Moskva aqressiv siyasəti
ilə daxili auditoriyanın diqqətini problemlərindən
yayındırmağa çalışır
Rusiyanın media və digər platformalar üzərindən
Azərbaycan əleyhinə apardığı kampaniyalar səngimək
bilmir. İmperiya təfəkkürü ilə siyasət
yürüdən şimal qonşumuz ard-arda sərgilədiyi
qeyri-dost davranışları, səsləndirdiyi qərəzli
və absurd iddiaları, ölkəmizin daxili işlərinə
dil uzatması ilə göstərir ki, Azərbaycanın
müstəqil siyasət yürütməsinə qəbullana
bilmir. Moskva nəinki Cənubi Qafqazın, eləcə də
dünyanın güc mərkəzlərindən birinə
çevrilən ölkəmizin uğurlarına dözə
bilmir.
Azərbaycan bu gün qlobalmiqyaslı problemlərlə
mübarizəyə verdiyi töhfələri, beynəlxalq
çağırışları ilə dünyanın diqqət
mərkəzindədir. Yürütdüyü çoxvektorlu
və çevik diplomatik siyasəti sayəsində yerləşdiyi
coğrafiyanın özəlliklərindən əlverişli
şəkildə istifadə edən ölkəmiz bu gün
Şərqlə Qərb arasında nəqliyyat habı rolunu
oynayır.
Avropanın enerji təhlükəsizliyində vacib
yeri olan Azərbaycan həm də yürütdüyü
uğurlu Yaxın Şərq siyasəti ilə dünya
gündəmindədir. Həmçinin əldə etdiyi silsilə
qələbələrlə son beş ildə bölgədə
yeni reallıqlar yaradan Azərbaycan üçüncü
qüvvələrin Cənubi Qafqazdakı maraqları
qarşısına sədd çəkib. Bunun sayəsində
keçmiş Qarabağ münaqişəsindən, ərazilərimizdə
separatizmin varlığından yararlanaraq illərdir regionda
mövqelərini möhkəmləndirən Rusiyanın da əli
boşda qalıb. Hazırda Bakının xüsusi səyləri
ilə Cənubi Qafqazda təhlükəsizlik, sabitlik və
sülh üçün tarixi fürsət yaranıb. Ermənistan-Azərbaycan
arasında sülh müqaviləsinin imzalanması, demək
olar ki, çox da uzaqda deyil. Birləşmiş Ərəb
Əmirliklərinin Əbu-Dabi şəhərində iki
ölkə lideri arasında keçirilən görüş
dünya birliyi tərəfindən də sülh prosesi istiqamətində
mühüm addım kimi dəyərləndirildi. Xüsusilə ABŞ-nin, Tramp
Adminstrasiyasının Cənubi Qafqazda sülh səylərinə
dəstəyi vacib məqam kimi önə çıxdı. Hətta
yerli və xarici mediada Ermənistan-Azərbaycan liderlərinin
növbəti ikitərəfli görüşlərinin
Vaşinqtonda baş tutacağı barədə xəbərlər
də yer alıb. Bölgə ilə bağlı
Bakının liderliyi ilə müsbət istiqamətə
doğru cərəyan edən bütün proseslər isə
təbii ki, yürütdüyü aqressiv, şovinist və
imperial təfəkkürə dayanan siyasətlə dünyada
özünə çoxsaylı düşmən qazanan
Rusiyanı qane etmir. Moskva Bakıya qarşı aqressiv və
manipulyativ siyasəti ilə həm də uğursuzluğa
düçar olan xarici siyasətinin gətirdiyi ağır fəsadlardan
daxili auditoriyanın diqqətini yayındırmaq istəyir.
Daxili işimizə müdaxilə
Vətən müharibəsindən sonra Rusiya sülhməramlıları
Qarabağda qanunsuz əməllər törədirdi ki,
bunlardan biri də 2021-ci ilin dekabrında "Rusiya şöhrət
xiyabanı" layihəsi çərçivəsində
Xankəndidə separatçılar və hərbi kontingent tərəfindən
rəssam İvan Ayvazovskinin büstünün qoyulması idi.
Bu günlərdə Xankəndi şəhərində
vaxtilə qanunsuz qoyulmuş həmin büst haqlı olaraq
demontaj olundu. Rusiya Prezidentinin xüsusi nümayəndəsi
Mixail Şvıdkoy Azərbaycan tərəfinin bu
addımının dərin təəssüflə
qarşılandığını, bunun Rusiyaya qarşı
xoşagəlməz və qeyri-dost addım kimi qiymətləndirildiyini
bildirdi.
Baxmayaraq ki, Şvıdkoy Şuşada Natəvanın,
Üzeyir bəyin, Bülbülün ermənilər tərəfindən
güllələnmiş heykəllərini öz gözləri
ilə görüb. Hələ Qarabağ və Şərqi Zəngəzurda
Ermənistanın Azərbaycan xalqına məxsus tarixi, dini, mədəni
abidələri yerlə yeksan etməsi faktı da var. Lakin
gözlərini qərəz pərdəsi bürüyən
Şvıdkoy bu vandalizm aktlarını deyil, Ayvazovskinin
haqlı olaraq sökülən heykəlini görür və
absurd ittihamları ilə bu hadisəyə fərqli don
geyindirməyə çalışır.
