Aktyor ömrü
Nizami Gəncəvinin nəslinin davamçısı
olması ilə fəxr edirdi. Onu qürurlandıran bir də
o idi ki, bu nəslin nümayəndələri sonrakı
dövrlərdə də xalqın, vətənin layiqli
övladları kimi tanınıblar.
Şeyxzamanovlar nəslindən ona qədər
şair, tarixçi, siyasətçi... kimi məşhurlaşanlar
olmuşdu. Məmmədrza Şeyxzamanov isə bu soyada aktyorluq
sənəti ilə şöhrət qazandırdı...
Onun babası Şeyx İbrahim Qüdsi haqqında ədəbiyyatşünas
Firudin bəy Köçərli yazırdı: "Mərhum
Şeyx İbrahim Şeyx Həsən oğlu Şeyxzamanov Gəncə
şairlərinin məşhurundandır. ...Şeyx
İbrahimin ərəbcə və farsca yaxşı biliyi var
imiş və müqtədir türk şairlərindən
birisi hesab olunur. Qüdsi müdərrislik ilə və bir tərəfdən
Gəncə şəhərinin yaxınlığında vaqe
olan İmamzadeyi-İbrahim türbəsinin mütəvəlliliyi
ilə güzəran edərmiş". Ümumiyyətlə,
İmamzadə türbəsi Gəncənin əsilli, nəcabətli
nəsillərindən olan Şıxzamanlılara məxsus
idi. Şeyx İbrahim Qüdsinin oğlu Hacı İsa bəy
Şeyxzamanov da İmamzadə türbəsinin
keşikçisi olmaq kimi nəsildən-nəslə
keçərək ona miras qalmış müqəddəs vəzifəni
yerinə yetirirdi.
Hacı İsa bəy bir neçə dəfə ailə
qurmuş, övladları dünyaya gəlmişdi. O, sonuncu dəfə
Böyükxanım adlı ikiuşaqlı, dul qadınla evlənmişdi.
Üç uşaqları dünyaya gəlmişdi. Gələcəyin
aktyoru Məmmədrza Şeyxzamanov onların ortancıl
övladıydı. 1915-ci il avqustun 4-də dünyaya gəlmişdi.
Məmmədrzanın iki yaşı olanda atası vəfat
etdi. Evin, uşaqların qayğısını
Böyükxanım təkbaşına çəkməli
oldu.
Əgər dövran dəyişməsəydi, məmləkəti
bolşeviklər tərəfindən işğal edilməsəydi,
ailə başçılarını itirsələr də,
gün-güzəran dərdləri, maddi
sıxıntıları böyük olmayacaqdı. Hacı
İsa bəydən qalmış var-dövlət onlara yetərdi.
Amma 1920-ci ilin aprelində dövranın üzü
döndü. Aprelin 28-də Cümhuriyyət hökumətini
süquta uğradaraq hakimiyyəti ələ keçirən
bolşeviklər Azərbaycanda hökmranlıq etməyə
başladılar. Sovet hökuməti quruldu. Yeni hökumət
varlılara düşmən gözü ilə baxdı,
mal-dövlətlərini müsadirə etdi.
Onlar da "yaddan çıxmadılar". Başqa
varlılar kimi, mal-dövlətləri əllərindən
alındı. Yaşadıqları mülkü tamam itirməkdən
qorxan Böyükxanım könüllü olaraq orada fabrik
açılmasına icazə verməklə qurtulmaq istədi.
Əvəzində öz evində bir böyük otaq ala bildi.
Var-dövlətləri müsadirə olunduqdan sonra
kasıblığın, yoxsulluğun nə olduğunu bildilər.
Böyükxanım Gəncə toxuculuq fabrikində işləməli
oldu.
Sovet hökuməti Şeyxzamanovların yalnız
mal-dövlətlərini talamadı. Məmmədrzanın əmisi
oğlu İsrafil bəy Şeyxzamanlı bolşeviklər tərəfindən
həbs edildi, işgəncələrə məruz qaldı. Məmmədbağır
Şeyxzamanlını isə zindandan ölümə göndərdilər.
Bolşeviklər 1920-ci ilin mayında onu güllələdilər.
Onların qardaşı, Azərbaycan Xalq Cümhuriyyətinin
təhlükəsizlik orqanına rəhbərlik etmiş
Nağı bəy Şeyxzamanlı bolşeviklərin
işğalından sonra vətən xaini elan edildi, həbs
olunması haqda qərar çıxarıldı. O, Azərbaycanı
tərk etmək məcburiyyətində qaldı. Və
Türkiyəyə getdi. Bir müddət orada, sonralar Almaniyada
və ABŞ-də yaşadı. Nağı bəy Məmmədrza
Şeyxzamanovun bacısı Həmidəxanımın həyat
yoldaşı idi.
Məmmədrzanın qardaşı Ələsgər
Şeyxzamanov isə Azərbaycan Xalq Cümhuriyyəti
dövründə xaricə təhsil almağa göndərilən
gənclərdən biri idi. O da vətəninə dönə
bilmədi. Türkiyədən İtaliyaya getdi, orada
yaşadı.
Məmmədrza Şeyxzamanov kiçik
yaşlarından anasının çəkdiyi mənəvi
sarsıntıları duyurdu, ailəsini dolandırmaq
üçün əziyyətə qatlaşmalı oldu. On iki
yaşından işləyib evə qazanc gətirməyə
başladı ki, anasının yükünü
yüngülləşdirsin. Gəncə İnşaat
Texnikumuna daxil olduqdan sonra təqaüd almağa
başladı.
