Prezident
İlham Əliyevin siyasəti də şəxsiyyəti kimi bütövdür
Onu ilk dəfə Ümummilli Lider Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Azərbaycanın
Moskvadakı daimi nümayəndəliyində keçirdiyi
mətbuat konfransından
çəkilən videosüjetdən,
fotoşəkillərdən tanımışam. Azərbaycanın
ən ağır, faciəli günlərindən
birində, olduqca mürəkkəb siyasi şəraitdə, hətta
özünün və
doğmalarının həyatı
üçün ciddi
təhlükələrin olduğu
bir zaman kəsiyində xalqla birlikdə idi. Üzündə hüzn, addımlarında qətiyyət
üçrəngli bayrağın
dalğalandığı, böyük
liderin imperiyanın qanlı siyasətinə meydan oxuduğu məqama doğru addımlayırdı.
Növbəti dəfə
oxşar portret cizgiləri ilə Ümummilli Liderin nəşinin Vətənə
gətirildiyi gün qarşılaşdım: hüzn,
qayğı, gediləcək
yolun, daşınacaq yükün ağırlığının
əks olunduğu məsuliyyət, iti, qətiyyətli, irəliyə
doğru tuşlanmış
baxışlar...
Zaman keçdikcə
illər öncə şahidi olduğum və tez-tez təsəvvürümdə canlandırdığım
xalqın içindən
gələn adamın
portret cizgilərinin hər dəfə əvvəlkindən daha qabarıq şəkildə
nəzərə çarpdığını
görəndə yaddaşıma
səpələnmiş cizgilərin
konkret zaman kəsiyində özünü
büruzə verən
ovqatın deyil, bütöv bir xarakterin hər dəfə xəfif şəkildə, qaranlıqdan
sıyrılan işıq
zərrəsi kimi ortaya çıxdığına
bir daha əmin olmuşam.
Bəzən insanlar
ayrı-ayrı siyasət,
dövlət adamları
haqqında düşünəndə
nədənsə gözlərinin
önündə daşlaşmış,
hissi, duyğusu olmayan bir insan
obrazı canlandırırlar.
Heydər Əliyev xalqa yaxınlığı,
sadəliyi ilə bu stereotipləri alt-üst etmişdi, İlham Əliyev də darmadağın etdi.
Mübariz İbrahimov
və Fərid Əhmədovla vida mərasimini xatırlayırsınız?
İlham Əliyevin şəhid ailələri,
Qarabağ qaziləri,
məcburi köçkünlərlə
görüşlərini necə?
Bu görüşlərin
hər birində Azərbaycan Prezidentinin iç dünyasından üzünə sıçrayan
sevgini, qayğını,
mərhəməti, özünə,
xalqına, qətiyyətlə,
müdrikliklə irəli
apardığı dövlətinin
gücünə olan inamı, azərbaycanlı
olmağın qürurunu,
xalqın içdən
gələn sevgisinin bəxş etdiyi xoşbəxtliyi görməmək
mümkün deyil.
Milli ruh, vətənpərvərlik ruhu,
yüksək mənəvi
dəyərlərin sadəcə
bir ailənin sərhədləri çərçivəsində
mövcud olan, formalaşan anlayışlar
kimi qəbul etmək çox yanlış olardı. Əgər cəmiyyətdə
vətənpərvərlik, cəsarət, vətənə,
dövlətə, xalqa
sevgi əsas qiymətləndirmə meyarı
deyilsə, o zaman milli ruhun, xarakterin
formalaşması üçün
gərəkli olan mühit, atmosfer də yaranmır. Azərbaycan bayrağının
yüksəldilməsinin, himninin
səsləndirilməsinin Azərbaycan
gəncliyi üçün
əsas hədəfə
çevrilməsinin təməlində
Prezident İlham Əliyevin hakimiyyətə
gəldiyi ilk gündən müəyyənləşdirdiyi
strategiya dayanır.
44 günlük Vətən
müharibəsi də
sübuta yetirdi ki, güclü lideri, birliyi, həmrəyliyi, mübarizə
əzmi olan xalqlar ən çətin sınaqlardan
belə uğurla, zəfərlə çıxmağı
bacarırlar.
