Şamaxıda Moldovanın ekoloji stres amillərinə
davamlı üzüm sortlarından ibarət nümayiş
bağı salınıb
Kənd Təsərrüfatı Nazirliyinin
Üzümçülük və Şərabçılıq
Elmi-Tədqiqat İnstitutunun Şamaxı Təcrübə
Stansiyasında Moldovada seleksiya olunmuş, ekoloji stres amillərinə
davamlı üzüm sortlarından ibarət nümayiş
bağı salınıb.
Nümayiş bağına həsr olunmuş tədbirdə
Üzümçülük və Şərabçılıq
Elmi-Tədqiqat İnstitutunun direktoru Vüqar Səlimov, Moldova
Respublikasının Azərbaycandakı səfiri Aleksandr
Esaulenko, Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin
nümayəndələri və digər rəsmi qonaqlar
iştirak ediblər.
Tədbir zamanı Vüqar Səlimov bildirib ki, son illərdə
qlobal istiləşmənin təsiri ilə kənd təsərrüfatı
bitkiləri, xüsusilə də üzümçülük
sektoru artan quraqlıq və digər ekoloji risklərlə
üz-üzə qalıb. Araşdırmalara əsasən,
stress faktorları arasında quraqlığın təsiri 26
faizə qədər yüksəlib. Bu baxımdan üzüm
sortlarının quraqlıq və digər abiotik-biotik risklərə
davamlılığı prioritet sahəyə çevrilib.
Direktor əlavə edib ki, institutda bu məqsədlə
quraqlığadavamlı üzüm sortlarının
seçilməsi və yaradılması, adaptiv sortların
introduksiyası və iqlimləşdirilməsi, torpaqda
rütubət saxlanması üçün tədbirlərin tətbiqi,
suya qənaətedici innovativ texnologiyaların təşviqi,
aqrotexniki və torpaqbecərmə üsullarının təkmilləşdirilməsi
istiqamətində tədqiqatlar aparılır.
Yeni layihə çərçivəsində
Moldovanın 9 üzüm sortundan ("Plavay",
"Viorika", "Qara Fetyaska", "Kloriçika",
"Luminiçka", "Fetyaska Muskatnaya",
"Kopçk", "Legenda", "Moldova") ibarət
90 ədəd calaq ting (CO4 calağı üzərində) dəmyə
şəraitində əkilib. Məqsəd bu sortların
quraqlığa, xəstəlik və zərərvericilərə,
yüksək temperatur və digər amillərə
davamlılıq xüsusiyyətlərini qiymətləndirməkdir.
Bağda üzüm sortlarının inkişaf
dinamikası, məhsuldarlığı və keyfiyyəti,
ekoloji plastiklik və adaptiv göstəriciləri
araşdırılacaq və nəticələr yerli fermerlərə
nümayiş etdiriləcək.
Tədbir iştirakçıları nümayiş
bağında aparılan əkinlərlə tanış
olaraq, Moldovadan gətirilmiş sortların inkişaf vəziyyəti
ilə maraqlanıblar. Bildirilib ki, bu layihə ölkədə
kompleks xüsusiyyətlərə malik texniki üzüm
sortlarının artırılmasına və seleksiya sahəsində
beynəlxalq əməkdaşlığın güclənməsinə
töhfə verəcək.
Azərbaycan .- 2025.- 6 avqust (№162).- S.10.