2025-ci il yanvarın 29-da keçirilmiş
bələdiyyə seçkilərində
Mərkəzi Seçki
Komissiyasına daxil olmuş 4 fevral 2025-ci il tarixli 27 saylı
müraciətə baxılması
barədə Azərbaycan
Respublikası Mərkəzi
Seçki Komissiyasının
qərarı
Qərar № 8/46
2025-ci il yanvarın
29-da keçirilmiş bələdiyyə
seçkilərində 95 saylı
Zərdab-Kürdəmir-Ucar seçki dairəsindən
Mollakənd bələdiyyəsi
üzvlüyünə qeydə alınmış namizəd
Dadaşov Tofiq İsrayıl oğlu
2025-ci il fevralın
4-də Azərbaycan Respublikasının
Mərkəzi Seçki
Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) müraciət edərək,
səsvermə günü
adıçəkilən seçki
dairəsinin 57 və
59 saylı seçki məntəqələrində qanun
pozuntularına yol verildiyini iddia etmiş, bu pozuntuların araşdırılmasını
və bununla bağlı müvafiq tədbirlərin görülməsini
xahiş etmişdir.
Müraciət Azərbaycan
Respublikası Seçki
Məcəlləsinin (bundan
sonra - Seçki Məcəlləsi) 112-ci və 112-1-ci maddələrinin
tələblərinə uyğun
olaraq Mərkəzi Seçki Komissiyasının
nəzdində yaradılmış
ekspert qrupunun üzvü tərəfindən
nəzərdən keçirilmiş,
bu barədə müvafiq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Daxil olmuş müraciət nəzərdən
keçirilərkən müəyyən
olunmuşdur ki, şikayət seçki qanunvericiliyində nəzərdə
tutulmuş müddət
ötürülməklə verilmiş və bu səbəbdən də ekspert qrupunun üzvü müraciətin geri qaytarılması barədə
rəy vermişdir.
Seçki Məcəlləsinin
112.1-ci maddəsinə görə,
seçki subyektləri
vətəndaşların seçki
hüquqlarını pozan
qərar və hərəkətlərdən (hərəkətsizlikdən)
həmin qərarın
dərc edildiyi və ya alındığı,
hərəkətin (hərəkətsizliyin)
baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən
başlayaraq 3 gün müddətində şikayət
edə bilər.
Mərkəzi Seçki
Komissiyası Seçki
Məcəlləsinin 19.4-cü,
19.14-cü 28.2-ci, 112-ci və 112-1-ci maddələrinə əsasən
qərara alır:
1. 2025-ci il yanvarın
29-da keçirilmiş bələdiyyə
seçkilərində 95 saylı
Zərdab- Kürdəmir-Ucar
seçki dairəsindən
Mollakənd bələdiyyəsi
üzvlüyünə qeydə alınmış namizəd
Dadaşov Tofiq İsrayıl oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 4 fevral 2025-ci il tarixli 27 saylı
müraciəti qanunvericiliklə
müəyyən olunmuş
şikayətvermə müddəti
ötürülməklə verildiyindən şikayət
etmiş şəxsə
geri göndərilsin.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə
minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
06.02.2025
Azərbaycan.-2025.-
7 fevral (№ 27).- S.14.