Prezident İlham
Əliyev türk dünyasının böyük
söz və düşüncə adamlarından
olan İsmayıl Bəy Qaspıralının
"Dildə, fikirdə,
işdə birlik"
ideoloji düsturunun tarixin heç bir dönəmində sonunadək baş tutmayan, real nəticə verməyən
hissəsinin - işdə,
əməldə birliyin
həyata keçirilməsi
kimi ən ağır, ən məsuliyyətli missiyasına
siyasi həyatının
ən müqəddəs
məfkurələrindən biri kimi sahibləndi,
sözün, fikrin və işin vəhdətindən yeni və strateji baxış bucağına
malik olan əməkdaşlıq modelinin
formalaşmasına nail
oldu.
Prezident İlham
Əliyevin adı türk dünyasının
tarixinə Çanaqqala
zəfərindən sonra
ən böyük qələbəyə imza
atan, türk xalqlarının qürurunu
yüksəldən, özünəinam
hissini qaytaran Ali Baş Komandan
kimi yazıldı. Azərbaycan Ordusunun qəhrəman əsgər
və zabitlərinin torpaqlarımızın azad
edilməsi uğrunda nümayiş etdirdikləri
misilsiz qəhrəmanlıq
nümunələri türk
dünyasını silkələdi,
özünə qaytardı,
gələcəyə daha
böyük inamla baxmasına imkan verdi. Dövlət başçısının Ali
Baş Komandan kimi döyüş əməliyyatlarının həyata
keçirilməsində, Azərbaycan
Respublikasının Prezidenti
kimi diplomatik müstəvidə və informasiya müharibəsində
nümayiş etdirdiyi
yüksək liderlik keyfiyyətləri türk
tarixinin şərəfli
səhifələrinin yenidən
yazıldığına və
bundan sonra da yazılacağına əminlik yaratdı.
Bütün bunları
ona görə xatırladıram ki, İlham Əliyevin Azərbaycan Prezidenti seçildiyi ilk gündən mövcud zaman kəsiyinədək olan fəaliyyətinin nəinki bir ilini, heç bir anını belə ayrılıqda dəyərləndirmək mümkün
deyil. İlham Əliyevin fəaliyyəti
də şəxsiyyəti
kimi bütövdür.
Geridə qalan zaman kəsiyində diplomatiya, iqtisadiyyat, ordu quruculuğu, mədəniyyət, idman və digər istiqamətlərdə həyata
keçirilən siyasətin
ayrı-ayrı detallarını
incələdikcə sözügedən
sahələrdə atılan
addımın Zəfər
yürüşümüzün tərkib hissəsi olduğunu görə bilərik. Prezident İlham Əliyev təkcə Müzəffər
Ali Baş Komandan deyil, bütün dünya azərbaycanlılarının milli
birliyini təmin edən, onları vahid Vətən ideyası altında birləşdirən, böyük
hədəflərə doğru
aparan, mənəvi yükü yüz illərə sığmayan
tarixi bir missiyanın lideridir.
Bu gün dünyada, xüsusilə də yaşadığımız
bölgədə baş
verən hadisələr
Azərbaycan xalqının
azad və müstəqil yaşamaq istəyini, istiqlal ideallarını, dağlarına,
çaylarına, bütövlükdə
hər qarışına
ad verdiyi, uğrunda canını, ömrünü fəda etdiyi torpaqlarına sahiblənmək kimi müstəsna haqqını
qəbul edə bilməyən gizli-aşkar,
yaxud gizlindən aşkara çıxan düşmənlərimizin xəyanətkar
simalarını daha aydın göstərir.
Ədalət hissini
itirmiş, hiyləgər,
məkrli düşmənlərin
bitib tükənməyən
tələlərindən sıyrılaraq
Azərbaycanın ərazi
bütövlüyünü və suverenliyini təmin etmək sadəcə iti zəka, strateji düşüncə deyil,
vətəninə və
xalqına nəhayətsiz
sevgi, ideallarına sonsuz sədaqət, milli iradəyə söykənən qətiyyət
və xalqını bir yumruq kimi
birləşdirmək, səfərbər
etmək bacarığı
tələb edir.
Bu baxımdan Prezident İlham Əliyev böyük bir coğrafiyada zülmə məruz qalan, haqqı tapdanan, öz tarixi vətəninə, ana südü kimi halal torpağına,
tarixinə, mədəniyyətinə
və gələcəyinə
sahiblənmək istəyən
bütün xalqlar üçün liderlik nümunəsidir.
Elçin
MİRZƏBƏYLİ,
Milli Məclisin
deputatı, Ədalət,
Hüquq, Demokratiya Partiyasının sədr müavini
Azərbaycan.-2025.-
7 fevral (№ 27).- S.8.