İranla İsrail arasında baş vermiş qarşıdurma ilə əlaqədar Azərbaycan
öz mövqeyini ifadə edən ilk ölkələrdən
biri olub
Prezident İlham Əliyev İranın Azərbaycanda
yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev iyunun 27-də
İran İslam Respublikasının
ölkəmizdə yeni
təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri
Müctəba Dəmirçilunun
etimadnaməsini qəbul
edib.
AZƏRTAC xəbər verir ki, səfir
etimadnaməsini dövlətimizin
başçısına təqdim
etdi.
Prezident İlham
Əliyev səfirlə
söhbət etdi.
Dövlətimizin başçısı
İran İslam Respublikasının
Prezidenti ilə dünən telefon danışığını və Məsud Pezeşkianın Azərbaycana
səfəri zamanı
aparılmış müzakirələri
məmnunluqla xatırladı,
bu səfərin bütövlükdə iki
ölkə arasındakı
münasibətlərin inkişafında
yeni səhifə açdığını qeyd
etdi.
Prezident İlham
Əliyev vurğuladı
ki, Məsud Pezeşkianın ölkəmizə
səfəri zamanı
səsləndirdiyi bəyanatlar
və fikirlər Azərbaycan ictimaiyyəti
tərəfindən çox
müsbət qəbul
olunub.
Dövlətimizin başçısı
İranla İsrail arasında baş vermiş qarşıdurma ilə əlaqədar Azərbaycanın öz mövqeyini ifadə edən ilk ölkələrdən
biri olduğunu deyərək, bu gərginliyi qınadığını
vurğuladı və
qarşıdurma zamanı
həlak olan İran vətəndaşları ilə
bağlı bir daha başsağlığını
ifadə etdi. İranla İsrail arasında bu gərginliklə əlaqədar
bəzi dairələrin
və media təmsilçilərinin Azərbaycan-İran
əlaqələrinə xələl
gətirmək üçün
şayiələr və
yalanlara əsaslanan məlumatlar yaydığını
deyən Prezident İlham Əliyev bütün bunların tamamilə cəfəngiyyat
olduğunu bildirdi.
Müctəba Dəmirçilu
İran İslam Respublikasının
ali rəhbərliyinin
də Azərbaycanla münasibətlərin inkişafına
xüsusi diqqət göstərdiyini vurğuladı.
Səfir Azərbaycanla
İran arasındakı münasibətlərin
dostluğa, qonşuluğa
və qardaşlığa
əsaslandığını qeyd etdi. O, İranla
İsrail arasında baş vermiş qarşıdurma ilə əlaqədar Azərbaycanın
prinsipial və qəti mövqeyinin İranda yüksək qiymətləndirildiyini vurğuladı
və buna görə də təşəkkürlərini çatdırdı.
Səfir qeyd etdi ki, İran tərəfi də tam əmindir ki, Azərbaycan ərazisindən İrana qarşı heç vaxt istifadə oluna bilməz, Azərbaycan dövləti
buna heç zaman imkan verməz.
Diplomat, həmçinin
xarici və İran vətəndaşlarının ölkəmizə keçidi
üçün yaradılmış
şəraitə görə
minnətdarlığını bildirdi.
Görüşdə Azərbaycanla İran arasında ikitərəfli siyasi, iqtisadi, ticari, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparıldı. Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı, Araz çayı üzərində inşa olunan, Ağbənd və Kəlalə məntəqələrini birləşdirən avtomobil körpüsünün tikintisi, ümumilikdə Araz nəqliyyat dəhlizinin inkişafı məsələləri müzakirə olundu.
Azərbaycan.-2025.- 26 iyul (№ 131).- S.2.