Ağciyər Xəstəlikləri
Mərkəzi Şəmkir regional xəstəxanasının
açılışı olub
Xəstəxana iki şəhər - Gəncə və
Naftalan, eləcə də 9 rayon - Şəmkir, Gədəbəy,
Qazax, Ağstafa, Tovuz, Göygöl, Samux, Goranboy və Daşkəsəndə
yaşayan təxminən 1,4 milyon nəfərə xidmət
göstərəcək.
Açılış mərasimində
çıxış edən rayon icra hakimiyyətinin
başçısı Rəşad Tağıyev xəstəxananın
fəaliyyətə başlamasını Prezident İlham
Əliyevin Azərbaycan səhiyyəsinin inkişafına
göstərdiyi diqqət və qayğı kimi dəyərləndirib,
dövlətimizin səhiyyə sahəsində müəyyən
etdiyi proqramlar - tibb müəssisələrinin yenidən
qurulması, onların ən müasir avadanlıqlarla təchiz
olunması, regionlarda diaqnostika mərkəzlərinin tikilərək
istifadəyə verilməsi, xüsusilə uşaqların
bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə
əhatə olunmasının başlıca istiqamətləri
kimi qiymətləndirib.
TƏBİB-in icraçı direktorunun müşaviri
Anar Ağayev və Ağciyər Xəstəlikləri Mərkəzinin
direktoru Nəhmət Rəhmanov
çıxışlarında əhaliyə tənəffüs
sisteminin spesifik və qeyri-spesifik xəstəliklərinin
müalicəsi, diaqnostikası və profilaktikası ilə
bağlı tibbi xidmət göstərəcək Şəmkir
regional xəstəxanasında
yaradılan şərait barədə məlumat veriblər.
Bildirilib ki, xəstəxanada vərəmin aşkarlanması və
diaqnostikasının yaxşılaşdırılması
istiqamətində tədbirlərin görülməsi, nəzarətin
gücləndirilməsi, vərəm xəstəliyinin
laborator və instrumental diaqnostika şəbəkəsinin təkmilləşdirilməsi
və gücləndirilməsi üçün lazım olan hər
cür şərait var.
Açılış mərasimindən sonra
iştirakçılar xəstəxanada yaradılan şəraitlə
tanış olublar. Məlumat verilib ki, xəstəxanada iş
prosesinin səmərəli təşkili üçün
inzibati hissədə tam şərait yaradılıb. Həyat
funksiyaları pozulmuş və yaşaması risk altında
olan, xüsusi baxım tələb edilən şəxslərə
reanimasiya və intensiv terapiya bokslarında xidmət göstəriləcək.
Bütün reanimasiya otaqları və palataları süni
ventilyasiya cihazı, mərkəzləşdirilmiş oksigen və
vakuum sistemləri və avadanlıqlarla təchiz edilib.
Azərbaycan .- 2025.- 6 avqust (№162).- S.10.