Zəngəzur dəhlizinin açılmasının əhəmiyyətini, nəhayət, Ermənistanda da anlayırlar

 

 

Yeni dünya düzənində sürətli və təhlükəsiz ticarətin aparılması hər bir dövlət üçün həm iqtisadi, həm də geosiyasi cəhətdən mühüm əhəmiyyət daşıyır. O üzdən Orta dəhlizin keçdiyi Azərbaycan, ümumilikdə isə Cənubi Qafqaz dünyanın böyük güclərinin maraq dairəsinə çevrilib.

Son vaxtlar Orta dəhlizlə bağlı qlobal səviyyədə müsbət proseslər baş verir. Dəhlizin dünya ticarətindəki əhəmiyyətini dərk edənlərin sayı sürətlə artır. Eyni zamanda dəhlizin daha səmərəli olması üçün dəstək verən tərəflərin sayı çoxalır. Hətta Ermənistanda da Orta dəhlizin mühüm qolu olacaq Zəngəzur dəhlizinin açılması barədə prezident səviyyəsində müsbət bəyanat verilməsinin şahidi oluruq.  

Azərbaycan illərlə bu dəhlizin beynəlxalq status qazanması üçün uğurlu logistika siyasəti aparıb. Prezident İlham Əliyevin Çin, Orta Asiya ölkələri, Gürcüstan və Türkiyə ilə apardığı danışıqlar dəhlizin səmərəli qlobal ticarət marşrutuna çevrilməsində önəmli rol oynayır. Dövlətimizin başçısı düşünülmüş siyasəti ilə region ölkələrini vahid maraq ətrafında birləşdirməyi bacarıb.

Hazırda Orta dəhlizdə tranzit rolunu oynayan ölkələr ümumi maraq ətrafında səylərini birləşdirirlər. Tək istəkləri marşrutun səmərəliliyini artırmaqdır. Məsələn, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunda (TBNM, Orta dəhliz) tərəfdaş olan Azərbaycan, Qazaxıstan və Gürcüstanın birgə əməkdaşlığı sayəsində yük bəyannamələrinin rəsmiləşdirilməsi müddəti 8 saatdan 30 dəqiqəyə endirilib ki, bu da vaxt itkisinin 16 dəfə azaldılması deməkdir. Üç ölkənin qəbul etdiyi bu qərar Asiya və Avropada yük göndərən və yük qəbul edən ölkələr tərəfindən məmnunluqla qarşılanıb.

Məlum olduğu kimi, Özbəkistan Orta dəhlizə qoşulmaq, dünya əhəmiyyətli ticarət marşrutunda tranzit ölkə olmaq istəyir. Bu səbəbdən son dövrlər qardaş ölkə bu istiqamətdə daha fəal çalışır. Özbəkistanın Xəzərə çıxışı olmasa da, dənizdə böyük ticarət donanmasını yaratmaqla Orta dəhlizdə önəmli rol almaq istəyir. Məqsəd öz məhsullarını dünya bazarına rahat çıxarmaqla yanaşı, Orta dəhlizin tranzit gəlirlərindən faydalanmaqdır. Çünki Özbəkistanda yaxşı başa düşürlər ki, Asiya ilə Avropanı birləşdirən bu dəhliz dünyanın ən əhəmiyyətli ticarət marşrutu olacaq və burada yer alan ölkələr böyük gəlirlər əldə edəcəklər.

Özbəkistanda Orta dəhlizin regional və qlobal əhəmiyyəti barədə geniş araşdırma aparılıb. Hesabatda bildirilir ki, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin yükünü azaltmaq üçün ən optimal variantlardan biri Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək 43 kilometrlik Zəngəzur dəhlizinin açılmasıdır. Dəhlizin istifadəyə verilməsi Azərbaycan ilə Türkiyə arasındakı marşrutu əhəmiyyətli dərəcədə qısaldacaq. Hazırda BTQ xətti üzrə yük qatarları Gürcüstan ərazisindən keçməklə təxminən 250 kilometr yol qət edir. Yeni marşrut isə sərhədyanı Ağbənd kəndinə qədər yolların tikintisinin tamamlanmasından sonra iki ölkə arasındakı məsafəni xeyli azaldacaq. Bu isə həm daşınma müddətinə, həm də nəqliyyat xərclərinə ciddi qənaət edilməsinə imkan verəcək.

