Ermənistanın təxribatçı addımları nədən xəbər verir?

 

 

Mehriban qonşuluq siyasətinə üstünlük verən Azərbaycan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan dərhal sonra qalib tərəf olmasına baxmayaraq, Ermənistana sülh əlini uzatdı. Elə həmin vaxtdan da ölkəmiz regionda əmin-amanlığın, sabitliyin təmin olunması istiqamətində əməli addımlar atmağa başladı. Sülh müqaviləsinin imzalanması üçün baza prinsipləri müəyyənləşdirilərək qarşı tərəfə təqdim etdi. Azərbaycan tərəfinin sülh təşəbbüslərinə baxmayaraq, Ermənistan rəsmilərinin müxtəlif tribunalardan sülh göyərçini çıxışları beş ildə heç bir əməli addımda özünü göstərmədi. Zaman-zaman törədilən təxribatlar da bunu təsdiqlədi.

Ermənistan havadarlarına arxalanaraq tez-tez ölkəmiz əleyhinə yalan məlumatlar yayır, Azərbaycanı atəşkəsi pozmaqda günahlandırır. Bu baxımdan avqustun 4-də saat 13:10 radələrində Sünik rayonu (Zəngəzur-red.) ərazisindəki döyüş mövqeləri arasında yol tikinti işləri aparan ekskavatora Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat da həqiqəti əks etdirmir. Ermənistanın yaydığı bu dezinformasiyaya cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb.

Əslində, ötən müddətdə mütəmadi olaraq belə yalan informasiyalarla dəfələrlə rastlaşmışıq. Bu baxımdan Azərbaycan 30 ilə yaxın işğal altında qalan torpaqlarını azad etdikdən sonra da informasiya sahəsində savaşı davam etdirir. Təxribatçı, işğalçı ölkə mediasında ölkəmiz əleyhinə yayılan dezinformasiyalar Azərbaycanı bu istiqamətdə də addımlar atmağa vadar edir.

Vətən müharibəsində Azərbaycanın qələbəsindən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün həm üçtərəfli, həm də ikitərəfli formatlarda görüşlər keçirilib. Danışıqların nəticəsi göstərib ki, iki ölkə arasında Azərbaycanın da əvvəldən qeyd etdiyi kimi, vasitəçisiz görüşlərin keçirilməsi daha səmərəlidir. Bunu vasitəçisiz görüşlərdən sonrakı delimitasiya və demarkasiya proseslərinin başlanması və sürətlənməsi, həmçinin Qazaxın 4 kəndinin geri qaytarılması ilə nəticələnməsi də bir daha təsdiqlədi. Bu il iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında heç bir vasitəçi olmadan görüş baş tutdu və dövlətlərarası normallaşma gündəliyinin müxtəlif aspektləri müzakirə edildi. Bu görüşdə də ikitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqləndi və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırıldı. Həmçinin sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar verdilər.

Ümumilikdə Əbu-Dabi görüşü ikitərəfli və nəticəyönümlü format olaraq tarixi görüş kimi qiymətləndirildi. Bundan sonra Ermənistanla münasibətlərdə müsbət istiqamətdə dəyişikliklərin yaranacağına, eyni zamanda sülh yolunda irəliləyişə nail olunacağına inam ifadə olundu.

Amma Azərbaycan və Ermənistan arasında vasitəçisiz danışıqların aparılmasını, ümumiyyətlə, iki ölkə arasında sülh istiqamətində müsbət addımların atılmasını, regionda sabitliyin bərqərar olmasını heç cür qəbul etməyən qüvvələr Ermənistanı revanşizmə meyilləndirir və dağıdıcı addımlar atmağa həvəsləndirirlər. Buna görə də hər dəfə sülhə yaxınlaşdıqca İrəvanı müxtəlif vədlərlə ələ alan qüvvələrin səyi nəticəsində Ermənistan tərəfindən sülhpozucu fəaliyyətin şahidi oluruq.

Ermənistan rəhbərliyi anlamalıdır ki, qonşu ölkə ilə normal münasibətlər ona daha çox lazımdır. Regionda sabitlik və təhlükəsizlik ən çox İrəvana xeyir verə bilər. Ermənistanı revanşizmə sürükləyənlər lazım olduqda onu yenə yarı yolda qoyub, gizlənməyə yer tapacaqlar. Azərbaycanla sülh isə Ermənistanı inkişafa, hazırda bir çox beynəlxalq əhəmiyyətli layihələrin iştirakçısına çevirməklə iqtisadiyyatının güclənməsinə gətirib çıxara bilər.

 

 

Əsmər QARDAŞXANOVA

Azərbaycan .- 2025.- 6 avqust (№162).- S.9.