Tələbəlik illərində aktyorluq sənətinə
maraq göstərdi. Onun təhsil aldığı texnikumda
dram dərnəyi fəaliyyət göstərirdi. Məmmədrza
həmin dərnəyə yazıldı. Çox keçmədi
ki, Gəncə Dövlət Dram Teatrının rejissoru Həbib
İsmayılov onu teatrın nəzdindəki studiyaya dəvət
etdi. Səhnəyə "Hind qızı"
tamaşasında Brahma rolu ilə çıxdı. Bu,
kiçik rol onun böyük səhnədə ilk uğuru
oldu. Getdikcə aktyor kimi tanınmağa, sevilməyə
başladı. Məmmədrza
Şeyxzamanov Gəncə Dövlət Dram Teatrında
çalışdığı illərdə "Vaqif"də
Eldar, "Fərhad və Şirin"də Fərhad,
"Yaşar"da İmamyar, "İki qardaş"da Yuri
və başqa rollar ifa etdi.
Texnikumda təhsilini bitirib mühəndis diplomu alanda
artıq aktyorluq sənət arzusunun önündə
dayanmışdı. Odur ki, mühəndis ixtisasına
uyğun iş axtarmadı. Gəncə Dövlət Dram
Teatrında çalışdı, böyük həvəslə
rollar oynadı.
Artıq iyirmi dörd yaşına
çatmışdı. Gənc, yaraşıqlı aktyor kimi
pərəstişkarları var idi. On yeddi-on səkkiz
yaşlı Nigar da Məmmədrza Şeyxzamanovun
oynadığı bütün tamaşalara baxmağa gəlirdi.
Bu, gözəl qız gənc aktyorun diqqətini cəlb etdi.
Bir-birlərini sevdilər. Məmmədrza Şeyxzamanov
elçilərini qızgilə göndərdi. Nigarın
imkanlı ailəsi onu kasıb aktyora vermək istəmədi.
Məmmədrza sevdiyi qızı qaçırdı. Bir il
sonra - 1939-cu ildə qızları dünyaya gəldi. İlklərinə
Leyla adını verdilər.
Amma xoşbəxt günlərinə birdən-birə
sanki qara buludlar çökdü. Məmmədrza
Şeyxzamanovun özü və ailə üzvləri,
qardaşı Ələsgərin həyat yoldaşı ilə
qızı repressiyaya məruz qaldılar.
Məmmədrza həyat yoldaşı və kiçik
qızı ilə Qazaxıstanın ucqar vilayətlərindən
birinə sürgünə göndərildi. Sürgündə
qaldıqları yeddi ildə çox çətinliklər
çəkdilər. Bir gün Məmmədrza Şeyxzamanov həyat
yoldaşı və qızı ilə geri döndü. Gəncədə
xeyli müddət qohum-əqraba evində gizlənməli
oldular. Gizli yaşadıqları üçün aktyor işə
də düzələ bilmədi. İllər öncə tanıdığı
Xalq şairi Səməd Vurğuna müraciət etdi. Şair
köməyini əsirgəmədi. Məmmədrza
Şeyxzamanov Gəncə Dram Teatrında fəaliyyətini
davam etdirə bildi. Yeni rollarla səhnəyə
çıxdı.
1954-cü ildə Mədəniyyət Nazirliyinin əmrilə
Azərbaycan Dövlət Akademik Dram Teatrında işə
başladı. Ailəsi ilə Bakıya köçdü. Bu
teatrda otuz ilə yaxın çalışdı. "Fərhad
və Şirin"də Xosrov, "Yaşar"da İmamyar,
"Antoni və Kleopatra"da Edqar, "Ölülər"də
Hacı Həsən, "İblis"də İxtiyar,
"Göz həkimi"ndə Şahbazov, "Qış
nağılı"nda Poliksen, "Otello"da Otello,
"Aydın"da Aydın, "Qaçaq Nəbi"də
Qaçaq Nəbi, "Vaqif"də Eldar kimi bir-birindən fərqli
və maraqlı rollarla səhnəyə çıxdı.
Aktyor ömrünün sonunadək Azərbaycan
Dövlət Akademik Milli Dram Teatrında işlədi. Eyni
zamanda filmlərdə çəkildi. "Bəxtiyar"
filmindəki professor Teymur Rəcəbov, "Qızmar günəş
altında"da Alı kişi, "Leyli və Məcnun"da
Dərviş, "Bir qalanın sirri"ndə həkim Eldostu,
"Nəsimi"də Şeyx Əzəm, "Onu
bağışlamaq olarmı"da polkovnik Qurbanov,
"Qatır Məmməd"də Gəncə qubernatoru,
"Böyük dayaq"da Şərəf, "Kölgələr
sürünür"də Qafar Niyazov, "Əhməd
haradadır"da Şirin kişi, "Liftçi
qız"da rəssam, "Tütək səsi"ndə
İsfəndiyar kişi rolları Məmmədrza
Şeyxzamanovun kinoaktyor kimi də əvəzsiz olduğunu təsdiqlədi.
Teatrda və kinoda oynadığı rollarla çox
sevilən aktyor gec də olsa, layiq olduğu adı aldı.
1974-cü ildə ona "Xalq artisti" fəxri adı
verildi.
O, 1984-cü il yanvarın 25-də altmış doqquz
yaşında dünyadan köçdü. Məmmədrza
Şeyxzamanov teatr tamaşalarında və filmlərdə ifa
etdiyi, lent yazılarının yaddaşında qalan rolları
ilə sevilən aktyorların sırasında hər zaman
xatırlanır.
Zöhrə FƏRƏCOVA
Azərbaycan .- 2025.- 6 avqust (№162).- S.11.