Bununla yanaşı, hesabatda vurğulanır ki, Zəngəzur dəhlizinin açılması BTQ marşrutunun əhəmiyyətini azaldan deyil, əksinə, onu tamamlayan bir alternativ kimi çıxış edəcək. Hər iki istiqamətin birgə istismarı regionun tranzit potensialını artıracaq, yüklər daha tez ünvana çatdırılacaq.

Hesabatda həmçinin qeyd olunur ki, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması Azərbaycan üçün hazırda prioritet istiqamətlərdən biridir. Bu layihə Ermənistan da daxil olmaqla bütün region ölkələrinin maraqlarına cavab verir. Dəhlizin işə düşməsi Azərbaycan və Ermənistan arasında birbaşa dəmir yolu əlaqəsi yaradılmasına imkan verəcək, eyni zamanda Naxçıvandakı Culfa qovşağı vasitəsilə Azərbaycan, Ermənistan və İran arasında sovetlər birliyi  dövründə fəaliyyət göstərmiş nəqliyyat əlaqələri bərpa ediləcək. Bununla yanaşı, ABŞ və Avropa İttifaqı Orta dəhlizi Rusiyadan keçən ənənəvi marşrutlara alternativ olaraq nəzərdən keçirir və bu marşrutun inkişafını strateji prioritet kimi dəyərləndirir. Çin isə Ukrayna münaqişəsi fonunda TBNM-ə geosiyasi riskləri azaldan, daha sabit və dayanıqlı tranzit marşrutu kimi maraq göstərir.

Artıq Ermənistanda anlayırlar ki, Rusiya ilə İranın siyasi və iqtisadi təzyiqlərindən qurtarmağın yeganə yolu Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etməkdir. Bu gün Ermənistan bazarlarında satılan məhsulların çoxu Türkiyə mənşəlidir. İki ölkə arasında birbaşa ticarət münasibətləri olmadığı üçün həmin mallar əvvəl Gürcüstana, sonra da Ermənistana gətirilir. Bu isə məhsullara iki dəfə gömrük rüsumu ödənilməsi deməkdir.

Belə vəziyyətin heç də onların xeyrinə olmadığını Ermənistan cəmiyyətində istər rəhbərlik, istərsə də xalq səviyyəsində anlayanların sayı tədricən çoxalır. Hamı anlayır ki, qonşu ölkələrlə siyasi və iqtisadi münasibətlərin qurulması Ermənistanın indi düşdüyü çətin durumdan çıxmasının yeganə yoludur. O üzdən son dövrlər Ermənistanda Zəngəzur dəhlizinin açılması ilə bağlı müsbət bəyanatlar səsləndirilir.

Ermənistan prezidenti Vaaqan Xaçaturyanın son bəyanatı da bu qəbildəndir.  Qonşu ölkənin dövlət başçısı dəhlizin keçdiyi ərazinin sakinləri ilə keçirdiyi görüşdə demişdir: "Əgər biz Sünikin (Zəngəzurun) qapılarını aça bilsək - 43 kilometrin imkanlarını nəzərdə tuturam, əmin ola bilərsiniz ki, gələcək bizə inkişaf üçün böyük imkanlar verəcək. Məqsədimiz tezliklə Azərbaycanla sülh müqaviləsini imzalamaqdır".

 

 

Rüstəm KAMAL

Azərbaycan .- 2025.- 6 avqust (№162).- S.8.