Prezidentin fəaliyyəti xalq tərəfindən dəstəklənir

 

Prezident seçkilərindən bir il ötür. Bu dövrdə Azərbaycan Respublikasının Prezidenti seçilmiş, yenidən xalqın etimadını qazanmış İlham Əliyevin gördüyü işlərin miqyası o qədər böyükdür ki, bunu kiçik yazıda təqdim etmək çox çətindir. Çünki bu proses  ilk növbədə Azərbaycanın suverenliyinin möhkəmlənməsi istiqamətində önəmli addımların atılması ilə müşayiət olundu.

Qısa müddət ərzində Azərbaycan cəmiyyəti Qarabağda ölkəmizin suverenliyi, təhlükəsizliyi üçün genişmiqyaslı işlərin görülməsinin şahidi oldu. Burada xüsusilə keçmiş məcburi köçkünlərin  işğaldan azad olunmuş ərazilərə mərhələli şəkildə köçürülməsi vədinin yerinə yetirilməsi ilə bağlı atılan addımlar diqqət çəkir. Bu, olduqca önəmli idi.

Qarabağ Şərqi Zəngəzurda infrastrukturun yenidən qurulması da çox vacib məqamlardan biridir bu istiqamətdə bütün işlər görülür. Son bir ildə Prezident tərəfindən Azərbaycanın qlobal əhəmiyyətli regional üstünlüyünü təmin edə biləcək bir sıra addımların atıldığının da şahidi olduq. Bu da çox vacib idi, xüsusilə qonşu dövlətlərlə münasibətlərdə bu addımlar böyük əhəmiyyətə malik idi. Burada ən böyük işlərdən biri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi idi. İqlim dəyişiklikləri ilə bağlı bu cür tədbirlər Azərbaycan kimi ərazicə kiçik, dünya gücləri ilə rəqabət aparmaq imkanı zəif olan ölkənin birdən-birə onların yüklərini öz üzərinə götürməsi kimi xarakterizə olundu. Azərbaycanın bu cür mötəbər tədbirə evsahibliyi etməsi bütün müqavimətlərə baxmayaraq, proseslərdə varlığını göstərməsi, aktiv rol alması özünün sabit, dayanıqlı gücə sahib olduğunu nümayiş etdirdi. Bu tədbirdə ölkə rəhbərinin çıxışı, Azərbaycanın dövlət qurumlarının bu tədbirin təşkilatçılığında rolu ayrıca qiymətləndirilməlidir. Bu dövr ərzində dövlət işlərindən ən mühümü məhz COP29 kimi qlobal tədbirin yüksək səviyyədə keçirilməsi idi. Prezidentin idmana ayırdığı xüsusi diqqət nəticəsində XXXIII Yay Olimpia Oyunlarında idmançılarımızın uğur qazanması ölkənin imicinin möhkəmlənməsi üçün olduqca faydalı oldu.

Dövlət başçısının türk dünyasınin birliyi ilə bağlı fəaliyyəti çox önəmli idi bu fəaliyyətin Türk Şurasının daha da inkişaf etməsində xüsusi rolu oldu. Özbəkistanla münasibətlərimizin yüksək səviyyədə inkişafı təmin olundu. Türkiyə, Qazaxıstan, eyni zamanda Qırğızıstanla əməkdaşlığımızın səviyyəsi yüksəldi. Bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərdə Azərbaycanın mövqeyinin səslənməsi ölkəmizə ciddi dividendlər qazandırdı. Bütövlükdə bu kimi fəaliyyətlər bu dövrün qısa xronikası kimi qiymətləndirilə bilər.

Əsas odur ki, Azərbaycan qaydalar pozulmuş dünyada öz təhlükəsizliyini yüksək səviyyədə təmin etməyi bacardı. Bu da bizim ən böyük uğurlarımızdan biri idi.  Hesab edirəm ki, bu sahədə görülən işlərin həcmi daha da genişlənəcək.

Bu dövrdə Prezidentin təşəbbüskar fəaliyyəti xüsusilə diqqət cəlb edir. Hər məsələdə Azərbaycan artıq böyük dövlətlərin, super güclərin qlobal yükünü təkbaşına öz üzərinə götürməyi bacarır. Prezident İlham Əliyevin birillik fəaliyyəti çox ciddi struktur islahatları ilə yadda qaldı ölkədə bütün sahələrdə islahatların genişlənməsinə gətirib çıxartdı. Ona görə birillik fəaliyyət Azərbaycan xalqı tərəfindən dəstəklənir, bundan sonrakı dönəmdə daha böyük işlərin görüləcəyinə ümid yaradır.

 

Fazil MUSTAFA,

Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri

Azərbaycan.-2025.- 7 fevral (№ 27).- S.8.