan Respublikasının ayrılmaz tərkib
hissəsi olan Naxçıvan Muxtar Respublikasında da iqtisadi
inkişafın davamlılığının təmin edilməsi
ilə bağlı görülən işlər, öz
növbəsində, kommunal infrastrukturun, o cümlədən
paylayıcı elektrik şəbəkəsinin keyfiyyətinin
yüksəldilməsini, əhalinin fasiləsiz və təhlükəsiz
enerjiyə çıxışını əsas prioritetlərdən
birinə çevirir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq,
Naxçıvan Muxtar Respublikasında paylayıcı elektrik
şəbəkəsinin dayanıqlılığının
təmin edilməsi, bu sahədə infrastrukturun daha da
yaxşılaşdırılması,
istehlakçıların enerji təchizatının səmərəliliyinin
və keyfiyyətinin artırılması məqsədilə
qərara alıram:
1. "Naxçıvan Muxtar Respublikasının
paylayıcı elektrik şəbəkəsinin yenidən
qurulmasına və bərpasına dair 2026-2030-cu illər
üçün Tədbirlər Planı" (bundan sonra - Tədbirlər
Planı) təsdiq edilsin (əlavə olunur).
2. "Azərişıq"
Açıq Səhmdar Cəmiyyəti Tədbirlər
Planında nəzərdə tutulmuş tədbirlərin
icrasını təmin etsin və icranın gedişi barədə
ildə bir dəfə Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. Tədbirlər Planında nəzərdə
tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədilə
növbəti illərdə dövlət büdcəsi layihələrində
tələb olunan maliyyə vəsaitinin nəzərdə
tutulması üçün zəruri tədbirlər
görsün;
3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 avqust 2025-ci il
Azərbaycan .- 2025.- 6 avqust (№162).- S.3.