Bununla yanaşı, Rusiyanın dövlət xəbər
agentliyi olan TASS məsələ ilə bağlı dərc
edilmiş "informasiya"da Azərbaycanın Xankəndi
şəhərini "Stepanakert" adlandırır. Bununla
TASS jurnalistikanın prinsiplərini ayaqlar altına ataraq
Rusiyanın anti-Azərbaycan kampaniyasında rupor olduğunu bir
daha təsdiqləyir.
Mixail Şvıdkoyun Ayvazovskinin büstünün
sökülməsi məsələsinə dair
açıqlaması və TASS informasiya agentliyi tərəfindən
Azərbaycanın Xankəndi şəhərinin
"Stepanakert" adlandırılması ilə bağlı
Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin
yerli mətbuatın suallarına cavabında bildirilib ki, erməniəsilli
rəssam İvan Ayvazovskinin büstünün Rusiya sülhməramlıları
tərəfindən Azərbaycan tərəfinin icazəsi
olmadan torpaqlarımızda quraşdırılması qanunsuz
idi: "Bu, Azərbaycan Respublikasının suverenliyinə
münasibətdə Rusiya tərəfindən hörmətsizliyin
təzahürü olub. Azərbaycan ərazilərinin
işğalı zamanı qanunsuz olaraq qoyulmuş bu kimi
dırnaqarası abidələrin sökülməsi məntiqli,
düzgün və qanunauyğundur".
XİN sözçüsü vurğulayıb ki,
Rusiya Federasiyasının rəsmi dövlət agentliyi olan
TASS-da Azərbaycanın Xankəndi şəhərinin
"Stepanakert" adlandırılması isə ölkəmizin
ərazi bütövlüyünə hörmətsizlik və
təhqiramiz addım kimi qiymətləndirilir.
Həmçinin mətbuat katibi diqqətə
çatdırıb ki, Rusiyanın rəsmi orqanları tərəfindən
Azərbaycan toponimlərinin təhrif olunması və ərazilərimizin
keçmiş separatçı qondarma rejim tərəfindən
istifadə olunan adlarla qeyd edilməsi hallarına son
qoyulmasını gözləyirik. Bu kimi hallar təkrarlanarsa,
qarşılılıq prinsipindən irəli gələrək
Azərbaycan tərəfi də Rusiya ərazisində bir
çox yaşayış yerini öz əzəli adları ilə
qeyd edə bilər.
Azərbaycan Xarici İşlər Nazirliyinin sərt
reaksiyasından sonra TASS geri addım atmağa məcbur oldu və
birinci dəfə verdiyi xəbərin
başlığından "Stepanakert" sözünü
silərək, "Dağlıq Qarabağ" ifadəsindən
istifadə etdi. Daha sonra isə qəbahətini düzəldərək
xəbərin başlığına əslində olmalı
olan - "Xankəndi" sözünü yazdı.
Üzsüzlüyün bu qədəri...
Bu günlərdə "Moskovskiy komsomolets" qəzetində
yayımlanan məqalə də ölkəmizə
qarşı təxribat üzərində qurulub. Belə ki, qərəzli
məqalədə hüquqi ərazilərimizdə
sökülmüş qanunsuz heykəl bəhanə gətirilərək
Azərbaycan nasist Almaniyası ilə müqayisə edilib.
Bütün bu absurd ittihamlar - Rusiya tərəfindən
sərgilənən üzsüzlük Azərbaycanın nasizmə
qarşı apardığı fədakar mübarizəsinin
yumşaq ifadə etsək həyasızcasına
danılması deməkdir.
Üstəlik, Azərbaycanın onilliklər boyu həm
də erməni nasizmi ilə
üz-üzə olması da Rusiyaya məlum faktdır.
Lakin nə edəsən ki, şəxsi ambisiyaları
Rusiyanı çoxdan riyakarlıq girdabına yuvarlayıb.
Sərnişin təyyarəmizi Qroznı üzərində
vurmasına, ölkədəki güc strukturlarının
burada yaşayan həmvətənlərimizə qarşı
vandal davranışlarına görə Azərbaycanın Rusiyadan qətiyyətlə cavab tələb
etməsi isə Kremli aqressivləşdirən və
özündən çıxaran başlıca səbəblərdəndir.
Ancaq şimal qonşumuz, strateji tərəfdaşımız
olan bu ölkə qeyri-dost davranışları ilə
yalnız özünə zərər verir. Müstəqil,
qüdrətli Azərbaycan nəyi, necə və nə vaxt edəcəyini
yaxşı bilir və bunun üçün nə Rusiyaya, nə
də başqa ölkəyə hesab vermək fikrində deyil.
Yasəmən MUSAYEVA
Azərbaycan .- 2025.- 6 avqust (№162).- S.9.